bayram altanAzərbaycan və Qarabağsevər, Türkiyənin nüfuzlu şəxsiyyətlərindən olan Professor-doktor Bayram Altanın hər kəsi düşündürəcək aşağıdakı yazısını təqdim edirik:

   Prof.Dr. Bayram ALTAN

 Əgər mənim gərgin və yorucu işimdən, dini musiqiyə qulaq asmaqdan başqa vaxtım olursa, ruhumu oxşayan,düşündürücü, xalq mahnılarını dinləyirəm. Bir dəfə dərin düşüncələrə qapılarkən  televizorda bir mahnıya qulaq asdım. Gecənin bir yarısında mahnının yadımda qalan bəzi sözlərini zümzümə etməyə başladım:

 Ümidin bitdiyi qaranlıq gecə,

Geri dönsəm ölüm, irəli həyat.

Kölgələr içində qalmışam necə,

Geri dönsəm ölüm, irəli həyat.

 Bu sözlər məni çox təsirləndirdi. Burada mühüm bir məlumat var idi. O, dinləyiciləri şeylər haqqında düşünməyə və təhlükələr qarşısında ehtiyat tədbirləri görməyə çağırırdı. Mən burada gündüz ilə gecənin,aydınlıqla qaranlığın, düz ilə əyrinin, həyat ilə ölümün, haqsızlıqla ədalətin, qoca ilə cavanın, qadın ilə kişinin, ağla qaranın, imanlılıqla imansızlığın, döğru ilə yanlışlığın, alimlə cahilin, müəllimlə şagirdin, usta ilə naşı adamın, zənginlə yoxsulun,güclü ilə zəifin arasında bir ziddiyyət yox, harmoniya  gördüm. Başqa cür mümkündürmü? Əlbəttə, yox!

 Ziddiyyət kimi görünən bu harmoniyaya daha çox misal göstərmək olar.Canlıların dərin bir sükuta qərq olduğu qaranlıq bir gecədə göz görmür, hədəf itirilir, qorxu və daxili bir həyəcan hissi insanı bürüyür, ümid işığı sönür. Düz yoldan dönüb xəyallara dalan insanın uçuruma düşmək və ölüm təhlükəsi ilə üz-üzə gəlmək qorxusu var.

Düz yoluna davam edən insan, yeri-göyü işıqlandıran, ən qatı qaranlığı bir anda nura qərq edən günəşin doğacağının sevincini yaşayar.

Günəşin yandırıcı vaxtlarında belə, kölgədə həyat var.

İndi bu mahnının təsirləri ilə bu sətirləri yazıram. Çünki bu mahnıda dərin məna gizlənir. Xəbərdarlıqlar, doğru yola çağırmaq, müqayisə,təfəkkür gizli… Gündüz aydınlığın, işığın simvoludur. Gündüz  biliyin, mədəniyyətin, gözəlliyin, xeyirxahlığın, xoşbəxtliyin, sevincin rəmzidir. Gecə isə cahilliyin, pisliyin, bədbinliyin,həyəcanın, kədərin simvoludur.

İndi soruşuram: siz gündüzü,yoxsa gecəni istəyirsiniz? Əlbəttə ki, sağlam düşüncəli hər bir insan gündüzü istəyər.

Gündüz varkən, gecəni kim istəyər?

Elm və mədəniyyət varsa, cahilliyi kim istəyər?

Cənnət varsa, cəhənnəmi istəyən olarmı?

Güzgü kimi hamar,düz yol varsa, çınqıllı, daşlı,tikanlı yolla kim gedər?

Ətri insanı bihuş edən güllər varkən, pis qoxulu gülü kim istəyər?

Kölgə varkən, günəşin yandırıcı şüaları altında durmağı kim istəyər?

Demək olar ki, hər şeyin dəyəri müqayisədə bilinir. Cəhənnəm olmadan cənnətin, pislik olmasa yaxşılığın,cəhalət olmasa, elmin, qaranlıq olmasa, işığın, yoxsulluq olmasa, zənginliyin, imansızlıq olmasa, imanın, ədalətsizlik olmasa, ədalətin qiyməti bilinərmi?

İşində vəzifəsini vicdanla yerinə yetirənin haqqını verən, ölkəsinə, xalqına xidmət etməkdən zövq alan məmurla  iş vaxtında  boş-boş və şəxsi işləri ilə məşğul olan, dövlətin əmlakına zərər vuran bir məmur müqayisə edilə bilərmi?

Öz şagirdlərini tərbiyələndirmək və onlara faydalı məlumatlar öyrətmək və öz ölkəsi və xalqı üçün faydalı olan gəncləri yetişdirən bir müəllim bunu etməyən müəllimə bərabər ola bilərmi?

Seçkilərdə xalqın səsini qazanıb parlamentdə xalqı təmsil edən, ölkəsi, xalqı üçün faydalı xidmətlər göstərən millət vəkilləri ilə ölkəsinə, xalqına heç bir fayda verməyən millət vəkilləri eyni ola bilərmi?

Saatlarla güzgü qarşısında durub özünə sığal çəkən, makiyaj yaxıb yaşlı olduğunu gizlətməyə çalışan bir siyasətçi,dövlət adamı ilə ömründə heç bir makiyaj görməyən, öz təbii halını saxlayan siyasətçini bir tutmaq olarmı?

 Yetmiş üç milyon Vətən övladının hamısını bərabər sayan, seçkidə ona səs verən, ölkənin hər bir yerində vətəndaşlara xidmət etməyə, problemi qorxu ilə yox, sevgi ilə, müsbət enerji verməklə, konstruktiv şəkildə həll etməyə çalışan, dövlət maraqlarını öz şəxsi maraqlarından üstün tutan dövlət başçısı ilə yalnız özünü və qohum-əqrəbasını düşünən, ona və onun partiyasına səs verən seçicilərə qayğı göstərən dövlət başçısı ilə eyni ola bilərmi?

 Heç bir siyasi partiya ilə ayrı-seçkilik etməyən, sıx və uzaq əlaqədə olmayan, tutduğu vəzifəni yerinə yetirərək, ölkəmizə və millətimizə faydalı xidmətlər göstərən, ədalətsizliyin, korrupsiyanın qarşısını alan, dini və mədəni məsələlərdə ayrı-seçkiliyə yol verməyən, danışığı,davranışı ilə nümunə göstərən  dövlət başçısı ilə bunun tam əksi olan bir dövlət adamı bir ola bilərmi?

İnsanları ədalətə,düzgünlüyə, insan kimi yaşamağa,yaxşılığa,gözəlliyə çağıran biri ilə insanları cəhalətə sürükləyən,nadanlığına, zülmə, haqsızlığa, qaranlığa, şeytani hisslərə cəlb edən insan müqayisə oluna bilərmi?

Gördüyü işlərlə insanlara xeyir verən, Allahın razılığı ilə insanları düzgün yolla getməyə səy göstərən biri ilə insanları düz yoldan çəkindirən başqa birini eyni tutmaq olarmı? Əlbəttə, yox!

Yuxarıda izah etməyə çalışdığımız münasibətləri Sevgili Peyğəmbər əfəndimiz iki cümlə ilə belə izah etmişdir: “Başqalarını doğru yola çağırana özü kimi savab verilir. Bununla bərabər, onun savabından da heç bir şey  əksilməz. Onu yoldan çıxmağa dəvət edənə, onun günah qədər günah veriləcək. Ancaq ona tabe olanların günahlarından heç nə əsgilməz “

Pis yol açanlar illər, hətta əsrlər boyu həmişə nifrət və lənətlə xatırlanacaq, qınanacaq və nəticədə cəhənnəm əzabına düçar olacaqlar. Ancaq yaxşı yol açanlar həmişə xeyirxahlıqla,gözəlliklə,yaxşılıqla xatırlanacaq, mükafatlandırılacaq və əbədi olaraq cənnətdə yaşayacaqlar.

Bir mahnının verdiy mesaj, təfəkkür dünyasında apardığımız təhlil və ən önəmlisi, inanc dünyamızı günəş kimi işıqlandıran Sevgili Peyğəmbərimiz Hz.Məhəmməd (S.A.S)in qızıl sözləri işığında soruşuram:

– Hansı mövqedə olmaq istərdiniz???

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.