Prezidentin sabiq köməkçisi Əli Həsənov və onun həyat yoldaşı Sona Vəliyeva tərəfindən müflis edildiyini iddia edən sahibkar Nihad Ələkbərov prokurorluqda hədələndiyini deyir.
“Tatlı Dünyası” adlı şirniyyat evinin sahibi Nihad Ələkbərov Əli Həsənov və onun həyat yoldaşı, “Kaspi” Tədris Mərkəzinin rəhbəri Sona Vəliyevnın ona hədə-qorxu gələrək 200 min manat pul tələb etdiklərini bildirib:
“2018-ci ildə 300 min manatdan çox pul xərcləyərək Bakıda şirniyyat evini açdım. Bu biznesi qurarkən “Kaspi” Tədris Mərkəzinin mühasibi Tural Məmmədov mənimlə şərik idi, amma bu, rəsmi olaraq heç bir sənəddə əksini tapmayıb. Obyektin bütün sənədləri mənim adıma olub”.
N.Ələkbərov bildirib ki, bir müddət sonra T.Məmmədovla “Kaspi” rəhbərliyi arasında problemlər yaranıb: “Tural yeyintiyə görə həbs edildi və ifadəsində mənimsədiyi pullarla “Tatlı Dünyası”nı açdığını demişdi. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Elnur Rüstəmov mənə təzyiq edərək Tural Məmmədov tərəfindən “Kaspi”yə vurulan ziyanı ödəməyə məcbur etdi.
Müstəntiq Elnur Rüstəmov dedi ki, Əli Həsənov məsələni Zakir Qaralova deyib və bu məsələ Zakir Qaralovun tapşırığı ilə həll olunur.
Tural “Kaspi” Tədris Mərkəzindən 200 min manat mənimsəmişdi. Qarşıma şərt qoyuldu ki, ya “Kaspi”yə 200 min manat pul ödəməliyəm, ya da həbs olunmalıyam. Məcbur olub başqa şəxslərdən borc alın “Kaspi” rəhbərliyinə 30 min manat pul və 70 min manat dəyərindəki “Land Rover Discovery” markalı avtomobilimi verdim. Amma məndən daha 100 min manat ödəməyim tələb olundu”.
Şikayətçi deyib ki, vəziyyət o yerə çatıb ki, onu övladları ilə hədələyiblər:
“Təzyiqlərdən sonra pulları “Kaspi”nin Bakıxanov filialının direktoru Gülsüm Məmmədliyə verdim. Son olaraq Əli Həsənovun təzyiqləri nəticəsində məhkəmə tərəfindən mənə məxsus 100 min manatlıq avadanlıqlara həbs qoyuldu. Hətta mənim əlavə olaraq daha bir obyektim var idi. Həmin obyekti də əlimdən alacaqlarına dair hədə-qorxu gəldilər deyə 130 min manatlıq obyekti 60 min manata satdım.
Bütün bu hadisələrdən sonra qurduğum biznes batdı. Ümumilikdə 661 min manat zərər çəkdim.
Əli Həsənov və arvadının mənə vurduqları zərəri ödəməsini və cinayət məsuliyyətinə cəlb edilmələrini tələb edirəm”. \\ Kriminalqafqaz
araz.az xəbər portalı.