Nəsir AĞAYEV: “Azərbaycan üçün, tarixin belə bir həssas məqamında, dövlətçiliyimiz naminə görülən işlərin önündə olmaq hər bir Azərbaycan vətəndaşının borcudur – baş verən ictimai-siyasi hadisələrin aktiv iştirakçısına çevrilmək gələcəyimizin təminatıdır. Stabilliyimizi, birliyimizi pozmağa çalışan, ölkədə aparılan hərtərəfli siyasətə qarşı istər açıq, istər gizli şəkildə təxribat törətmək istəyən qüvvələr, Meydan Hərakatı zamanı və ondan sonrakı dövrlərdə olduğu kimi, qarşılarında yenə bizi görəcəklər”
Sovet imperiyasının qanun və xalq adından törətdiyi qatı cinayətlər, ağlasığmaz cəzalar dövründə fədakarcasına bu əzazil rejimə qarşı çıxan, şüurlu həyatının böyük hissəsini, təmənnasız olaraq, bütöv Azərbaycan savaşına həsr edən, Vətən, xalq azadlığı uğrunda mübarizəyə könül verməkdən daim rahatlıq tapan, ailəsinin və özünün rahatlığından daha çox, milli dövlətini, onun müstəqilliyini düşünən, həyatını və sağlamlığını bu nəcib ideyaların reallaşması uğrunda qurban verməkdən belə çəkinməyən, o amansız mühitin əzab, işgəncə və məhrumiyyətləri məngənəsində düçar olduğu sağalmaz xəstəliklər ucbatından, ömrünün qalan hissəsini əlil arabasında keçirməyə məhkum olan Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzolunmaz liderl, yorulmaz ziyalımız Nəsir bəy Zərbəli oğlu Ağayev yenə meydandadır. Yenə də, bəşəriyyətin üzləşdiyi siyasi gərginlik mühitində qəlbinə hopan milli ruhunun narahat təzahürlərini üzə vurur. Son vaxtlar onun «Bakı-Dirçəliş» İctimai Birliyi Ağsaqqallar Şurasının sədri olaraq, verdiyi bəyanatlar da, elə, onun bu narahatlığına köklənib. Bu bəyanatlar, sanki onun insanlara ilham və ruh verən o vaxtkı çağırışlarındandır… …Çay süfrəsi arxasında onunla söhbətimizin üçüncü saatı, böyüklü-kiçikli hamımızı belə narahat edən tam siyasi məsələlər üstündə davam etdi. İlkin olaraq, elə, onun prezident seçkilərinə siyasi ustad münasibəti bizim üçün olduqca maraqlı oldu…
“DÖVLƏTÇİLİK NAMİNƏ ERTƏLƏNƏN BU SEÇKİNİ MÜXALİFƏT BAYKOT ETMƏMƏLİ, DAHA AKTİV OLMALİ, ƏN LAYİQLİ NAMİZƏDİNİ ORTAYA ÇIXARMALIYDI. ÇOX TƏƏSSÜF, BU OLMADI! ÖZÜM, YAXINLARIMLA BƏRABƏR, ALTERNATİVSİZ İLHAM ƏLİYEVƏ SƏS VERDİK”
“…Seçki ərəfəsində, «Bakı-Dirçəliş» İctimai Birliyi adından, eləcə də təşkilatın Ağsaqqallar Şurasının sədri olaraq, mənim adımdan verdiyimiz bəyanatlar da, buna köklənmişdi ki, seçkilərdə aktiv olaq. Mənim bəyanatlarım, elə, mənim insanlara ilham və ruh verən o vaxtkı çağırışlarıma bənzəyirdi!” – deyə, Nəsir bəy, söhbətimizi seçkilər mövzusunda davam etdirdi. Öncə onu qeyd etdi ki, Azərbaycan dövlətində dinamik inkişaf, coğrafi mövqe, insan resursları, yeraltı və yerüstü sərvətlər… məsələləri, bizi gözü götürməyənlərə rahatlıq vermir. Həmin bəyanatlarda, bu, dəfələrlə vurğulanaraq, qeyd edilib ki, elə, bu səbəbdən böyük güclərin Azərbaycana təsiri durmadan intensivləşir: “Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, beynəlxalq arenada siyasi nüfuzu artdıqca ölkəmizə olan basqılar daha da çoxalır. Bütün bunlar, düşmənlərimizin süni şəkildə yaratdıqları iyrənc siyasətin tərkib hissəsidir.
Belə bir vəziyyətdə, nəinki ölkəmizin və dövlətçiliyimizin inkişafı naminə mübarizəyə qoşulmaq, həm də bu mübarizənin ön sıralarında olmaq hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır. Milli-mənəvi dəyərlərimizə qayıdış, ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin aktiv iştirakçısına çevrilmək gələcəyimizin təminatıdır. Belə bir dövrdə, ən yaxın tariximizdə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə mühüm rol oynamış, böyük mübarizə əzmi və ləyaqət nümunəsi göstərmiş Bakı və Kəndlər Birliyinin yaradıcısı və ilk sədri kimi, mən, yenə də, Azərbaycanın dövlətçiliyi və onun inkişafı uğrunda mübarizəmi davam etdirir və bildirirəm ki, bu yoldan heç vaxt dönməyəcəyəm. Məhz buna görə də, “Bakı – Dirçəliş”lə bərabər, seçkilərdə yaxından iştirak etdik. Ölkəmizin inkişafı və müstəqilliyimizin daha da möhkəmlənməsi uğrunda 2003-cü ildən mübarizə aparan və fəaliyyətini günü-gündən genişləndirən bu təşkilatımız seçkilərin normal keçməsi üçün əlindən gələni etdi. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə, Bakının kənd və qəsəbələrində fəaliyyət göstərən birliyin dayaq dəstələri də, bu siyasi prosesdə aktiv idi. Bir sözlə, seçki prosesindəki hansı problemlərin obyektiv, hansıların bizə düşmən qüvvələr tərəfindən süni şəkildə yaradılmasını və bundan istifadə edərək, onların ölkə daxilində narazılıqlar, çaxnaşmalar yaratmaq istədiklərini isanların diqqətinə çatdırmaqla, çox təxribatların qarşısını aldıq.
Onu da qeyd etməyi vacib bilirəm ki, prezident seçkilərinin ertələnməsinə hərə bir don geydirmək istəyəndə, biz təşkilatımız adından olduqca maraqlı və tutarlı siyasi nüanslarla zəngin bəyanatlar verdik. Beləcə, seçkilərin ertələnməsinin əsas səbəblərini əhaliyə vaxtında çatdırmaqda, bizim bəyanatların da rolu az olmadı.
Peşəsi siyasətçi olan bir vətəndaş kimi hesab etdik ki, 2018-ci ilin prezident seçkiləri xalqımızın həyatında önəmli rol oynaya bilər. Bunu, ictimai-siyasi bir qurum olaraq, “Bakı – Dirçəliş” İctimai Birliyi də, həmin qurumun Ağsaqqallar Şurasının sədri kimi mən də verdiyimiz bəyanatlarda xüsusi qeyd etdik və 2018-ci illə bağlı prioritetlərimizi də müəyyən etdik. Bildirdik ki, seçkilərdə İlham Əliyevin yenidən prezidentliyə namizəd olmasını istəyirik. Hamını, bir nəfər kimi, seçkilərdə onu dəstəkləməyə, proqram və missiyasının həyata keçirilməsində yaxından iştirak etməyə çağırdıq. Proseslərin gedişinə uyğun olaraq, bu istiqamətdə planlarımızı da əməli olaraq həyata keçirdik. . Bizim birmənalı mövqeyimiz bundan ibarət idi ki, ölkədə İlham Əliyevə alternativ yoxdur. Qanunlarımız, konstitusiyamız onun yenidən namizədliyini irəli sürməyə imkan verir və xalq da bunu istəyir. Buna qarşı olan qüvvələr isə, çox az saydadırlar, onların da məqsədləri ölkənin inkişafına mane olmaqdır. Bu qüvvələr isə, hər zaman qarşılarında bizi görəcəklər.
Çox çəkmədi, beynəlxalq təşkilatlar, demokratiyanın beşiyi sayılan ölkələrin rəsmiləri, onların ölkəmizdəki səfirlikləri də, bəyan etdilər ki, İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam qanuni bir məsələdir – əsas isə, seçkilərin azad və ədalətli keçirilməsidir. Biz də hesab edirik ki, məhz İlham Əliyevin favoritliyi ilə keçirilən seçki, azad və ədalətli oldu.
Bu bir daha sübut etdi ki, Bakının kənd və qəsəbələrində minlərlə insan bizim təşkilatın sözünü eşidir və bizimlə hesablaşır. Və çox şükür ki, seçkilər də problemsiz qurtardı. Və bir daha bəyan edirlər ki, respublikamızda, ələlxüsus Bakı şəhərində və ətraf kəndlərdə stabilliyi və birliyimizi pozmağa çalışan qüvvələr, ölkəmizdə aparılan daxili və xarici siyasətə qarşı açıq və gizli şəkildə təxribat törətmək istəyənlər qarşılarında daim bizi – Meydan Hərəkatından ruh almış insanları görəcəklər.
İndi bizə güvənən və inanan bu insanlar, təbliğat və təşviqatçısı olduğumuz ölkə başçısından çox şey gözləyirlər. Hamı istəyir və tələb edir ki, cəmiyyətimizdəki xöşagəlməz proseslər, biganəlik, ictimai nəzarətsizlik, uzun illər yüksək vəzifələrdə oturaraq, oliqarxlaşan, xalqın etimadından şəxsi məqsədləri üçün istifadə edən, rüşvət və korrupsiya bataqlığında boğulan vəzifə və səlahiyyət sahiblərinin qanun çərçivəsinə sığmayan hərəkətləri tezliklə aradan qaldırılsın. Ölkə başçısının seçkilərdən sonrakı fəaliyyəti də, görünür, elə buna köklənib. Çünki onların bu əməlləri, həm də “düşmən dəyirmanına su tökmək” deməkdir. Bu səbəbdən, prezident hökuməti yeni tərkibdə yüksək səviyyədə formalaşdırmaq üçün, mühüm addımlar atır.
Onu da qeyd edim ki, təşkilatımız, bundan sonra Azərbaycanda gedən bütün proseslərə öz obyektiv münasibətini bildirməyi qarşısına əsas məqsəd olaraq qoyub. Dünyada və regionda gedən hadisələrin təhlili və Azərbaycandakı mövcud ictimai-siyasi durum da tələb edir ki, hər bir vətəndaş ölkəmizin inkişafı naminə, rəhbərlik ətrafında daha sıx birləşsin. Mənim bugünkü fəaliyyətim də, məhz, bununla bağlıdır ki, xalqı narazı salan kreslo sahiblərinin, harın məmurların erasına son qoyulsun. Axı, onlar dövlətimizin düşmənidir. Ən əsası odur ki, bunların sonuyla, həm də ölkəmizdə bürokratik əngəllər aradan qaldırılar, korrupsiya və digər neqativ hallara qarşı amansız mübarizədə qətiyyət öz sözünü deyər…”.
“BƏD NİYYƏTLİ QÜVVƏLƏR, KORRUPSİYA İLƏ MƏŞĞUL OLAN KRESLO SAHİBLƏRİ QARŞILARINDA YENƏ BİZLƏRİ – MİLLİ AZADLIQ HƏRAKATINDAN RUH ALMIŞ MÜBARİZLƏRİ GÖRƏCƏKLƏR”
…Seçki öncəsi və seçkidən sonrakı vaxtlar ölkəmizdə, onun hüdudlarından kənarda baş verən ictimai-siyasi olaylara münasibətini də açıqlayan Nəsir bəy, onu vurğuladı ki, yenidən formalaşdırılacaq Azərbaycan hökuməti, xalqın sosial rifahını daha da yüksəltmək, hansısa narazı qüvvə əlində olan bəhanələri puç etmək məqsədi ilə, müəyyən addımlar atmalıdır: “Onsuz da, öncədən sadaladığım xoşagəlməz faktlarla hər addımda rastlaşırıq; Bu, heç kəsə sirr deyil ki, hakimiyyətdə yüksək vəzifə tutmuş məmurlar özbaşınalıqlar edib, xalqı mövcud hakimiyyətdən, onun rəhbərindən narazı salıblar. Birmənalı şəkildə deyirəm, xalqı narazı salan hansısa məmur dövlətimizin qatı düşməni, eyni zamanda, aparılan hərtərəfli siyasətə qarşı çıxan bağışlanmaz günahkardır. Dövlət başçısının özü də, bunu, dəfələrlə müşavirələrdə bəyan edibsə, deməli, ilk növbədə, bu neqativliyə qarşı sərt addımlar atılmalıdır. Rəhbər siyasi iradəsi nəticəsində, hələ 2011-ci ilin əvvəllərində başlayan antikorrupsiya tədbirləri, artıq, az da olsa, öz müsbət nəticələrini verib. Görün, bu müddətdə nə qədər irili-xırdalı məmur həbs edilib, işdən çıxarılıb. Deməli, belələrinə qarşı biz də amansız olmalı, həmçinin, korrupsiya və rüşvətxorluğu aradan qaldırmaq üçün, hökumət qarşısında qəti tələblər qoymalıyıq.
Düzdür, “Bakı – Dirçəliş” də, bir siyasi qüvvə olaraq, hər zaman xalqı narazı salan məmurlara qarşı mübarizə aparıb. Amma faydası olmayıb, indi bu mübarizəni daha da gücləndirmək qərarına gəlib. Hansısa məmur və ya onun yaxınları əndazəni aşsa, özbaşınalıq etsə, onun bu əməllərini ifşa edib, yuxarılara konkret faktlarla müraciət edəcəyini qərara alıb.
Onu da bilin ki, bu ölkənin lideri nə qədər güclü olarsa, bu, nəinki 10 milyonluq Azərbaycan xalqının, hətta dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın soydaşımızın hər birinin həyatında çox açıq şəkildə hiss olunar. Belə olarsa, Vətənimizə, ümummilli mənafeyimizə xələl gətirməyə çalışan heç bir bəd niyyətli qüvvənin, heç bir məkrli planınının səmərəsi də olmaz. Tanrıdan bir diləyimiz var: Birdəfəlik, Azərbaycanda təməli daha möhkəm, hərtərəfli inkişafı stimullaşdıran elə bir uzaqgörən siyasi sistem formalaşdırılsın ki, bu sistem günlərin tələblərinə uyğun yenilənib, daha da genişlənməsi və təmərküzləşməsi üçün çətinlik çəkməsin. Beləcə, Azərbaycan kənardan çox güclü bir dövlət kimi görünsün, ölkəmiz xaricdə sürətlə inkişaf edən, firavan bir ölkə kimi tanınsın. Bir azərbaycanlı olaraq, hamımız onunla fəxr edək ki, dövlətimizin adını hər kəs ehtiramla tutsun, ona çox qüdrətli bir dövlət kimi yanaşsın. Hər bir vətəndaş da, buna görə, bu inkişafı həyata keçirən ölkə başçısına minnətdar olsun.
Özünüz deyin, kim istəməz ki, azadlığı və müstəqilliyi naminə canımızı, sağlamlığımızı belə fəda etdiyimiz ölkəmiz, dünya miqyasında böyük hörmətə malik bir ölkəyə çevrilsin, demokratik prinsiplər üzərində daha böyük uğurlara imza atsın. Bunu, yüzlərlə üzvü olan təşkilatımız adından sidq ürəkdən deyir, fikirlərimi açıq bəyan etməkdən böyük sevinc, qürur hissi duyuram”.
Azadlıq fədaisi onu da xüsusi qeyd etdi ki, Kimin ölkə rəhbəri seçilməyi onu narahat etməz. Əsas odur ki, prezident daim xalqa üz tutsun, hər addımında millətə sevincli anlar yaşatsın: “Mən, bütün silahdaşlarımı həmin ölkə başçısını dəstəkləməyə, onun proqram və missiyasının həyata keçirilməsində yaxından iştirak etməyə çağırıram.
Bu, hamımızın müqəddəs borcumuz, missiyamız olar! Çünki mən dediyim o anlar, həm də bizim nicat yolumuz olar! Əgər prezident hesab etsə ki, xalq ona seçkidə lazımdır, seçkidən sonra xalq getsin işinin dalınca, qalan günlər onu tanımır, onda bu pis haldır. Xalqını tanımayan prezidentə qarşı xalq amansız olar. Onu nə qoşunla, nə pulla, nə yalanla, nə daxili satqınlarin əliylə susdurmaq olmaz. Xalq onda bilər nə etmək lazımdır. Bu həssas məqamda haqqı, ədaləti əsas götürmək lazımdır. Əgər prezident Quranı öpürsə, deməli Allahını tanıyır. Allahını tanıyan haqqı, ədaləti tapdalaya bilməz. Bunu kreslo və səlahiyyət sahibi hər kəs dərk etməlidir. Bu həssas məqamda dövlət kütləvi qələbə qazanmağı bacarmalı, kütləvi qələbə uğrunda mübarizə aparmalıdır. Kütləvi qaydada da qələbə qazanmağı bacarmayan dövlət, sonda adı hərbi güləşçiyə də uduzar. “Bakı – Dirçəliş” İctimai Birliyi adından, bir daha bəyan edirəm ki, bu, belə olmazsa, biz, daim ölkə başçısı ilə bir cəbhədə olarıq. Bəd niyyətli qüvvələr də, hər an qarşılarında bizi görərlər. Hamı yaxşı bilir ki, biz onlara layiqli cavab verməyə qadirik!”.
Nəsir bəy, söhbətimizin bu yerində bir daha xalqın narahatlığına səbəb əsas məqamlara toxundu: “Mən dəhşətə gəlirəm, ona görə ki, içimizdəki bədxahlar, yuxarı vəzifəli böyük bir inam sahiblərinə qarşı çıxmaqdan belə çəkinmirlər. Çoxu yuxarıda, rahat kresloda oturub, milli ayrıseçkiliyə xidmət edən aparteid ideologiya rəhbərləridir. Özlərinin beynəlxalq cinayətlərdə belə əlləri var, bir sözlə, daxili fəaliyyətləri də cinayətlərlə zəngindir. Biri İran siyasəti aparır, biri yəhudi, biri ingilis, biri slavyan… Öz siyasətimizə – türk siyasətinə xidmət yadına belə düşməz. Dəhşət də, elə, bundadır ki, istədiklərini edirlər…”. [bt_slider uid=”1524463264-5add76a085f06″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/nes-14.jpg” title=”nes-14.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-13.jpg” title=”nes-13.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-12.jpg” title=”nes-12.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-15.jpg” title=”nes-15.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-04-23 at 00.47.19.jpeg” title=”WhatsApp Image 2018-04-23 at 00.47.19.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-16.jpg” title=”nes-16.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-11.jpg” title=”nes-11.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-09.jpg” title=”nes-09.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/nes-10.jpg” title=”nes-10.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]
“TÜRK DÜNYASI BİRLİYİNİN YARADILMASI TARİXİN DİKTƏSİDİR. YOXSA, HƏMİŞƏ OLDUĞU KİMİ, BEYNƏLXALQ ALƏMİ, YENƏ DƏ, YALNIZ XRİSTİAN DÜNYASININ YARATMIŞ OLDUĞU SİYASƏT MARAQLANDIRACAQ”
“Bakı – Dirçəliş” İctimai Birliyi Ağsaqqallar Şurasının sədri Nəsir Ağayevlə söhbətimizdə Türk Dünyasının Birliyi, dünyada gedən son proseslər, Azərbaycanla dünya dövlətləri arasında strateji tərəfdaşlıq… məsələləri barəsində də danışdıq. O, Türk Dünyası Birliyinin yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, bu birliyin yaranması tarixin diktəsidir. Bu olmasa, dünya dövlətlərini, həmişə olduğu kimi, yenə də, yalnız xristian dünyasının yaratmış olduğu siyasət maraqlandıracaq. Müsahibimiz türk dünyası üçün ortaq dil məsələsinə də toxundu. Türk dünyası üçün ortaq dilin Ankara türkcəsinin qəbul olunmasını məqbul saydı: “Mən bu vacib məsələni dəfələrlə müsahibə və yazılarımda qabartmışam – nəticəsi olmayıb! Elə, indi də, Qərb və slavyan dünyasının bir sıra hərəkətləri, tarixin etdiyi diktələr türk dünyasının birliyini zəruri edib. Axı, Avropa ölkələri də, nəinki siyasi-demokratik prinsiplərə, hətta dini prinsiplərə belə ciddi riayət edirlər, yəni xristian prinsiplərinə! Türk Dünyasının Birliyi deyəndə nəyi nəzərdə tutmalıyıq? Əsas onu nəzərə almalıyıq ki, indi Türkiyəyə və Türk Dünyasına qarşı xristian dünyasının hərbi, siyasi, iqtisadi təzyiqləri artmaqda davam edir – bu təzyiqlərin qarşısını almaq üçün, bu təzyiqə əks təzyiq yaratmaq lazımdır. Bu isə, Türk Dünyasının Birliyindən tam keçir. Yakutiyada, Tatarıstanda, Qazaxıstanda, Türkmənistanda, Azərbaycanda, Türkiyədə və digər ölkələrdə olan türklər neft, faydalı qazıntılar, strateji əhəmiyyətli məhsullara sahibdirlər. Xristian dünyası da, bunu qısqanır. Bu qısqanclığı boğa bilməyən xristian dünyası istəməz ki, İstanbula sahib olan Türkiyə, Türk Dünyasının flaqmanı olsun. Buna görə də, bu gün Türkiyəyə qarşı xüsusi siyasət həyata keçirirlər. Bu siyasət, digər türkdilli ölkələrə qarşı da həyata keçirilir. Azərbaycanda Dağlıq Qarabağ problemi, Qazaxıstan, Türkmənistan və digər ölkələrin Rusiyadan müəyyən mənada asılılığı məqsədli olaraq yaradılıb. Buna görə də, Türk Dünyasının iqtisadi, maliyyə, mədəni, dini və hərbi birliyi yaradılmalıdır. Avropa ölkələrində belə birliklər var. Türk Dünyası yalnız bu halda, onlar kimi, vahid komanda halında hərəkət edə bilər.
Beynəlxalq güclər, bu ideyanın həyata keçməsinə ona görə əngəl yaradırlar ki, onlar, İslam dünyasından daha çox, Ankara türklərindən qorxur, yer üzərində olan türklərin seyrəlməsi üçün çalışırlar. Necə ki, Dağlıq Qarabağ müharibəsində Azərbaycanın təbii sərvətlərini azəri türklərinə qısqandılar, eləcə də bu oyun Türkiyədə kürdləşmə siyasətində özünü göstərir.
Etnik təmizləmə, genosid və antitürk siyasətinin Ermənistan tərəfindən aparılmasına beynəlxalq təşkilatlar münasibətlərini niyə bildirmədi?! Bu kimi ideyaların qarşısını almaq, Türk Dünyasına qarşı daha amansız siyasət aparmaq üçün! Bu, özünü uzun zamandır Türkiyənin Avropa Birliynə qəbul edilməməsində də açıq-aşkar göstərdi.
Türkiyəyə gəldikdə, Türkiyə Türk Dünyasının güclü, demokratik olmasına çalışır. Bu səbəbdən, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımları daim müsbət qarşılamışam. Türkiyə bu problemin həlli istiqamətində öz öhdəsinə düşən vəzifəsini daim layiqincə yerinə yetirib. Ermənistanla sərhədləri bu günə kimi açmayıb. Bu da Ermənistanın daha da zəifləməsinə gətirib çıxarıb.
Son zamanlar Rusiyada baş verən proseslər mənə çox şeydən xəbər verir. Rusiyanın dağılmasının, bu böyük imperiyanın çökdürülməsinin yeganə yolu olan milli və dini ayrıseçkilik artıq baş qaldırır. Proseslərin gedişi onu göstərir ki, vəziyyət heç də ürəkaçan məcrada getmir. Belə olan halda, bu prosesin daha geniş auditoriyanı əhatə edəcəyini söyləmək olar. Ümumilikdə onu demək olar ki, bu kimi proseslər son nəticədə Rusiyada yaşayan xalqların müstəqilliyini qazanması ilə nəticələnəcək. Bu, Qarabağ probleminin həlli yolunda əsas məsələ ola bilər – mən bunu çoxdan demişəm!
Hələ, Moskva, 20 Yanvar qırğını ilə, xalqımızın iradəsini sarsıtmaq istəyəndə bunu demişdim. Bu qırğın nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi, həmin müdhiş gecədə həlak olmuş vətən övladları Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucaldılar.
Bəli, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu yolda ən böyük qazancımız, bu gün dünyanın hər yerində üçrəngli bayrağımızın dalğalanması oldu. Bunda payımın olması, məni daim məmnun edir. Bu proses, tezliklə, böyük bir imperiyanı da ağuşuna alacaq!
Türk Dünyası Birliyinin olması, həm də, bizi İranda, Çində, İraqda türklərin başına gətirilən oyunlara biganə qoymayacaq. Ümumiyyətlə, son dövrlər türklər yaşayan dövlətlərdə onların başına gətirilənlər bizi ciddi narahat edib. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, türklərin dünyanı silkələyəcək birliyi yoxdur. Yəni burada türkləri ittiham edirlər, Türk Dünyası susur. Lakin bir şeyi yaddan çıхarmaq olmaz ki, bu həm də dünya dövlətlərinin Türk Dünyasına olan acı münasibətidir. Biz, Anqolada olan irqi ayrıseçkiliyə etirazımızı bildirirk, haradasa Amerikada kiməsə olan haqsızlığa etiraz edirik, amma istər Qırğızıstanda, istər Türkmənistanda, istər Özbəkistanda, İranda, Çində uyğurlara qarşı edilən haqsızlıqlara biganə qalmağımız təəccüb doğurur. Yəni, Türk Dünyasının hər hansı bir bucağında nə hadisə baş verirsə, həmin andaca türk хalqları, etnosu, qrupları münasibətini bildirməlidir. Çox təəssüf ki, bu operativliyi təmin edəcək birliyimiz yoxdur. Birdəfəlik yadda saхlamaq lazımdır ki, хristian dünyası və Qərb dünyası heç zaman Türk Dünyasını qəbul edəcək səviyyədə deyil. Etsə də, öz mənafeyinə görə, müvəqqəti edər. Əbədi dostluq yalnız soykökü və milli maraqları birləşən ölkələrdə ola bilər. Bizim milli maraqlarımızı da, Türk Dünyasında birlik təmin edər. Bunu yaddan çıхartmaq olmaz! Mən inanmıram ki, mən dediyim birlik məsələsi tezliklə həll olunacaq.
Mən, ona görə bütun söhbət və yazılarımda Türk Dünyası Birliyi məsələsini qabardıram ki, yalnız bu yolla, vurulan Türk Xalqlarını özlərinə qaytarmaq olar. Tarixin bu həssas məqamı da, Türk Dünyasının Birliyini zəruri edir”.
SON SÖZ ƏVƏZİ
Nəsir bəy Ağayev söhbətimizin sonunu onunla tamamladı ki, dünyadakı indiki bu qarışıq və həssas məqam da, Azərbaycanın böyük dostlar qazanıb, kiçik düşmənlərini məhv etməsini tələb edir:
“Azərbaycan özünə o qədər yaxın olmayan, səsini eşitməyən dövlətlərə görə, müstəqilliyini beynəlxalq aləmdə təhlükə altına qoya bilməz. Münaqişələrə münasibət bildirərkən, dövlətimiz olduqca ehtiyatlı mövqe sərgiləməlidir. Çünki belə münaqişələrin arxasında həmişə super güclərin xarici siyasəti, geostrateji maraqları dayanır. Heç şübhəsiz, adi bir şeyə görə, yüzlərlə insanın qanı axıdılmır. Məntiq budur. Son dövrlərdə baş verən proseslər bir daha göstərir ki, beynəlxalq təşkilatların da, dünya hadisələrinə ikili standartlarla yanaşması, sonda kiçik dövlətlərin münaqişələrə cəlb olunması ilə nəticələnir. Burada onların öz maraqlarını güddüyü açıq-aydın görünür.
Azərbaycanda bəzi qüvvələrin, dini əlamətə görə, hansısa dövləti müdafiə etdiyinə çox ttəəssüflənirəm. Yaddan çıxarmaq lazım deyil ki, Qarabağ döyüşlərində ermənilər tərəfindən cəlb olunan Livan vətəndaşları yüzlərlə azərbaycanlının qanını töküb. Bu gün biz, dini, irqi əlamətlərə görə, heç bir dövlətə münasibət bildirə bilmərik. Biz yalnız haqq-ədalət baxımından hər hansı bir hadisəyə münasibət bildirə bilərik. Avropa Birliyi, Avropa Şurası və Avropa Parlamentinin hansısa münaqişə ilə bağlı susmaları da, belə şübhəli məqamlardan xəbər verir. Necə ola bilər ki, demokratiyanın beşiyi sayılan Avropa Parlamenti Ermənistanda qondarma erməni soyqırımının keçirilməsini təklif edir, amma Qarabağ münaqişəsini illərdir yoluna qoya bilmir?!. Halbuki, Qarabağ probleminin belə uzadılması, bizə yaxşı heç nə vəd etmir. Yeni kabinet də, daha çox, bu vacib problemimizin həlli üstündə baş sındırmalıdır.
Bir sözlə, bizə yaxşı nəsə vəd etməyən belə məqamlardan nəticə çıxarmalıyıq. Bu qarışıqlıqlar ucbatından, indi hardasa bizə o qədər yaxın olmayan, səsimizi eşitməyən dövlətlərə görə, Azərbaycanın müstəqilliyini beynəlxalq aləmdə təhlükə altına qoymaq olmaz. Bir daha deyirəm, Azərbaycan böyük dostlar qazınıb, kiçik düşmənlərini məhv etmək üçün hərəkətə keçməlidir.
Bu həssas tarixi dönəmdə, Azərbaycanda milli iradəyə söykənən sağlam qüvvələrin birliyinə də ehtiyac var. Azərbaycana demokratiyanı gətirmiş təşkilatların bu gün kölgədə qalması məni çox təəssüfləndirir. Dəhşət ondadır ki, son vaxtlar, demokratiya və Qərb dəyərlərindən danışan partiyalar belə, demokratiyanın təməl prinsiplərinə əməl etmək istəmirlər.
Tezliklə, milli qüvvələrin avanqard təşkilatına çevriləcək bir qurumun ortaya çıxacağına şübhə etmirəm!”.
Söhbətləşdi:
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
[bt_quote style=”default” width=”0″]P.S. Milli Azadlıq Hərəkatının əvəzolunmaz liderlərindən biri olan Nəsir bəylə görüşdən hazırlanmış üçüncü yazımız; Nə qədər çalışsaq da, Onu olduğu kimi oxucularımıza təqdim edə bilmədik. Haqqında hələ nə yazılıb ki!.. Tariximizin daha möhtəşəmliyi naminə etdikləri dəftər-kitaba da sığan deyil! Müstəqilliyimizə görə, biz belə Kişilərə daim minnətdar olmalıyıq! Haqqında yazılanlar halalıdır! Onun kim olduğunu, hansı əziyyətlərlə üzləşdiyini mən görmüşəm – Meydan Hərakatından üzübəri, jurnalist müşahidələrimlə. Nə olsun ki, etdiklərinə görə, heç olmasa, yaxasından orden-medal asılmayıb, amma qəlbimizdədir, etdikləri xatirələrimizdə əbədiləşib! …Onda olduğu kimi, yenə, Buzovnadakı evin 9-cu mərtəbəsinə – mənzilinə əlil arabasında qalxır. İndiyədək, halına acıyan bir kreslo sahibi belə olmayıb. Bir sözlə, etdiklərinə görə, haqqını almayanlardandır – heç istəməz də, bunu ağlına belə gətirməz. Elə, belə Kişidir!.. Bunlar isə, mənim Ona bir dost “tostumdur”: “Yaşa, var ol Böyük İnsan!”. Səmimi duyğularla, Baş redaktor: Hüseyn ƏZİZOĞLU.[/bt_quote]
GÜNORTAYADƏK… ÜÇ SAAT NƏSİR AĞAYEVLƏ: AZADLIQ FƏDAİSİ \”OD PÜSKÜRDÜ\” – Birinci Yazı
GÜNORTAYADƏK… ÜÇ SAAT NƏSİR AĞAYEVLƏ: AZADLIQ FƏDAİSİ \”OD PÜSKÜRDÜ\” – İkinci Yazı
araz.az xəbər portalı.