Dünya siyasətində son günlər ən çox müzakirə olunan məsələlərdən biri yeni yaradılan hərbi-siyasi ittifaq – AUKUS qurumudur (açması – Australia, United Kingdom, United States). Avstraliya, Böyük Britaniya və ABŞ yeni bir hərbi-siyasi ittifaqın yaranmasını elan etdilər və bu müzakirələrin aylardır həm NATO-dan, həm də AB-dən gizli aparıldığı üzə çıxdı.
AUKUS-un elan edilməsinə ən sərt reaksiya Fransadan gəldi – bu da təbiidir. Çünki Avstraliyanın Fransa ilə 60 mlrd. dollarlıq sualtı qayıqların və hərbi dəniz qüvvələri üçün digər gəmilərin alınması ilə bağlı müqaviləsi var idi. Yeni ittifaqın elanı ilə birlikdə Avstaliya Fransa ilə bu müqaviləni ləğv etdiyini, sualtı qayığların, yeni hərbi avadanlığın ABŞ və Britaniyadan alacağını elan etdi. Söhbət tək 60 mlrd. dollardan getmir – Fransa bu müqaviləni illər öncə “Əsrin Müqaviləsi” adlandırmışdı, çünki ən azı 100-150 min yeni iş yeri yaranacaqdı, 60 mlrd. dollarlıq avadanlığın satışı ilə yanaşı uzun illər Fransa şirkətləri həmin sualtı qayıq və gəmilərin təmiri, silahla təhcizatı ilə bağlı müqavilə də bağlamışdı ki, sonda bu kontrakt Fransaya 96 mlrd. dollara yaxın vəsait gətirəcəkdi, həm də Fransanın dünya siyasi-hərbi səhnəsində yerini, nüfuzunu möhkəmləndirəcəkdi.
Fransa bu xəbərdən sonra ABŞ və Avstraliyadan səfirlərini geri çağırdı, əsasən də ABŞ-ın ünvanına heç də xoş olmayan bəyanatlar səsləndirdi. Hətta yeni kazus da yaşandı: ABŞ Ağ Evin sözcüsü Psaki 2 gün öncə elan etdi ki, biz Fransaya bu müqavilə ilə bağlı öncədən məlumat vermişdik, amma Fransa XİN rəhbəri bu xəbəri təkzib etdi, hətta “Bizə arxadan zərbə vurdular, AUKUS haqqında öncədən heç bir məlumatımız yox idi, bizi fakt qarşısında qoydular, bu isə müttəfiqlik münasibətinə yaraşmayan böyük ayıbdır”, dedi.
Tarixə qısa bir ekskurs edək: Fransa 1949-cu ildə NATO Alyansını quran 12 dövlətdən biri idi, amma 1966-cı ildə Fransanın xarizmatik prezidenti >arl de Qoll ölkəsinin NATO-dan çıxdığını elan etdi, səbəb kimi də ABŞ-ın Avropada hegamonluq etdiyini, Fransa maraqlarını nəzərə almadığını söylədi. Fransa NATO-dan çıxan kimi de Qoll SSRİ-yə 2 həftəlik səfər etdi, onu ən yüksək səviyyədə qarşıladılar, hətta SSRİ və Fransa arasında çoxsaylı iqtisadi və mədəni müqavilələr də imzalandı. Fransa NATO-ya bu yaxınlarda, 2009-cu ildə Prezident Nikola Sarkozinin zamanında geri döndü. Yeri gəlmişkən, o zaman bu qərara etiraz edən siyasilərlə yanaşı hərbçilər, generallar da var idi. Hətta deyilənə görə, Sarkozinin sonradan məhkəmə çəkişmələrinə tuş gəlməsində, siyasi olaraq tam nüfuzdan salınmasında həmin “patriotların” – Fransanın NATO-ya dönməsinin əleyhdarlarının ciddi rolu olub.
Bu tarixi ekskursu etməkdə məqsədim o idi ki, bu gün Fransada NATO-dan çıxmaq təklifləri yenidən çox güclü səsləndirilir və ABŞ və Britaniyanın son addımı Fransada “avroskeptiklərin”, Fransanın AB-dən çıxma təklifləri səsləndirən FREXİT tərəfdarlarının əlini gücləndirdi. Gələn il Fransada seçkidi, ABŞ və Britaniyanın son addımı Marin Le Pen və tərəfdarları üçün böyük hədiyyə oldu. Seçkilərdə Le Pen qələbə qazansa, FREXİT elan edəcəyini söyləyib, ölkəni NATO-dan çıxaracağını, Rusiya ilə əlaqələri genişləndirəcəyini elan edib.
Almaniyadan da AUKUS-la bağlı ciddi təpki var, Almaniya siyasətçiləri içərisində artıq daha yüksək səslə, “biz ABŞ-la birgə Rusiyaya qarşı hərəkət etdik, bundan ancaq ziyan gördük”, deyənlər var. Almaniyada da seçkilərdir, ABŞ və Britaniyanın son addımı orda da “avroskeptiklərin” əlinə su tökdü.
Sözün qısası: Ola bilər ki, ABŞ və Briyaniya uzun oynayır, mümkündür ki, daha böyük stateji plan qurulub, çox güman əsas hədəfin Çin olduğunu görüb addımlar atırlar. Amma yaxın zamanda, qısa vədədə atdıqları son addımlar ancaq və ancaq Rusiyaya yarayır, Kremli gücləndirir.
İllərdir bu haqda xəbərdarlıq etmişik – Qərbin son zamanlar atdığı addımlar onu göstərir ki, keçmiş SSRİ məkanını (Pribaltika xaric) Qərb (əsasən ABŞ) Kremlin nəzarətinə verib, buralardan çəkilir. Hətta AB-yə də güvənmir, atdığı addımlar AB-nin nüvəsi olan Fransa və Almaniyanın da Rusiya ilə yaxınlaşmasına səbəb olur, daha ötəsi, aydın görünür ki, son addımlar Rusiya ilə Çini də çox yaxınlaşdırır (bu isə ABŞ maraqlarına tam ziddir), amma yenə öz bildiklərini edirlər.
Bəzən insanda elə təsəvvür yaranır ki, Qərbdə ciddi intellektual və liderlik böhranı var – ABŞ geri çəkildikcə yerini Rusiya və Çin doldurur, əgər bu uzunvədəli stategiyadırsa, qısa zamanda bizim kimi ölkələr təhlükələri önləmək üçün öz başının çarəsinə qalmalıdır.
Bu anlamda yaxın zamanda baş tutacaq Türkdilli Ölkələrin Sammiti vacib platformaılardan biri ola bilər, hətta mən düşünürəm ki, türkdilli respublikaların koordinasiya orqanları yaradılmalıdır – təhlükəsizlik və iqtisadi sahədə inteqrasiya genişlənməlidir. Bunun üçün ilk addım kimi türkdilli respublikaların birgə investisiya bankı və iqtisadi inteqrasiya komissiyası qurulmalıdır. Paralel olaraq da təhlükəsizlik orqanlarının məşvərət şurası da yaranmalıdır.
Dünya çalxalanır, ayaq altında qalmamaq, siyasi olaraq “sağ qalmaq” əsas strategiyamız olmalıdır…
araz.az xəbər portalı.