Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülən Azərbaycan hərbçisi Cəmil Babayev ilə görüşüb.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumata əsasən, görüş zamanı Rüstəm Muradov Cəmil Babayevin hazırkı vəziyyəti ilə maraqlanıb. Bildirilir ki, Cəmil Babayevin xahişi ilə ona yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.
Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.
Xatırladaq ki, Ermənistan mətbuatının yazdığına görə, Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərinin Teryan küçəsində yerləşən mənzildə yaxalanıb və qondarma «Daqlıq Qarabağ» respublikasının «milli təhlükəsizlik xİdməti»nə təhvil verilib. O, casusluq etmə, Qondarma «Dağlıq Qarabağ Respublikası» sərhədini qanunsuz keçmə və azyaşlı uşaqları ölümlə hədələmədə günahlandırılır. Ona qarşı cinayət işi qaldırılıb. Anlamadıq. Bu «respublika» yenidən xortlamağa başladı. Gah Rusiya tender elanında «dqr» yazır, gah da əsgərimizə sərhəd pozma cinayət işi qaldırılır və Rus — TAM da gedib şəkil çəkdirir. Məsələyə Müdafiə nazirliyinin isə münasibəti belə olub: «Azərbaycan Müdafiə nazirliyi isə bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib. Cəmil Babayevin hazırda harada saxlanması və durumu barədə hələlik məlumat verilmir». Sadəcə yazmağa və deməyə söz tapmırıq. Əsgərə və döyüşçüyə bunca etinasız münasibət bəsləyən nazirlikdən açıqlama gözləyirik…
araz.az xəbər portalı.
araz.az xəbər portalı.