Rəsmi Paris separatçılara “status” verilməsində israrçıdırsa, bunu artıq elə Fransa ərazisində də edə bilər; Minsk Qrupunun “erməni kartı” ilə oynayan həmsədrləri bundan sonra öz fəaliyyətlərini Korsika adasının “status”unu müəyyən etməyə yönəltsələr, daha doğru addım olar…
Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın hökm sürməsini qətiyyən istəmirlər. Bu regionun yeni inkişaf perspektivləri dünyada bəzi siyasi dairələrin maraqlarına cavab vermir. Və bu səbəbdən də, əllərindən gələn hər şeyi edirlər ki, Cənubi Qafqazda geopolitik situyasiya yenidən gərginləşsin.
Cənubi Qafqazı xaos məkanına çevirməyə can atan xarici güclərin arasında ABŞ və Fransa xüsusi canfəşanlıq edir. Bu iki ölkənin Ermənistandakı səfirləri bütün diplomatik çərçivələri aşaraq, rəsmi İrəvanın təmsilçisi rolunda çıxış edirlər. Halbuki, ABŞ və Fransa həm də ATƏT-in Minsk Qrupunun həmsədrləridir.
ABŞ və Fransanın Ermənistandakı səfirləri Linn Treysi və Conatan Lakot hər açıqlamalarında “status” mövzusunu gündəmə gətirirlər. Hətta rəsmi İrəvan belə, “status” məsələsinin artıq arxivə verildiyi ilə barışıb. Ancaq bu iki səfir hələ də bu reallıqla barışmayıblar və israrla “status” mövzusunun Minsk Qrupu həmsədrləri ilə müzakirə olunmasını tələb edirlər. Və bu, həm ABŞ-ın, həm də Fransanın həmsədr kimi fəaliyyətinə kölgə salır.
Onu da qeyd edək ki, ABŞ və Fransanın özünün də bəzi oxşar daxili problemləri olmamış deyil. Xüsusilə də, Fransa analoji problemlə artıq onilliklərlə mübarizə aparmaqdadır. Fransanın tərkibinə daxil olan Korsika adasında müstəqillik uğrunda mübarizə 200 ilə yaxındır ki, davam edir. Və rəsmi Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir.
Halbuki, Korsika adasının müstəqillik tələbləri ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçılarının fəaliyyəti arasında da ciddi fərqlər mövcuddur. Belə ki, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər. Onlar bu bölgəyə Çar Rusiyası tərəfindən əsasən İrandan sonradan köçürülmüş gəlmələrdir.
Ancaq Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın aborigen sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər – yunanlar, romalılar və s. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə bu ada növbəti dəfə azadlığa qovuşub və Korsika Respublikası elan edilib.
Bununla belə, Korsika Respublikasının müstəqilliyi uzun sürməyib. Çünki Fransa 1768-ci ildə bu adanı işğal edib və öz ərazisinə qatıb. Həmin gündən Korsikalılar yenidən öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar. Və onların mübarizəsini separatizm hesab edən rəsmi Paris Korsikalıların milliyətini belə, pasportlarda “fransız” yazmaqla, unutdurmağa çalışır.
Maraqlıdır ki, rəsmi Paris Korsikaya hətta avtonomiya belə, verməyə razılaşmır. Bunu tələb edən yerli qurumlarısa, separatçı və terrorçu elan edir. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatların təmsilçiləri Fransa polisi və kəşfiyyatı tərəfindən təqib və təhdid olunurlar. Onların sırasında ən fəal olan şəxsləri həbsə atırlar və müxtəlif sui-qəsdlər təşkil edərək, qətlə yetirirlər.
Bütün bunlara baxmayaraq, Korsika Fransanın ərazi bütöblüyü üçün real təhdid olaraq, qalmaqdadır. Rəsmi Paris bu problemi sonuna qədər həll etməyə nail ola bilmir. Korsikalılar uzun müddət silahlı mübarizəyə üstünlük veriblər.
Ancaq 2000-ci illərin əvvəllərində rəsmi Paris bu silahlı mübarzəni zərərsizləşdirmək üçün nəhayət ki, bəzi güzəştlərə getməli olub. Yəni Korsikalılara siyasi fəaliyyət və ölkə parlamentində təmsilçilik hüquqlarının veriləcəyi vəd olunub. Və Korsikalılar bu vədləri qəbul ediblər.
Halbuki rəsmi Paris hələ də Korsikalılara verdiyi vədləri yerinə yetirməyib. Belə anlaşılır ki, Fransa hökuməti onların ölkə parlamentində təmsil olunmasını istəmir, bundan çəkinir. Və silahlı mübarizədən imtina etmiş Korsikalılara qarşı yenə də təqibləri ön plana keçirib.
Bir müddət öncə isə rəsmi Parisin vədlərinə əməl etməməsindən narazı qalan Korsika Milli Azadlıq Cəbhəsi adanın Fransadan ayrılması uğrunda silahlı mübarizəyə başlayacağını elan edib. Amerikalı politoloq Endryu Korıbko bunu Fransa üçün olduqca ciddi problemin başlanğıcı kimi dəyərləndirir. Onun fikrincə, rəsmi Paris Korsika Milli Azadlıq Cəbhəsinin bəyanatına mütləq əsəbi reaksiya verəcək: “Rəsmi Paris Fransa ərazisində separatizm fəaliyyətinə və istənilən silahlı qruplaşmanın yaradılmasına qəzəbli reaksiya verir”.
Təbii ki, Fransanın ərazi bütövlüyü baxımından, rəsmi Parisin mövqeyi müəyyən mənada, başadüşüləndir. Ancaq rəsmi Paris eyni mövqedə ardıcıllığı qorumağa da borcludur. Yəni, separatizm fəaliyyəti Fransaya qarşı olanda rəsmi Paris dərhal onu boğmağa çalışır. Başqa dövlətlərə, xüsusilə də, Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş olandasa, rəsmi Paris separatizm fəaliyyətini məmnuniyyətlə dəstəkləyir.
Bir müddət öncə Türkiyə kəşfiyyatı Fransa şirkətlərinin separatçı-terrorçu PKK-ya maliyyə yardımı etməsi barədə sənədləri ictimailəşdirdi. Rəsmi Paris isə həmin şirkətlərlə bağlı hələ də hüquqi addımlar atmayıb. Daha sonra məlum oldu ki, Fransa şirkətlərinin PKK-ya maliyyə dəstəyinin təmin olunmasında bu ölkənin xüsusi xidmət servisləri də iştirak edib. Yəni, Fransa dövlətinin PKK-ya dəstək məsələsinin içərisində olduğu artıq sübut olunub.
Bütün bunları nəzərə aldıqda, Fransanın erməni separatizmi və terrorizminə dəstək verməsi də Azərbaycana qarşı atılan addımlar kimi dəyərləndirilə bilər. Rəsmi Paris Fransa ərazisində separatizmə qarşı sərt reaksiya verir. Ancaq Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir, onu gücləndirməyə çalışır. Hətta erməni separatçı-terrorçularına “status” verilməsində israr edir.
Ona görə də, rəsmi Paris “Korsika problemi”ni qətiyyən nəzərdən qaşırtmamalıdır. Əgər, rəsmi Paris separatçılara “status” verilməsində israrçıdırsa, bunu elə Fransa ərazisində edə bilər. Yəni, Fransa Korsika adasına “xüsusi status” verməklə, separatizmi dəstəkləmək ehtirasını söndürmək imkanına malikdir.
Üstəlik, Korsikalılar ilə “status” mövzusunu müzakirə etmək üçün hazır beynəlxalq qurum da var. Bundan sonra Minsk Qrupunun həmsədrləri məhz bu məsələ ilə məşğul ola bilərlər. Çünki Minsk Qrupu həmsədrlərinin daha Cənubi Qafqazda görəcəkləri bir iş qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün rəsmi Bakı həmsədrlərlə hər hansı mövzuda müzakirələrə ehtiyac duymur.
Beləliklə, başqalarına “quyu qazan” Fransa indi həmin “quyu”ya elə özü düşmək üzrədir. Cənubi Qafqazda “erməni separatizmi” ilə oynayan rəsmi Paris Fransada “Korsika problemi”ylə üzləşib. Fransanın bu problemi necə həll edəcəyi isə yaxın gələcəkdə aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi eksper
araz.az xəbər portalı.