israilli investor ourcrowd sirketi startapcilari azerbaycanda ofis acmaga tesviq edecek 583308

“Ötən ay mən “Azərbaycan İnvestisiya Şirkəti” ilə anlaşma memorandumunu imzalayan ilk israilli iş adamı oldum. İmzalanma Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəliyinin açılışı münasibətilə baş tutan tarixi tədbirə təsadüf etdi”.

araz.az AJMEDİA.İNFO-ya istinadən xəbər verir ki, bu fikirləri İsrailin “OurCrowd” şirkətinin qurucusu və baş direktoru Conatan Medved bildirib.

Onun sözlərinə görə, imzalanan müqavilə “OurCrowd” portfelində olan startaplara investisiya qoyulması sahəsində Azərbaycan hökuməti ilə strateji əməkdaşlığa şərait yaradacaq: “OurCrowd” həmçinin startapçıları Azərbaycanda ofis açmağa təşviq edəcək. Bizim memorandumumuz sahibkarlığın qloballaşması yolunda kiçik bir addımdır. Azərbaycan hökuməti innovativ investisiya inqilabına qoşulmaq üçün yaranan fürsətdən müdrikcəsinə istifadə edib. Gələcəyin sahibkarları və investorları təkcə Silikon Vadisindən, Manhettendən və ya Londondan çıxmayacaqlar. Onlar dünyanın hər yerindən çıxa bilər, çünki dünya “Zoom” onlayn platformasının ekran ölçüsü qədər kiçilib”.

“Kaliforniyanı texnologiya yuvasına çevirən insanlar təkcə yerli sakinlər deyil, həm də dünyanın müxtəlif yerindən gələn və oraya öz bacarıqlarını gətirən yenilikçi insanlardır. 1995-2005-ci illərdə Silikon Vadisində qurulan startapların yarıdan çoxunun qurucularından ən azı biri mühacirdir. Həmçinin qabaqcıl brendlərin bir çoxuna mühacir idarəçilər rəhbərlik edir. Məsələn, COVID-19 əleyhinə “Moderna” peyvəndinin hazırlanmasında iştirak edən bütün əsas fərdlər ABŞ-a sonradan gəlmiş şəxslərdir. “Pfizer-BioNTech” peyvəndi Almaniyadakı türk mühacirlər tərəfindən hazırlanıb”, – C.Medved deyib.

İsrailli iş adamı vurğulayıb ki, koronavirus innovasiyalar xəritəsini yenidən çəkdi: “Yerləşmə, həqiqətən, artıq önəm daşımır. Heç bir xəritə yoxdur – sadəcə sonsuz müxtəliflikdə bilik, mədəniyyət və təhsilə sahib dərhal əlçatılan sonsuz sayda insanlar var. Sahibkarlıq fəaliyyətinin qloballaşması ilə gələcək böyük şirkətlər dünyanın istənilən nöqtəsində peyda ola bilər. Mənim şirkətim özəl yatırım aktivlərinə çıxışın demokratikləşməsinə çalışır. Biz yalnız inkişaf edən ölkələrin zəngin vətəndaşlarına çek yazmağa kömək etmirik, həm də kapitala çıxışı həqiqətən qlobal şəklə gətiririk. Sahibkarlar hər yerdən gələcəklər, elə investorlar da hər yerdən gəlməlidir. Hər şeyin bir-biri ilə qarşılıqlı əlaqəli olduğu dünyada siz heç vaxt görüşməyəcəyiniz Braziliya və Yaponiya vençur fondları ilə vençur müqaviləsi bağlaya bilərsiniz, çünki bütün bunlar “Zoom” onlayn platforması vasitəsilə edilir. Bəs nə üçün Azərbaycandan investorlar və sahibkarlar olmasın?”

“Biz İsrailin vacib strateji müttəfiqi və iri neft tədarükçüsü olduğu üçün Azərbaycanla maraqlandıq. Azərbaycanın öz kiçik yəhudi icmasına müsbət və isti münasibəti var. Həmçinin, İsraillə əlaqələri Qızıl əsrdə birlikdə inkişaf edən müsəlmanların və yəhudilərin yeni gələcək qurmaq üçün necə əməkdaşlıq edə biləcəyini nümayiş etdirir. Biz bu əməkdaşlığı Azərbaycandakı yeni dostlarımızla həyata keçirməyə çox şadıq. Ümid edirik ki, Mərkəzi Asiyada yüksək texnologiyalı ekosistemi inkişaf etdirməyə yardım etməklə, həmçinin dünyanın yerdə qalan hissəsinə də kömək edəcəyik”, – o qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.