semseddin eliyev

 
Şəmsəddin ƏLİYEV,
hüquqşünas, ehtiyatda olan polkovnik, 
polise.az portalının rəhbəri
 
8 May 1992-ci ildə Şuşa işğal olunmuşdu… 4 gündən sonra-13 Mayda 50 nəfərdən ibarət polis əməkdaşları ilə birlikdə Zabrat vertolyot meydançasından Laçına, sonra dağ yolu ilə indiki Salatınkəndi keçib, heyrətamiz təbiətə malik dağ yolu ilə Turşsuya qalxdıq. Düşmən artıq(aldığımız məlumata görə) Zarıslıda postunu qurmuşdu. Lövbər atdığımız mövqedə MN-nin də az sayda şəxsi heyəti varıydı. Komandirləri bir polkovnik idi.
Etiraf edim ki, gücümüz və hərbi arsenalımız yetərincə deyildi… Nələrin şahidi olduq və nələri eşitdik…
Şuşanı-millətin Ərk Qalasını qoruya bilmədik.
“Şuşaya salamat qal” deməyə dilimiz çönmədi. Qara, topa buludlar həmin gecə Şuşanın səmasını zəbt etmişdi. Açığı, bu günün Qəhrəman şəhəri- Şuşa ilə nə vaxtsa bir də görüşəcəyimizə ümidimiz də qalmamışdı.
Ümid son anda da ölməzmiş- deyiblər.
Ana torpaq murdar, vəhşi xislətli yad ayaqların altında çox zarımışdı. Şuşa girovluqda, Prometey kimi “daş qəfəsdə” çox qaldı, azadlığı məhdudlaşdırıldı… Şükr Allahın əzəmətinə və böyüklüyünə!
Ali Baş Komandanın düşünülmüş hərbi strategiyası və qətiyyəti nəticəsində Şuşada doğma övladların ayaq səsləri eşidildi. Övlada olan sevgi ayaq səsindən bəlli olur. Şuşa övladlarını ayaq səsindən tanıdı. Nə xoş gün…
Zamanında dövlət rəmzimiz olan bayrağımız soydaşlarımızın məskunlaşdığı çadır şəhərciklərində sancılmışdı. Dəlik-dəlik olan çadırlar elə üzülən ürəyimiz və dəlik-dəlik olan bağrımız kimiydi. Xəcalət təri hər bir vətənpərvəri usandırardı. Bir zaman ayıldıq ki, həmin o çadır şəhərciklərində nəfəsi barıt qoxulu neçə-neçə igidlər ərsəyə gəlir. Zamanın boz üzünə “ağ”olan bu gənclər, bir neçə illər sonra sərt davranışları ilə tarix yazdılar. Təqvimin 44 günü ilə böyük tariximiz qızıl hərflərlə səlnaməyə həkk edildi…
Yalan vədlərə çox inandıq,”şirin dillərə” çox aldandıq… Uzun illər harayımız eşidilmədi, əzabımız uzandıqca, ağrılarımıza məlhəm tapılmadı.
Girovluqda və əsirlikdə olanlara olmazın işkəncələr verildi,ləyaqətləri hər gün alçaldıldı…
Amma haqqın və ədalətin əsl yozumu təcəlla etmədi…
30 ildən sonra 400 nəfərə yaxın xüsusi təyinatlıların unikal peşəkarlığına dünya hərbçilərinin də mat qaldığı “səssiz döyüş taktikası” nəticəsində Şuşa azad olundu və Qəhrəman şəhərə çevrildi…
Torpağa basdırıb ehtiyatda saxlanılan qəzəbin vulkan tək püskürməsi ilə zəfərin əldə edilməsi 44 gün çəkdi. 30 il ərzində Şuşanın buz bulaqlarının suyuna həsrət qaldıq. Payız da, qış da bu torpağa başqa qiyafədə gələr, bahar Şuşa çöllərində xəcalətlə dolanıb fəslini başa vurarmış.
Yamaclarda açılan çiçəklərin gözəlliyi qalmaz,açılıb solmağı da çox çəkməzmiş.ləçəkləri solğun və məhzun…
30 il Şuşanı tənha qoyduq. Qəribsədik,qəribsədi. Əhvalını sora bilmədik.
Döyüşə, Şuşa uğrunda şəhadətə qovuşmağa zaman lazımmış. Gəldi o gün,yaman gəldi!Qeyrətlərinə qurban o oğulların!
Ayaqlarının dəydiyi o keçilməz, buzlu yamaclarda baş qoymağa dəyər.
Onların cəsarətləri nəticəsində uzun və çətin,labirintli dağ yolları qısalıb bir qarış oldu.İndi o döyüş yolu nağıla,qədim Roma sərkərdələrinin əfsanəvi yürüşlərinə bənzədilir. Həmin gecə, qışın sərt soyuğu ürəklərində vətən sevgisi olan övladlarımıza rəhm etdi, “Şuşa ocağı”qalandı.Bu ocağın şöləsi ünvanı dəqiq müşahidə etməkdə döyüşçülərimizə dəstək oldu…
Könül rahatlığımız başladı.Zəfər günümüzü küləklərlə dünyaya ötürdük…
İndi dünyanın təcrübəli ,ali rütbəli hərbçiləri bu döyüşün əzəmətindən və taktikasından şövqlə danışır, bölüşür, bu təcrübədən faydalanmaq istəyirlər. Müasir döyüşün taktiki və strateqik qaydalarını Azərbaycan ordusu hamıya görk olsun-deyə belə müəyyən etdi: “Əsil döyüş belə olar. Buyurun,baxın və öyrənin”!
Üşüyən ürəklər Şuşada qızındı. Yaxşını, yamanı seçə, dostumuzu düşmənimizdən ayıra bildik. Gec olsa da eybi yox…
Bizim üçün Şuşa indiki qədər müqəddəsləşməmişdi. Cıdır düzü bu qədər əzəmətli, lakin işvəli, nazlı görünməmişdi . Təbiətin də bu qədər naz-qəmzəsinin şahidi olmamışdıq.
Uzun ayrılıq həsrətindən sonra valideyn-övlad görüşünün canlı təzahürünün şahidi olduq.
Şuşa!Azərbaycanın mənəvi və mədəni abidəsi, qəhrəman şəhəri! “Sən azadsan”!
Daha zamanın bizimlə üzbəsurət durmağa üzü yox…
 
…Olsa cəmiyyətdə özgə ehtişam
O lap Firona da olacaq qənim.
Mən zülmün kötəyi çoxdan olmuşam.
Mən arı pətəyi ola bilmədim…(xalq şairi Musa Yaqub)
 

 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.