esir 768x403

“İstər psixi pozuntulu şəxs, istər sağlam insan olsun, onun ermənilərin əlində qalması və dövlətin bununla bağlı hər hansı bir addım atmaması sadəcə olaraq ayıbdır”.

araz.az bildirir ki , bunu ermənilərin əlində girov olan hərbi qulluqçumuz Cəmil Babayevin hələ də geri qaytarılmamasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, hərbi prokurorluğun açdığı cinayət işi anlamsızdır:

“Hərbi qulluqçumuz postda olmayıb, silahsız olub, təxribat törətməyib. Onunla bağlı hansı maddə ilə cinayət işi açılıb, bu da məlum deyil. Ermənilər bildirir ki, guya hərbi qulluqçumuz evə girib, uşaqlara hədə-qorxu gələrək onları siqaret almaq üçün mağazaya yollayıb. Bu özü də absurddur. Əgər hərbçi kimi göndərirdisə, dərk etməli idi ki, qorxutduğu uşaq gedib harasa xəbər verə bilər. Burada iki məqam var: Ya erməni kəşfiyyatçıları azan xəstə adamı götürüb aparıblar, ya da bu adam əvvəlcədən ora gedib gəlirmiş, yenə də ora qonaq gedərkən bilib aparıblar.

Buradan çıxan nəticə bundan ibarətdir ki, o şəxsə cavabdehlik daşıyan qurumlar öz işlərinin öhdəsindən gələ bilməyiblər. Onun vaxtında axtarılıb tapılması üçün tədbir görə bilməyiblər. Əgər hətta bu adamın ağlı başında olubsa da, bu gün orada Azərbaycan qanunları işləmir. Ermənistan qanunları da orada işləmir. Guya tanınmamış qondarma Dağlıq Qarabağın qanunları işləyir. Nə Azərbaycan, nə Ermənistan, nə də Rusiya bunu qəbul edir. Məsələ öz həllini tapana qədər Rusiya sülhməramlıları hərbi komendatura şəklində problemləri öz qaydasına qoyacaqlar. Belə məsələlərdə Rusiya sülhməramlıları adekvat tədbirlər görməli idi. Necə ki, Azərbaycan tərəfi əli silahlı 150-dən çox ermənini təhvil vermişdi, daha sonra onlardan atəş açanları cinayət məsuliyyətinə cəlb edildi. Hətta onlardan da bəziləri geri təhvil verildi. Bundan başqa, ermənilər özəl əşyalarını aparmaq üçün müraciət edəndə bizimkilər ona şərait yaratdılar. Hətta Azərbaycan Ermənistan sərhəddindən heyvan, çoban azıb biz tərəfə keçəndə onu geri qaytarırlar. Belə bir halda, o şəxsin orada qalmasının məsuliyyəti öncə Rusiya sülhməramlılarının, sonra ermənilərin və Azərbaycan tərəfinin müvafiq orqanlarının üzərinə düşür.

O hərbi qulluqçumuz oradan istənilən halda azad edilməli idi. Hətta bunun üçün əməliyyat belə keçirmək lazım idi. Dəlisi də, avarası da bizim vətəndaşdır. Dövlət vətəndaşına sahib çıxmalıdır. Niyə görə Azərbaycanın nüfuzu qalxdı? Çünki Azərbaycan işğal edilmiş torpaqlarını azad etdi. Bu gün, nədənsə, həmin adam haqqında heç bir tədbir görülmür. Elə bil ki, heç nə baş verməyib. Heç bir hərəkətlilik yoxdur. Hanı insan hüquqları ilə məşğul olan təşkilatlar? Başını daşdan-daşa döyür tanınmamış qurumun tanınmamış polisi. O vətəndaşımız dərhal azad edilib Azərbaycana qaytarılmalıdır. Əgər azad olunmursa, onların da çaşıb, azıb Azərbaycan tərəfinə keçən çox adamları olur. Bugünkü susqunluğu Azərbaycan dövləti adına yaraşdırmıram”.

Səxavət MƏMMƏD

araz.az xəbər portalı.