İyun ayında isti hava kütlələrinin ərazimizə həmləsi daha çox qeydə alınıb ki, nəticədə Bakıda havanın orta aylıq temperaturu normadan 3° yüksək olub. Ən isti gün iyunun 26-da müşahidə edilib. Havanın temperaturu 41-43°-dək yüksəlib və bununla da 2020-ci ilin rekord göstəricisi təzələnib.
araz.az Turkustan.az-a istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Umayra Tağıyevanın sözlərinə görə, iyunda yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb və əksər rayonlarda normadan az qeydə alınıb. Düşən yağıntılar isə əksər hallarda dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli olub. Bakıda və Abşeron yarımadasında isə iyun ayı ərzində yağış yağmayıb. İyunda respublika ərazisində ayrı-ayrı günlərdə 8 dəfə dolu hadisəsi qeydə alınıb.
“İyul ayında respublika ərazisində sinoptik proseslər əsasən alçaq təzyiq sahəsinin təsiri altında formalaşıb. Ayın ilk günlərində sabit bircins hava şəraiti hakim olduğu halda, ongünlüyün sonunda siklonun keçməsi nəticəsində şimşəklə müşayiət olunan leysan xarakterli intensiv yağışlar, dolu və arabir güclənən şimal, şimal-qərb istiqamətli küləklər müşahidə edilib. İyun ayından fərqli olaraq mütləq maksimal temperatur Bakıda 39° olub. Ayın əsas səciyyəsi, onun küləkli keçməsidir. Belə ki, 21 gün ərzində şimal, şimal-qərb küləkləri hakim olub, maksimal sürət isə saniyədə 25 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 33 faizini təşkil edib. Qazax-Gəncədə, Zaqatalada, Tərtərdə və Lənkəran-Astara zonasında normadan 2-3 dəfə çox qeydə alınıb”, – deyə U.Tağıyeva bildirib.
Xidmətin rəisi qeyd edib ki, avqust ayında orta sutkalıq temperatur davamlı olaraq iqlim normasından 5°-dək yüksək olub. Belə ki 2010-cu ildən sonra Bakıda ən uzunmüddətli isti hava dalğası qeydə alınıb və son 10 ildə ən isti avqust kimi fərqlənib. Ölkə ərazisi az hərəkətli alçaq təzyiq sahəsinin təsiri altında olduğundan, zəif şərq, cənub-şərq küləklərinin üstünlüyü və durğun-bürkülü hava şəraiti müşahidə edilib. Sentyabr ayının gəlişi nəticəsində artıq qızmar yay istiləri ilə vidalaşırıq. Xəzri həmişəki kimi bizi istilərdən xilas edir. Artıq havanın temperaturu da 8° enib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.