Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin sabiq müstəntiqi dələduzluqda təqsirləndirilərək hakim qarşısına çıxarılıb və məhkəmə zalında həbs edilib.
araz.az Musavat.com-a istinadən xəbər verir ki, sabiq müstəntiq 1985-ci il təvəllüdlü Orxan Hacıyev Cinayət Məcəlləsinin 178.2.3 maddəsilə təqsirli bilinib.
Nəsimi rayon Məhkəməsində baş tutan sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən Orxan Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığına olan Orxan Hacıyev məhkəmə zalında qandallanıb.
İttihama görə, Orxan Hacıyev Xaçmazda baş verən qətlin istintaqı zamanı pul alıb.
Bildirilir ki, o, yaşadığı evdə qətlə yetirilmiş İlqar Məmmədovun ölümüylə bağlı cinayətin üstünün açılması, şübhəli şəxsin İnterpol xəttiylə axtarışa verilməsindən ötrü mərhumun oğlu və xanımından 5000 manat pul alıb.
Qeyd edək ki, Orxan Hacıyev həmin qətllə bağlı araşdırma aparan istintaq qrupunun rəhbəri olub. O, istintaq qrupunun üzvlərilə birlikdə Xaçmaza ezam olunub. Mərhumun oğlu Vüqar Məmmədov iddia edir ki, rayon prokurorluğunda istintaq qrupunun üzvü İlqar Babayev ondan pul istəyib, deyib ki, istintaqçıların rayonda qalması, kirayə və s. məsələlərə xərcləri çıxır, onu ödəmək lazımdır. Məmmədovun sözlərinə görə, o gətirib prokurorluğun binasında istintaq qrupunun rəhbərinə 2000 manat pul, bir blok da siqaret verib.
Elə həmin ərəfədə təqsirləndirilən şəxslərdən Qalib Kərimov həbs edilib. Bir müddət sonra hadisədə şübhəli bilinən Vüsal Rüstəmovun ölkədə olmadığı müəyyənləşib. Zərərçəkmişin sözlərinə görə, onun İnterpol xəttiylə axtarışa verilməsi üçün Hacıyevin özü ondan pul istəyib. Bu dəfə də anası Arzu Orucova aparıb 3000 manatı istintaq qrupunun rəhbərinə verib.
Daha sonra istintaqın gedişindən, özəlliklə atası öldürüləndə evdən götürülən pulun 1.5 milyon yox, 80 min göstərilməsindən narazı qalan zərərçəkmiş müstəntiq Hacıyevdən şikayət etməyə başlayıb. O, Baş Prokurorluğun İstintaq İdarəsinin kliminalistika şöbəsinin rəhbəri Pərviz İbayevin (hazırda Nizami rayonunun prokurorudur-red.) qəbulunda olub, Hacıyevin ondan 5000 manat aldığını deyib, pulu geri istəyib: “Pərviz İbayev dedi ki, şikayət etməyə əsas yoxdur, pul qaytarılacaq. Bir neçə gün sonra Orxan Hacıyev “İnşaatçılar” metrosunun yaxınlığında 3000 manatı qaytardı. O, görüşdə qalan 2000 manatı bağışlamağımı istədi. Sonra bir daha Pərviz İbayevin qəbulunda oldum. O, Orxan Hacıyevə zəng elədi. Qalan 2000 manatı da dərhal qaytardı”.
Məhkəmədə ifadə verən Hacıyev isə qarşı tərəfin ona böhtan atdığını söyləyib. Onun sözlərinə görə, Xaçmazda olanda kredit ödənişinin vaxtı olub. Ödənişin gecikməməsi üçün mərhumun oğlundan cəmi 300 manat borc alıb. Sonradan 200 və 100 manat olmaqla, iki dəfəyə borcu qaytarıb: “Xaçmazda olanda “Bolkart” kreditinin vaxtı çatmışdı, maaş kartım ezamiyyətə gedəndə evdə qalmışdı. Vüqar kabinetimdə olanda SMS gəldi ki, 315 manat borc yaranıb, mən də qeyri-iradi deyindim. Soruşdu ki, nə məsələdi, əvvəl demədim, sonra dedim. Vüqar dedi ki, işin üstünün açılması üçün nə qədər əziyyət çəkmsən, rayona qonaq gəlmisən, o pulu tapacaq”.
Keçmiş müstəntiqin sözlərinə görə, razılaşmasa da, ertəsi gün Məmmədov bir blok siqaret və 300 manat pulla gəlib. O, siqaretin pulunu verib, 300 manatı isə borc şərtilə götürüb.
Hacıyev vurğulayıb ki, qarşı tərəf cinayət vaxtı evlərindən 1.5 milyon manat oğurlanmasıyla bağlı təqsirləndirilən şəxslərə ittiham verilməsini istəyirdi. O isə işin hallarına uyğun məbləği yazmışdı. Buna görə aralarında narazılıq yaranıb: “İkinci təqsirləndirilən şəxsi Qazaxıstandan ekstradisiya etdirmişdim. Ona da ilkin istintaqda 80 min dollarla ittiham elan olunmuşdu. Bunu biləndə Vüqar məndən şikayətlər etməyə başladı. Vüsalın Rusiyada yaşayan atası Arifi də məsuliyyətə cəlb etməyimi istəyirdi, deyirdi ki, Arif pulu ödəyəcək, bölərik. Mən razılaşmadım”.
Məmmədov prokurorluğa diskdə Hacıyevlə aralarındakı söhbətin gizli səs yazısını da təqdim edib. Keçmiş müstəntiq deyir ki, həmin yazı birinci dəfə “İnşaatçılar” metrostansiyasının yaxınlığında 200 manatı ona qaytaranda yazılıb.
Hacıyev onun işini aparan istintaqdan da narazı qalıb. O, məhkəmədə ifadəsində bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq obyektiv aparılmayıb. Ona görə də müstəntiqə ifadə verməkdən imtina edib: “İşdən əsassız xaric olundum, cinayət işi başlandı. Müstəntiq Rəfael Süleymanova 300 manatı borc aldığımı demişdim. O bildirmişdi ki, bunu ifadəmdə yazsam, rüşvət kimi qiymətləndirilə bilər, daha ağır ittiham verilər. Mən 9 il prokurorluqda işləmişəm, dələduzluqla borcun fərqini yaxşı bilirəm. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tam qanunsuz aparılıb”.
Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev sabiq müstəntiqin dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib. İstintaq və məhkəmə dövründə azadlıqda olan Hacıyev hökm elan ediləndə məhkəmə zalında həbs olunub.
Bildirək ki, Xaçmazdakı qətlə görə Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimov həbs edilib.
Məhkəmənin hökmü ilə Qalib Kərimov və Vüsal Rüstəmov 20 il, Firudin Axverdiyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyib öldürüblər və evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.
Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Qalib Kərimov özünü qismən təqsirli bilib, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyiblər.
Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib. Ərzaq mallarının topdan satışıyla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirildiyi məlum olub.
İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakinləri Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.