28997592.jpg“Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun 22 milyon manata yaxın dövlət vəsaitini mənimsədiyinə dair Baş Prokurorluğun yaydığı məlumat bir daha Azərbaycanda hələ də mövcud olan və heç cür kökü kəsilməyən korrupsiyanın, talançılığın ağılasığmaz miqyasını göstərməklə yanaşı, bir sıra başqa mətləblərə də nəzər yetirməyə əsas verir.

Məsələ ondadır ki, 2016-cı ildə yaradılan “Azərxalça” öz miqyasına, “çəkisinə” görə dövriyyədəki büdcə vəsaitlərinin cəlb olunduğu dövlət qurumlarının siyahısında bəlkə də heç ilk 500 müəssisənin belə sırasında deyil. V.Muradov bu müəssisəyə cəmi 4 il rəhbərlik edib. Özü də bu illər heç də “neft bumu”na, “qara qızıl”ın 150 dollara olduğu, yəni büdcənin aşıb-daşdığı, korrupsiyanın, talançılığın sözü əsl mənasında fontan vurduğu vaxtlara təsadüf etmir. Ancaq buna baxmayaraq, Vidadi Muradov adlı xırda korrupsioner, “Azərxalça” kimi kiçik müəssisədən dördcə ilə 22 milyon(!) manat vəsait oğurlamağa nail olub. Burada bir məqam da maraqlıdır ki, talanan vəsait 22 milyon olduğu halda, V.Muradovun özünün və ailə üzvlərinin üzərinə həbs qoyulan əmlakının dəyəri 30 milyondur. Sual yaranır ki, bəs qalan 8 milyon necə və kim tərəfindən “qazanılıb”?

Həmçinin, əgər “Azərxalça” kimi müəssisədə milyonlar, on milyonlar havada uçuşubsa, görün iri müəssisələrdəki yeyinti rəqəmlərinin arxasında neçə sıfırlar olub və var…

Ancaq bu, bir tərəfdən ölkədəki talançılığın miqyasını göstərirsə, digər tərəfdən də “akulalar”la müqayisədə hər nə qədər “xırda balıq” hesab olunsa da, V.Muradovun şəxsi keyfiyyətlərini, “fitri korrupsiya istedadını”, bu dövlətə, büdcəyə, xalqın malına necə acgözlüklə, düşmənçiliklə qənim kəsildiyini ortaya qoyur. Çünki kiçik bir müəssisədən 22 milyon oğurlamaq bu qurumun “sıxıb suyunu çıxarmaq”, “dibinə qədər getmək” deməkdir. Və bu ölkəyə, dövlətə, onun sərvətinə qarşı nə dərəcədə amansız, yırtıcı, qəddar münasibətdə olmalısan ki, qısa müddətdə bu miqyasda talançılığa imza ata biləsən. 

Təbii ki, V.Muradovdan qat-qat iri yırtıcılar da var. Və belələri Azərbaycanın işğal olunmuş ərazilərini çapıb-talayan, daşını, dəmirini də satanlardan mahiyyət etibarilə heç nəylə fərqlənmirlər. Onlardan daha betər düşməndilər. Bu, bütün talançı məmurlara aiddir – həbsdə olanına da, olmayanına da…

V.Muradov işinin timsalında daha bir düşündürücü məqam: Azərbaycandakı idarəetməni sərt, humanizmdən uzaq hesab edənlər həbsdəki məmurların müxtəlif vəzifələrdə oturan övladlarına nəzər yetirsələr, pis olmaz…

Məsələn, elə həmin V.Muradovun oğlu Cavid Muradov atası vəzifədə olub milyonların dalına keçərkən, Bakı Şəhər Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsində “qanunçuluğun və dövlətçiliyin” keşiyində olub. Prokurorluğun V.Muradovun dəhşətli korrupsiya cinayətləri ilə bağlı bəyanatından cəmi 3 həftə əvvəl – avqustun 31-də isə daxili İşlər naziri onu Sabunçu rayonuna rəis göndərib. Yəqin ki, yenə də “dövlətçiliyin” keşiyində durmaq, cinayətkarlıqla “amansız mübarizə” aparmaq üçün.

Qısası, görünən budur ki, V.Muradovun külli miqdarda dövlət vəsaitini talaması faktı onun oğlunun karyerasına təsirsiz ötüşüb. Hüquqi nöqteyi-nəzərdən, əlbəttə ki, burada qeyri-adi bir şey yoxdur. Lakin kim deyə bilər ki, həmin polis rəisi öz atasının törətdiyi cinayət əməllərindən xəbərsiz olub? Əgər Cavid Muradov ən yaxınının, atasının əməlindən xəbərsiz olubsa (bu da mümkünsüz görünür-red.), belə qeyri-adekvat birinin hüquq-mühafizə orqanında nə işi var?! Yox, xəbəri olubsa, deməli mənəvi nöqteyi-nəzərdən bu cinayət əməllərinə ortaqlıq edib.

Əlbəttə, heç kim kimisə atasını qandallamağa məcbur etmir, ancaq bu adam doğmaca atasını cinayətdən çəkindirə bilməyibsə, ümumiyyətlə bunu edəcək qədər dövlətə, qanuna, ədalətə hörmət hissinə malik deyilsə, ölkə paytaxtının ən böyük rayonlarından birindəki saysız-hesabsız cinayətlər və cinayətkarlarla necə mübarizə apara bilər və buna nə dərəcədə mənəvi haqqı qalır?…

Eyni məsələ həbsdə olan və olmayan digər talançı məmurların övladlarına da aiddir. Məsələn, İmişlinin və Ağstafanın rüşvətə görə həbs olunan icra başçılarının hər ikisinin övladları prokurorluq orqanlarında çalışırlar – biri prokuror köməkçisi, digəri isə müstəntiqdir. Yaxud, dövlətdən taladığı milyonları ora-bura səpələyən, 3 milyonu MTN generallarında, iki milyonu sələmdə batan, amma yenə də “pula pul deməyən” Tağı Əhmədovun oğlu Nizami Rayon Məhkəməsinin hakimi rolunda “ədalət paylayır”.

Bəli, bəlkə də dünyada Azərbaycan qədər “oğul ataya görə cavabdeh deyil” prinsipinin işlədiyi ikinci ölkə yoxdur. Yəqin ki, hüquqi baxımdan belə də olmalıdır, çünki ötən əsrin 37-ci ilində yaşamırıq. Lakin məsələnin sırf hüquqi tərəfilə yanaşı mənəvi, hətta dövlətçilik maraqları tərəfi də var. Talançı məmur övladlarının hüquq-mühafizə orqanlarında vəzifə tutması xalqın həmin orqana, dolayısı ilə də dövlətə, dövlətçiliyə və idarəçiliyə inamını sarsıdır. Yasamalda sakinləri paltarsız evdən çıxaran, bununla da əhalidə dövlətə və polisə qarşı böyük narazılıq yaradan Ağcəbədinin icra başçısı Rafil Hüseynovun oğlu polis kapitanı Şəhriyar Hüseynovun harın, qudurğan, nə milli əxlaqımıza, nə də qanunlara sığmayan davranışı bu tip adamların hansı mühitdə böyüdüklərinin, tərbiyə aldıqlarının və hansı keyfiyyətlərə malik olduqlarının bariz nümunəsidir…

Təbii ki, bu adamlar bizneslə (zatən hamısının biznesi var), elmi fəaliyyətlə, incəsənətlə və istənilən digər işlə məşğul ola bilərlər. Lakin nə qədər sərt və subyektiv yanaşma kimi görünsə də, ölkənin bütün hüquq-mühafizə orqanları mümkün qədər yüksək vəzifəli məmurların, ən azından cinayət əməlləri ifşa olunmuşların övladlarından uzaq tutulsa yaxşıdır. Yaxınının cinayət əməlindən xəbərdar olan və bu əməllər nəticəsində qazanılan pullardan bəhrələnənlər kasıb-kusubun haqqını, dövlətin maraqlarını, hüququ, qanunu, ədaləti mühafizə edə, qoruya bilərlərmi?…   /Azpolitika.info/

araz.az xəbər portalı.