cc7b8edd83a07f09e19b6c2db74674f5

Maksa taxmayan vətəndaşları şantaj edən “jurnalist” saxlanılıb. Müəyyən edilib ki, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı kimi təqdim edərək şantaj yolu ilə pul tələb edib.

F.Əliyev Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək, 1400 manat məbləğində pul tələb edib. Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə barədə “Sherg.az”a danışan “YeniÇağ” Media Qrupun rəhbəri  Aqil Ələsgərin qənaətincə, cəmiyyətimizdə nə qədər ki, naqislik, rüşvətxorluq və korrupsioner məmurlar olacaq, onlara adekvat olaraq belə “parazitlərin” də sayı azalmayacaq:

“Bu, bir aksiomdır. Məsələ burasındadır ki, belə şəxslərə “reket jurnalistlər” deyilir. “Reket” sözü ilə “jurnalist” sözünü bir araya gətirmək əslində media işçisi üçün ən böyük zərbədir, belə şəxslərə jurnalist adını vermək olmaz. Bütün sahələrdə yararlı və yaramaz insanlar var. Ancaq sözügedən hadisədə “reket jurnalist” ifadəsini işlətməyin özü qüsurludur və jurnalistikamıza zərbədir.

Bu baxımdan ad məsələsində yekdil fikrə gəlməliyik.

Belə şəxslərə “dilənçi”, “saxtakar”, “reket”, “dələduz” deyə bilərik, amma “jurnalist” demək düzgün deyil. Qarşımızda duran əsas məsələ jurnalist adını təmiz saxlamaqdır. Hazırda ölkəmizdə kifayət qədər təmiz, halal maaşını alan, hətta ala bilməyən o qədər jurnalistlər var ki, bu cür hadisələr zamanı onların da üzərinə kölgə düşür.

İnsanların işinə gələndə jurnalist ən yaxşı şəxsdir, haqq-ədaləti müdafiə edir, ancaq kimisə tənqid edəndə “reket” sözünü “jurnalistlə” yan-yana qoyub həmin şəxsi qaralayırlar”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.