Son bir neçə gündür ki, adının çəkilməsini istəmədiyimiz bəzi media qurumlarında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətovla bağlı heç bir məntiqə sığmayan, heç bir əsası olmayan “Biləsuvarın “Şabaniyyə” ləqəbli başçısından yarım milyonluq “əməliyyat” – İTTİHAM” başlıqlı yazı yayımlanıb. Yazı müəllifləri qeyd edirlər ki, RİH tender elan edib, keçirilən tenderdə “Baku Building” MMC qalib gəlib və bu məqsədlə adı çəkilən şirkətə 590 99.88 manat məbləğində pul vəsaiti köçürüləcək. Təəssüf doğuran hal odur ki, yazı müəllifləri onu da iddia edirlər ki, icra başçısı tender maxinasiyası həyata keçirməyə həvəslidir. Görəsən belə bir başlıqlı yazını yayımlayanlar Faiq Qürbətovun icra başçısı təyinatına qədər olan fəaliyyəti, xarakterik xüsusiyyəti, hansı amal və əməl sahibi olması və s. haqda qısaca olsa belə hansısa araşdırmanı aparıblarmı ki, bu gün bu cür şər-böhtan kompaniyasına qərar veriblər? Bilməyənlər bilsinlər ki, o, Azərbaycan Respublikasının ən nüfuzlu təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin tarix fakültəsində (1990-1995-ci illər, əyani şöbə) təhsil aldığı vaxtlarda ictimai fəaliyyətlə məşğul olur. Hətta, həmin illərdə yeni yaradılmış Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin üzvü, daha sonra Bakı Gənclər Klubunun təsisçilərindən biri və vitse-prezidenti olur. Faiq Qürbətov 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini olaraq, ilk dəfə əmək fəaliyyətinə başlayır və 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999-2001-ci illərdə Gənclər, İdman və Turizm Nazirinin köməkçisi, 2001-2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifəsində çalışır.
Bundan əlavə o, 2007-2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə, Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyində İnstitusional Yardım Layihəsinin direktoru, 2011-2012-ci illərdə Turuzm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsini daşımışdır və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il il tarixli Sərəncamı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Qeyd edək ki, Faiq Qürbətov əmək fəaliyyəti dövründə bir çox beynəlxalaq tədbirlərdə fəal iştirak edir və o, azərbaycan, rus, ingilis, türk, ərəb və italyan dillərini bilir. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı heç də sıradan bir şəxs deyil və onun həyat və fəaliyyəti kifayət qədər şəffafdır, təmizdir. Yəni, Faiq Qürbətovun adı indiyə kimi hansısa qruplaşmada, hansısa qalmaqalda, hansısa maliyyə maxinasiyasında və s. hallanmayıb. Bir sözlə, bu şəxsin tələbəlik illərindən icra başçısı vəzifəsi təyinatına qədər olan müddət ərzindəki fəaliyyəti, məhz əksəriyyətin gözləri önündə olub. Onu da vurğulamaq yerinə düşər ki, rəhbər vəzifə sahibi olan şəxslər sırasında bəlkə də o, yeganə rəhbər şəxsdir ki, sadə bir ailənin övladıdır və indiyə kimi əldə etdiyi uğurlarını öz savadı, bacarığı və qabiliyyəti sayəsində əldə edib. Bu belə olduğu halda, onunla bağlı hansısa qarayaxmanın yayımlanmasının nə qədər hüquqi əsası var? Təəssüf doğuran hal odur ki, məqalə müəllifləri Faiq Qürbətovu 16-cı yüzillikdə Şeyx Əhməd tərəfindən qurulan Xəlvəti təriqətin əsas qollarından biri olan Cəmaliyyənin Şabaniyyə qoluna bağlayırlar. Bu cür yanaşma olduqca absurd, olduqca ikrah hissi doğuran yanaşmadır.
Əfsuslar olsun ki, məqalə müəllifləri Biləsuvar rayon İcra Hakimiyyəti başçısı haqqında bu cür məntiqsiz məqaləni yayımlayarkən, onun keçdiyi həyat yollarına, aldığı təhsilə, insanlara qarşı münasibətinə önəm vermirlər, məhz hansısa ünvanda nəyisə axtarışına çıxırlar. O halda sual oluna bilər ki, gənc yaşlarından strateji sahələrdə məsul vəzifələri daşıyan, kifayət qədər iş təcrübəsinə və idarəçilik bacarığına nail olan bu şəxs, necə ola bilər ki, bugünkü idarəçiliyində təcrübəsiz olsun? Eyni zamanda, sadə bir ailənin övladı olan bu şəxsin yerli sakinlərə qarşı saymazyana yanaşması, problemləri ilə maraqlanmaması və s. haqda səslənənlər də, heç cür inandırıcı deyil. Çünki, o, yuxarıda qeyd etdiyimiz kimi harınlamış məmur övladı olmayıb.
Unutmayaq ki, Faiq Qürbətov haqda bu cür məntiqsiz açıqlamaları yayımlayıb ictimai fikirdə hansısa formada çaşqınlıq yaratmaq, heç zaman heç bir halda bizlərə uğur gətirməyəcək. O halın varlığına diqqət yetirmək lazımdır ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı elm və idarəçilik sahəsində kifayət qədər peşəkar şəxsdir, onun Şabaniyyə dini təriqətinə heç bir bağlılığı yoxdur. Yəni, bu şəxsə hansısa qarayaxmanı yapışdırmaq heç cür mümkün deyil. Qeyd edək ki, “Biləsuvarın “Şabaniyyə” ləqəbli başçısından yarım milyonluq “əməliyyat” – İTTİHAM” başlıqlı yazını yayımlayan bəzi xəbər portallarının rəhbər şəxsləri ilə bağlı qısaca araşdırmalar aparılarsa, o halda nələrin ortaya çıxacağı əksəriyyətə bəlli olar. Deməli, həmin şəxslər öz gözlərində tiri görmürlər, başqasının gözlərində tük axtarırlar. Odur ki, hər kəs ağa ağ, qaraya qara deməyi bacarmalıdır ki, əsl həqiqəti üzə çıxartmaq mümkün olsun. Yoxsa, …
Kamal MİRZƏ
araz.az xəbər portalı.