Hər dəfə həkim savadsızlığından söhbət düşəndə, Üzeyir Hacıbəyovun məşhur “Müalicə” birpərdəli komediyası yadıma düşür. Orada varlı atasının pulu ilə xaricə guya oxumağa gedən, əslində isə günlərini avaraçılıqla keçirib, sonra da əli ətəyindən uzun atasının üstünə qayıdan Mirzə Mücahidin timsalında bivec və kəmsavad həkimlər tənqid olunur. M.Mücahid xəstəni müayinə etmək, dərdinə əlac tapmaq əvəzinə, ona “ürəyin təzə xiyar istəyirmi?” – deyə gic-gic suallar verir.
Həsən ağanın qohumu, yaxud Şeyx Nəsrullaha yaltaqlanan ziyalılar da Mirzə Mücahid qəbildən olan insanlardır. Onlar heç də dramaturji təxəyyülün məhsulu yox, real həyatda indinin özündə belə tez-tez rast gəldiyimiz insanların prototipləridir. Müxtəlif əyri yollarla saxta diplom əldə edib sonra da müəllim, həkim, mühəndis, vəkil və s. kimi peşələrə yiyələnənlər indi də az deyil. Bir ara təhsil sahəsində aparılan monitorinqlər nəticəsində belələri ifşa olundu. Amma ölkənin ayrı-ayrı səhiyyə ocaqlarında naftalin iyi verən həkimlər hələ də qalır.
Məsələn, ötən ilin avqust ayında Lənkəran TTY stansiyasının həkimi Hikmət Əbilovun ağır vəziyyətdə olan xəstəni ixtisaslaşdırılmış tibbi yardım göstərilməsindən ötrü xəstəxanaya aparmamasına nə ad vermək olar? O, xəstədə ciddi problemin olmadığına yaxın qohumlarını inandıraraq, “özünə gəlməsi üçün” ona 20 qramlıq qlükoza vurur və heç nə olmayıbmış kimi 10 manatını alıb çıxıb gedir. Məhz H.Əbilovun bu qeyri-peşəkar tibbi müdaxiləsindən sonra xəstənin vəziyyəti daha da ağırlaşır, bədəni titrəməyə başlayır, ürək döyüntülərinin sayı artır və nəticədə o, komaya düşür. Ertəsi gün xəstənin qohumları öz təşəbbüsləri ilə xəstənin qanını analiz etdirir və məlum olur ki, G.Hüseynovada xroniki böyrək çatışmazlığı və şəkərli diabet var imiş! Təkrar 103 xidmətinə zəng vurulur, xəstə təcili rayon mərkəzi xəstəxanasına aparılır, lakin artıq gec olur.
Mərhumun yas mərasimindən sonra xəstənin qardaşları Lənkəran şəhər TTY stansiyasına gedərək Hikmət Əbilovun ayın 9-na olan tibbi vərəqədə nə yazdığı ilə maraqlanır, məlum olur ki, həkim diaqnoz qoyarkən öz peşə təcrübəsinə, biliyinə, məntiqinə və vicdanına deyil, yanlış anamnez məlumatlarına istinad etmiş, tibbi kartoçkada “psixi xəstə” sözlərini yazmışdır.
G.Hüseynova sağlam düşüncəli bir insan idi. Onun davranışlarında yaşına yaraşmayan bir utancaqlıq, həya-abır var idi. O, evdə hamıdan yaxşı xəmir yoğurar, xörək bişirər və s. işlər görərdi. Halsız vəziyyətdə yataqda uzanan, şəkərli diabetdən əziyyət çəkən insana psixi xəstə diaqnozu qoyub aradan çıxmaq rəzillik deyilmi? Həkimin bu hərəkətini yalnız müharibə meydanında döyüş yoldaşını qoyub qaçan fərarinin hərəkəti ilə müqayisə etmək olardı.
Aydın məsələdir ki, ailə qurmamış qadınların orqanizmində baş verən hormonal dəyişikliklər onların psixikasına müəyyən dərəcədə mənfi təsir göstərir. G.Hüseynova məhz belə qadınlardan idi. O, psixoloji komplekslərdən əziyyət çəkər və bu səbəbdən tez-tez özünə qapanar, bədbinliyə qapılardı. Belə insana psixi xəstə demək hansı əxlaqa sığar? Vaxtilə onunla orta məktəbdə bir sinifdə oxuyan, indi hərəsinin öz ailəsi, nəvələri olan qızların bir çoxunu öz gözəlliyi ilə geridə qoymuş bu qızın nədənsə bəxti açılmamış, taleyi bəd gətirmişdi. Bu, əslində
mövcud rejimin yanlış sosial-demoqrafik siyasətinin acı nəticələrindən biri idi. 90-cı illərin ortalarından etibarən ölkənin kişi əhalisi kütləvi surətdə ölkəni tərk edib bir parça çörək üçün Rusiya bazalarına üz tutmuş, nəticədə Azərbaycanda demoqrafik tarazlıq pozulmuşdu. G.Hüseynova da məhz bu siyasətin qurbanı oldu. O, hər dəfə ailə qura bilmədiyini düşünəndə daxilən sarsılır, əzab çəkirdi. Hərdən eyni açılar, bədbinliyi ötüb keçər, həyat eşqi ona güc gələr və o, əvvəlki tək hamı ilə deyib-gülər, ətrafındakılarla normal ünsiyyət saxlayardı. Ancaq uzun illərin depressiyası, stressi onun səhhətinə, daxili orqanlarının funksionallığına öz mənfi təsirini göstərməyə başlamışdı. Heç şübhəsiz şəkərli diabet də elə bu səbəbdən tapılmışdı. Təəssüf ki, ailə üzvlərinin – ilk növbədə mənim – tibbi savadımız olmadığına görə bunu bilmədik, hər dəfə səhhətində baş verən dəyişiklikləri depressiya zənn edib ona barmaqarası yanaşdıq, evə gah nevropatoloq, gah da həkim-psixiatr çağırdıq. Bu kəmsavad həkimlərin də heç biri onun dərdinə əlac tapa bilmədi, hər gələn həkim xəstəyə gic-gic suallar verir, hansısa həblər yazıb çıxıb gedirdi. Gedənə də təbii ki, cibinə pul basırdıq. G. Hüseynova bu həbləri qəbul etməz və “bu adamları niyə üstümə gətirirsiz, məgər mən ruhi xəstəyəm?”- deyə bizi qınayırdı.
Beləcə, yazıq bacımız həkim savadsızlığının və qardaş məsuliyyətsizliyinin qurbanı oldu…
Nə qədər ki səhiyyə sistemində belə məsuliyyətsiz, səhlənkar və savadsız həkimlər var, heç kim gələcəkdə belə faciələrlə üzləşməkdən sığortalanmayıb. Ona görə də, hesab edirik ki, həkim adına ləkə gətirən belə üzdəniraq “baytarlar” layiq olduqları cəzanı almalıdır.
Alim HÜSEYNOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Lənkəran
araz.az xəbər portalı.