“Rusiya sülhməramlılarının yeni komandanının Rüstəm Muradovdan fərqli olacağını düşünmürəm”.
araz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri postuna edilən yeni təyinata diqqət çəkib:
“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub. Rüstəm Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb, 1967-ci ildə Daşkənddə anadan olub. Bu, Rusiyanın ənənəvi siyasətidir, yerlərdə elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın. Ancaq önəmli olan “sülhməramlılar”a komandanlıq edənin harda doğulduğu və isminin Rüstəm olması deyil. Rüstəmlər, alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, Müdafiə Nazirliklərinin tapşırıqlarını yerinə yetirirlər.
Əgər Moskvadan “erməni separatçılarının lideriylə təmasda olun”, “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastuktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycanın iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.