2214WhatsApp Image 2021 01 26 at 23.48.21

“Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə birbaşa təhlükədir”

“Rus dilinin dünyada və keçmiş MDB ölkələrində mövqeyini itirdiyi halda, Azərbaycanda isə, əksinə, daha da nüfuz qazanması və təbliği, doğma ana dilimizin nüfuzunun zəifləməsinə əsas olmaqla, həm də siyasi baxımdan dövlətçiliyimizə və müstəqilliyimizə təhlükə mənbəyidir. Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə birbaşa təhlükədir”. Bunu Qarabağ qazisi, hüquqşünas Vüqar Dadaşov deyib və xüsusi olaraq vurğulayıb ki, Rusiyanın Gürcüstana hücumunun, Abxaziya və Osetiyanı işğal etməsinin əsas səbəbi də, bu ölkənin rusdilli vətəndaşlarının müdafiəsi adı altında baş verib: “Eyni hadisələr Ukraynanın Luqansk və Donetsk vilayətlərində də, rusdilli əhalinin müdafiəsi adı altında təkrarlandı. Moldova Respublikasının Dnestryanı vilayəti də, 90-cı illərdə rusdilli əhalinin qorunması adı altında, Rusiya tərəfindən işğal edildi. Bu gün də, ora, de-fakto qondarma respublika şəklində Rusiyanın bir əyalətidir”. Vüqar Dadaşovun sözlərinə görə, doğma Ana Dilimizə hörmətsizliyimiz o həddə çatıb ki, biz mədəni görünüş yaratmaq, başqalarının xoşuna gəlmək naminə öz dilimizdən imtina edirik: “Dahi Sokrat da deyib ki, “Danış ki, səni görüm!”. Doğrudan da, dil xalqın varlığı, yaşaması və daha güclü görünməsi deməkdir. Humboldtun isə, “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə, onun dilidir!” kəlamı, daim yaddaşımızda olmalıdır. Heydər Əliyev də deyirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bəs, biz, nədən, dilimizə bu qədər hörmətsizlik edirik?! Bilmirik ki, bir xalqı məhv etmək üçün, öncə onun dilini əlindən almaq kifayətdir. Yeri gəlmişkən, nəzərimizdən qaçan bir halı da qeyd edim ki, Azərbaycanda, 2018-ci il üçün, rusdilli məktəblərdə yer çatışmamazlığı barədə KİV-də, elektron mediada və sosial şəbəkələrdə geniş yayılan məlumat hamımızı düşündürməli idi. Təəssüf ki, onda, bu hala münasibət bildirən ziyalılarımız, — demək olar ki, onlar, indi də yox səviyyəsindədir, — siyasətçilərimiz, demək olar ki, olmadı. Bir faktı da qeyd edim ki, 2013-cü ildən başlayaraq, Rusiya, keçmiş SSRİ ölkələrində yerləşən səfirlikləri vasitəsi ilə, 1991-ci ilə kimi keçmiş SSRİ-də anadan olmuş şəxslərə, sadələşdirilmiş formada, Rusiya vətəndaşlığı təklif edir. Azərbaycanın Qərb bölgəsinin sakinlərinin əksəriyyətinin Rusiya vətəndaşı olması danılmaz faktdır. Baxmayaraq ki, bu gün, Rusiya ilə Azərbaycanın münasibətlərinin normal olması və ya Azərbaycanın Rusiyaya loyal münasibəti, — bəlkə də görünən loyallıq, qeyd edilən amillər hesabınadır, — yuxarıda qeyd edilən təhlükəni arxa plana keçirib. Ancaq qeyd edilən hallar, Rusiya tərəfindən hər zaman istifadə oluna bilər. Bu ehtimal həddindən artıq çox yüksəkdir və müstəqilliyimizə, ərazi bütövlüyümüzə birbaşa təhlükədir. Əlavə olaraq, onu da qeyd edim ki, Ana Dilimizlə bağlı hazırladığımız təkliflər Milli Məclisə və inzibati orqanlara, hələ 2017-ci ilin aprel ayında ünvanlanıb. Təkliflərimizdən, ancaq və ancaq, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər kimi istifadə olundu. Yəni, qəbul edilən həmin yeniliklərə görə, rus sektorunu bitirən abituriyentlərin Azərbaycan dilindən imtahan vermələri bərpa edildi. Əgər, bu gün, təxirəsalınmaz tədbirlər görülməsə, Rusiya Azərbaycan Respublikası ərazisində, öz vətəndaşlarının və rusdilli əhalinin qorunması adı altında, Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Luqansk və Donetskə bənzər ciddi problemlər yarada bilər. Görünən odur ki, buna bizim özümüz şərait yaratmışıq və məsuliyyəti də, özümüzün üstündədir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.