ziya mTürkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti yaradılıb.

İstanbulda “Cine 5″ və ”Kanal 6″ telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda “vurulmuş” nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?

Qəzet yazır ki, bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Bilinən odur ki, Elnur Abdullayevlə Ziya Məmmədovu qohumluq əlaqələri bağlayır. Məlumatlara görə, Elnur Abdullayev sabiq nazirin baldızı oğludur. Onu vəzifə pillələrinə qaldıran da Ziya Məmmədov olub. Nəqliyyat Nazirliyinin tabeliyindəki müxtəlif qurumlarda çalışmış Elnur Abdullayev yaxın qohumunun himayəçiliyi ilə qısa zamanda irəli çəkilib. Nəqliyyat Nazirliyi Rabitə Naziliyinə birləşdiriləndən sonra Ziya Məmmədov postunu itirsə də, Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində qalırdı. DANX tabeliyində isə “Bakı Sərnişin Nəqliyyatı” MMC, “Avtomobil yük daşımalarının təşkili” MMC, “1 saylı Gəncə Regional Nəqliyyat” MMC, “2 saylı Quba Regional Nəqliyyat” MMC, “3 saylı Şirvan Regional Nəqliyyat” MMC, “4 saylı Lənkəran Regional Nəqliyyat” MMC, “5 saylı Yevlax Regional Nəqliyyat” MMC, “6 saylı Şəki Regional Nəqliyyat” MMC, “7 saylı Göyçay Regional Nəqliyyat” MMC, “8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC, “9 saylı Ucar Regional Nəqliyyat” MMC, “10 saylı Şəmkir Regional Nəqliyyat” MMC, “11 saylı Tovuz Regional Nəqliyyat” MMC, “12 saylı Beyləqan Regional Nəqliyyat” MMC, “13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC, “14 saylı Şamaxı Regional Nəqliyyat” MMC, “15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC, “Nəqliyyatservis” MMC, Tədris-Kurs Kombinatı və Respublika Texniki İdman Klubu vardı. Bundan başqa, paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin Elnur Abdullayevə məxsus olduğu haqda məlumatlar vardı. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayevin həyata keçirdiyi bildirilirdi.

Anar Məmmədovun xalası oğlu Elnur Abdullayevlə münasibətlərinin çox yaxşı olduğu bildirilirdi. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilirdi. Ziya Məmmədov onu 3 avqust 2015-ci il tarixli əmri ilə DANX rəisi vəzifəsinə təyin edənə qədər Elnur Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ziya Məmmədov işsiz qalandan sonra onun kadrları da nəqliyyat sistemindən “təmizləndi”lər. Həmin günlərdə Elnur Abdullayev də vəzifəsini itirdi. Bundan sonra onun hara getdiyi, nə işlə məşğul olduğu bilinmirdi. Bir qədər əvvəl isə onun səsi Türkiyədən gəlməyə başlayıb. Türkiyədə hazırda telekanal açmaq elə də asan məsələ hesab olunmur. Həm də böyük bir layihə üçün böyük paraların olması da vacib şərtdir. DANX rəisi işləmiş birinin öz maliyyə hesabına belə bir layihənin altına girməsi inandırıcı görünmür. İndiki halda Ziya Məmmədova Türkiyədə telekanallar açmaq imkanı tanınması da inandırıcı görünmür. O da mümkündür ki, sabiq nazirin kadrları indi başqa bir məmur-oliqarxın bayrağı altına keçiblər. Türkiyədə gerçəkləşdirilən böyük layihəni də həmin məmur maliyyələşdirir. “Məqsədi, məramı nədir” sualı isə açıqdır. Hər halda yeni media holdinqin ortaya çıxaracağı məhsullar “musiqini sifariş edənin” kimliyini ortaya qoyacaq. (http://interinfo.company)

araz.az xəbər portalı.