fazilmustafa12

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bugünlərdə

araz.az  saytına Tarif Şurasının son qərarını şərh edərkən, bildirib ki, Azərbaycanda qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir.

Onu da nəzərinizə çatdıraq ki, “Tarif Şurasının son qərarı sanki cəmiyyəti məqsədli şəkildə qıcıqlandırmaq üçün verilib” deyən millət vəkilinin fikrincə, Tarif Şurasının qiymət siyasətilə bağlı yekun qərar vermək üçün hər hansı hüquqi statusu yoxdur: “Əslində nazir müavinlərindən ibarət olan bu Şura məşvərətçi qurumdur, hər hansı inzibati statusu yoxdur. Lakin nədənsə, qərar verilir və dərhal da qiymətlər qalxır, müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir. Məmurların məsuliyyətsiz hərəkətləri üzündən, cəmiyyət deputatları qınayır, Milli Məclisi günahlandırır. Şübhəsiz ki, bu mövzuda parlamentdə çıxışlar və təkliflər olacaq. İctimaiyyət nümayəndələri dövlət başçısına müraciət edib, qərarın ləğvinə nail ola bilərlər. Hətta düşünürəm ki, bu gedişlə Tarif Şurasının özü də ləğv oluna bilər”.

Beləliklə, irəli sürdüyü təkliflə bağlı daha ətraflı məlumat almaq, həmçinin mövzu ilə əlaqədar suallarımızı cavablandırması üçün müraciət etdiyimiz millət vəkili Fazil Mustafa Hurriyyet.az-a açıqlamasında qeyd etdi ki, bu məsələ birinci növbədə parlamentdə müzakirəyə çıxarılmalı və bu istiqamətdə fikir bildirilməlidir: “Çünki Tarif Şurası bir inzibati qurum deyil. Onun qəbul etdiyi qərarlar da tövsiyə xarakteri daşımalıdır. Sonradan bu qərarı hansı bir inzibati qurum təsdiq etməlidir. Qiymət siyasəti də Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Və bu məsələdə ümumi prinsiplər müəyyən olunur, ayrı-ayrı qurumlar isə qəbul olunan qərarların icrasını həyata keçirirlər. Tarif Şurası cəmiyyətin nəbzini tutmadan, cəmiyyətin marağını təfsir etmədən 1 ilin içində bir neçə dəfə benzinin qiymətini qaldırırsa, bu barədə düşünmək lazımdır ki, vətəndaş bu yükü qaldıra biləcək, ya yox. Yəni, burda söhbət sırf vətəndaşın marağını güdməkdən gedir. Təbii ki, dövlətin maraqları vacibdir. Çünki benzinin alınması və bu məsələdə müəyyən məsrəflərin xərclənməsi hamısı büdcə vəsaiti hesabına başa gəlir. Odur ki, bu, hansısa formada çıxarılmalıdır. Amma bu, vətəndaşın hesabına olmalıdırmı? Məgər, bunun optimal yolları yoxdur? Yaxud da zavodun tikintisi məsələsi niyə indiyə qədər gerçəkləşməyib? Ona görə də bu məsələlər müzakirə olunmalıdır”.

Parlamentdə müzakirələrdən sonra hansısa bir şəkildə dəyişikliklərin olub-olmayacağını deməkdə çətinlik çəkdiyini vurğulayan millət vəkili hesab edir ki, bu halda ən azından xalqın, vətəndaşın hansı sıxıntı içində olduğunu nəzərə alıb qiymət artımına baxıla bilər: “Təsəvvür edin ki, hətta zirzəmilərdə doldurulub mağazalara verilən qablarda olan adi suyun qiyməti hardasa 2 manat artırılıb. Bundan başqa, yağın, makaronun, unun və digər məhsulların qiyməti ən azı 20 faiz artıb. Bildiyiniz kimi, pandemiya dövründə iş yerləri azalıb, məşğulluq aşağı düşüb. Biz bunu düşünərək elə etməliyik ki, vətəndaşa bunun izahı doğru verilsin. Yoxsa, hər dəfə benzinin qiymətini 15 qəpik qaldırmaqla məsələ böyük narazılığa səbəb olursa, bunu etməkdə məqsəd nədir?! Buna görə də biz bu məsələlərin müzakirə olunmasını təklif edirik. Bəlkə müzakirələrdə elə əsaslandırma verəcəklər, elə yollar deyəcəklər ki, heç buna da ehtiyac olmayacaq. Amma bunu vətəndaşa, cəmiyyətə inandırmaq olduqca vacib məsələlərdən biridir”.

“Əgər təklifiniz qəbul olunsa, o zaman sizcə, Milli Məclisin üzvlərinin böyük əksəriyyəti qiymət artımı ilə bağlı müraciətə etiraz edəcəkmi? Çünki onların böyük bir qismi haqqında cəmiyyətdə seçilmiş yox, məhz təyin olunmuş təsəvvürü formalaşıb” sualını cavablandıran Fazil Mustafanın sözlərinə görə, hamı başa düşür ki, vətəndaşı, eyni zamanda sahibkarı bu qədər sıxmaq olmaz: “Düşünürəm ki, Milli Məclisə bu cür populist terminlərlə qiymət vermək doğru deyil. Bu terminologiyanı daha çox Milli Məclisdə olmayan, hansısa formada seçilməyən insanlar formalaşdırır. Milli Məclis mövcud Seçki Məcəlləsinə uyğun olaraq xalq tərəfindən seçilmiş bir qurumdur. Burda kimisə razı və narazı salan məqamlar ola bilər. Bunun da yolu hüquqi yollardır. Yəni, hüquqi yollarla hər hansı bir şəkildə Milli Məclisin legitimliyi şübhə altına alınmayıbsa, deməli “təyin olunmuş” ifadəsini işlədərkən bir az ehtiyatlı olmaq lazımdır. Bir çoxları, əsasən də özləri vaxtilə həmən Milli Məclisdə eyni qaydada təmsil olunanlar bu gün siyasi termin olaraq bu ifadədən istifadə edirlər. Amma bütövlükdə hamı Azərbaycanın taleyini, ölkənin gələcəyini daha sabit və inkişaf edən istiqamətdə olmasını düşünən insanlardır. Hamı başa düşür ki, vətəndaşı, eyni zamanda sahibkarı bu qədər sıxmaq olmaz. Bu gün artıq sahibkar vergi yükünün, bürokratiyanın təzyiqi altında əzilir. Faktiki olaraq heç kim normal, hüquqi qaydalarla fəaliyyət göstərmək imkanına sahib deyil. Bu da ondan irəli gəlir ki, məmur sistemi ənənəvi qaydada müəyyən prosesləri idarə etməyi düşünür, cəmiyyətin və iqtisadiyyatın önünü açmaq istəmirlər. Və bu, ziyan edir. Dövlət də bu yükü götürə bilmədikdə ciddi problemlər yaşanmağa başlayır. Bu səbəbdən də hesab edirəm ki, bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdır”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.