Parlament seçkilərinə iki həftə qalmış namizədlərdən biri dağ kəndində yaşayan seçicisi üçün odun yarmışdı. Həmişə ortada yeyib qıraqda gəzsə də, ağzı ülgüc kimi iti olan baltanı əyri-üyrü kötüklərin “sinəsinə” endirməyə gücü çatmışdı.
Məni həmin vaxt rola girmiş namizəddən çox onun başının üstünü kəsdirib xoşbəxt-xoşbəxt gülümsəyən qoca kəndli maraqlandırırdı. Yazıq o qədər saf adam idi ki, elə bilirdi hər dəfə evdə odun qurtaranda gələcəlyin deputatı iti baltanı əlinə götürüb onu bu əziyyətdən xilas edəcək. Heç ağlına gətirmirdi ki, həmin deputat bundan əvvəlki seçkilərdə qonşu kəndin arvadları ilə birlikdə təndirə çörək yapırdı…
Mən həmişə parlamentə və parlamentarilərə tənqidi münasibət bəsləmişəm. Uzun illər bu fikirdə olmuşam ki, onların çoxu nəinki qanun yazmağa, heç adlarını da yazmağa qadir deyil. Ramiz Mehdiyev, Ziya Məmmədov, Əli Həsənov, Kəmaləddin Heydərov kimi keçmiş və indiki məmur-oliqarxlar qohum-qardaşlarını, dost-tanışlarını Milli Məclisə doldururdular. Onlar beş ildə bir dəfə seçicinin ayağına gedib, sonra isə öz ayağı ilə yanlarına gələn seçicini Milli Məclisin əzəmətli binasının qarşısında zəhlətökən Bayıl küləyi ilə baş-başa qoyub aradan çıxıblar. Əgər belə olmasaydı, suyu üfürə-üfürə içən YAP parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmzədi. YAP-ın bunu nədən yapdığı hələ də çoxlarına sirr olaraq qalır…
Cığallıq etməsək, yəni əlimizi vicdanımızın üstünə qoyub obyektiv olsaq, parlamentin budəfəki heyətində seçicilərin problemləri ilə maraqlanan, şəhid ailələrinin qayğılarına həssas yanaşan, xalqın dərd-sərini imkan daxilində dilə gətirən bir xeyli köhnə və yeni simanın olduğunu deyə bilərik. Ölkə Prezidentinin məlum xəbərdarlığı, ictimai nəzarət mexanizmlərinin əvvəlki dövrlə müqayisədə daha işlək olması bir çox deputatı hərəkətə gətirib. Çox uzağa getməyək, əgər Rasim Musabəyov da rüşvətxor və korrupsioner məmurların ən sərt şəkildə cəzalandırılmasını tələb edirsə, deməli, az da olsa irəliləyiş var. Mən hətta tısbağa sürəti ilə irəliləməyin də tərəfdarıyam. Əsas odur ki, yerimizdə saymayaq…
Deputatların xalqın problemlərinə nisbətən həssas yanaşdığı, ən azından özlərini bu cür göstərməyə çalışdığı bir vaxtda keçmiş spiker Oqtay Əsədovun qeybə çəkilməsi diqqətdən yayına bilməz. Oqtay müəllimi nəinki seçiciləri, heç deputat həmkarları, üzvü olduğu komitənin rəhbərliyi, hətta Milli Məclisin rəhbərliyi də tapa bilmir. Səbəb sadədir: Ağsaqqal Milli Məclisin iclaslarına qatılmır. Niyəsini desəm, inanmayacaqsınız. Şəxsən mən bunu eşidəndə, bilmədim ağlayım, yoxsa gülüm… Küsüb! Onu spiker seçməyən deputatlardan o qədər bərk inciyib ki, onlarla üz-üzə gəlməmək üçün iclaslara gəlmir…
Mən Oqtay Əsədovun könlünü almağın yolunu bilmirəm. Bildiyim odur ki, Oqtay müəllimin deputat seçildiyi Abşeron rayonu Birinci və İkinci Qarabağ Müharibəsində yüzdən artıq şəhid verib. Qazilərin sayı bundan üç-dörd dəfə çoxdur. Ölkənin digər bölgələrində olduğu kimi Abşeronda da şəhid ailələrinin, qazilərin onların sözünü deyəcək bir deputata ehtiyacı var. Bunu hamıdan yaxşı Milli Məclisin rəhbərliyi, qocaman deputat Eldar İbrahimovun rəhbərlik etdiyi İntizam komissiyası bilir. Niyə həmin komissiya Oqtay müəllimin məsələsini bir dəfə müzakirə etmir?
Neçə vaxtdır bu suala cavab tapa bilmirəm: Hüseyn Abdullayevi, Eldəniz Səlimovu məhbəsə göndərən İntizam komissiyası niyə Oqtay Əsədovu Milli Məclisə gətirdə bilmir?
Seymur VERDİZADƏ.
araz.az xəbər portalı.