“Azərsu” ASC-də qadını kişi, kişini qadın edib də, imzasını atan idarə rəisi kimdir?
araz.az Yenixeber.org-a istinadən bildirir ki, Azərbaycan təkcə təbii sərvətləri, coğrafiyası ilə deyil, həm də savadı, zəkası “fontan vuran” məmurları ilə möcüzələr ölkəsi sayıla bilər. İndiyə kimi bizim məmurların saysız “qəhrəmanlıqlarının”, dünyanın aparıcı elm mərkəzlərinin həsəd apara biləcəyi “yeniliklərinin” şahidi olsaq da, “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynov şok yaradacaq bir yeniliyə imza atıb: “Qadını kişi, kişini qadın edib”, mübarək imzası ilə də təsdiqləyib. Necə? Yazını sonadək oxuyaq da, necəliyini də bilək.
“Azərsu” əməkdaşının 200 manatlıq “hörməti”
Abşeron rayonu Ceyranbatan qəsəbəsi Aşıq Ələsgər k. Ev 11 ünvanda yaşayan vətəndaş Rüstəmova Müşkünaz Kərim qızının “Azərsu” ASC-nin sədrinin vəzifəsini icra edən cənab Köçərli Həsənova ünvanladığı müraciətin surəti yenixeber.org-a daxil olub. Müraciətdə su sayğacında yaranan problemdən və bir qrup “Azərsu” əməkdaşının məsuliyyətsiz əməllərindən bəhs olunur:
“Hörmətli Köçərli müəllim, biz 2000-ci ildən yuxarıda qeyd etdiyim ünvanda yaşayırıq. Su pulunu vaxtlı-vaxtında ödəmişik. 2013-cü ildə bizim su xəttimizə Smart tipli sayğac qoyuldu. (Sayğacımızın kodu: 1322514400000) 2017-ci ildə sayğacımızda problem yarandı. Abşeron Su-Kanal İdarəsinə müraciət etdik. Bizə sayğacın mənfiyə getdiyini və borcumuzun olduğunu söylədilər. 2-3 gün sonra iki nəfər (Birinin adı İlyas idi.) gəlib, dedi ki, sayğacı aparıb düzəldəcəklər və plomblanmış şəkildə gətirib qoyacaqlar. Həyat yoldaşım Rüstəmov Abbasəli Süleyman oğlundan 180 manat rüsum kimi və “hörmət” kimi 20 manat aldılar. Həmən gün axşam saatlarında sayğacı plomblanmış şəkildə gətirib yerinə qoydular. Sayğac normal işləyirdi…Amma, 2021-ci ilin mart ayında sayğacın batareyası dayandı. Mən yenidən Abşeron Su-Kanal İdarəsinə müraciət etdim. Sayğacı mexanikiyə keçirdilər və mənfiyə keçdiyinə görə 948 manat cərimə yazdılar(?) Bizim ailə tərkibimiz 2 nəfərdən ibarətdir. Həyətyanı sahəmiz 200 m2-dir. (Evlə birlikdə.) Qış aylarında 3m3 su bizə kifayət edib. Kartla ödəniş edib, suyumuzu istifadə etmişik.
Həyat yoldaşım Abşeron Su-Kanal İdarəsindən faktura tələb edib, bu fakturada 2017-ci ildə İlyas adlı əməkdaşınıza verdiyimiz 180 manat qeyd edilməyib(?) Biz 2 nəfərlik ailənin bu qədər su işlətməsi qeyri-mümkündür. Abşeron Su-Kanal İdarəsində müraciətimizə baxılmır, müxtəlif bəhanələrlə süründürürlər.
Biz ikimiz də pensiyaçıyıq, yaşlı adamlarıq. Sizdən xahiş edirəm ki, bizim bu problemimizin həll olunmasını təmin edəsiniz. Ümid edirəm ki, sayənizdə digər instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq”.
İdarə rəisi Müşkünaz Rüstəmovanı Rüstəm Müşkümova elədi(?)
Dünən şikayətçi tərəf redaksiyamızla əlaqə yaradıb, maraqlı faktlar təqdim elədi… Belə ki, şikayətçi tərəf “Azərsu” ASC-nin sədrinin vəzifəsini icra edən cənab Köçərli Həsənova ünvanlanmış şikayət məktubuna Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynovun imzası ilə “cavab məktubu” alıb. (Eyvaz Hüseynov “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun mərhum qardaşı Məhəmmədin oğludur. Red.)
Şübhəsiz “cavab məktubu”nu dırnaqda yazmağımız səbəbsiz deyil. Səbəb isə sözün bitdiyi yerdir… Məktubun mahiyyətcə mənasızlığı bir yana, Eyvaz Hüseynov elə bir rüsvayçılığa, rəzalətə imza atıb ki, təmsil etdiyi qurumu komediya teatırı ilə bir medalın iki üzünə çevirib: Şikayətçinin ünvanı Ceyranbatan qəsəbəsi Aşıq Ələsgər k. Ev 11 olduğu halda, həm “cavab məktubu”nda, həm də zərfin üzərindəki bəlli bölmədə ünvan Ceyranbatan qəsəbəsi Yenikənd ev 144 olaraq göstərilib(?) Hələ bu harasıdır, Eyvaz Hüseynov imzaladığı məktubda ikinci- daha da böyük “gül vurub”. Məktubun xitab hissəsində “kosmetik əməliyyat aparıb-qadını kişi, kişini qadın edib”-Müşkünaz Rüstəmova yerinə Rüstəm Müşkümova yazıb… Eyni zamanda bu “yenilik” zərfin üzərində də əks olunub. Bu səbəblərdən də məktub günlərlə poçt şöbəsində qalmalı olub. (Fotolara diqqət edin. Red.)
Bu nə texniki səhv deyil, nə də ciddi yanlışlıq… Bu faktlar illərlə böyük bir idarəyə rəhbərlik edən birisinin yerinin səhv düşməsinin, Qorxmaz Hüseynovun qohumbazlığının fəsadının, dövlət vəzifəsinə məsuliyyətsizliyin, nəhayət bir xarakterin göstəricisidir. Hansı ki, həm də, “Azərsu” ASC-ni bir TRAGİKOMİK səhnə kimi canlandırır. “Artistləri” də bir deyil, iki deyil. Hər biri də babat səlahiyyət sahibi. Başqa sözlə ənənəvi teatrlardan fərqli olaraq “Azərsu” ASC-nin “səhnəsində yer alan baş rol ifaçılarının” sayı 10-larladır. “Oynadıqları da faciəvi komediya səhnələri”… Tamaşaçıları da bu “artistlər”in sayəsində faciə yaşayan Azərbaycan insanı.
Biz zamanında yenixeber.org-da yazanda ki, Qorxmaz Hüseynov SOCAR-dan, təqaüddə olan polislərdən,hərbiçilərdən, qohum-əqrəbasından, tələbə, əsgərlik yoldaşlarından ibarət bir diletant komanda formalaşdırıb, üstümüzə gəlirdilər. İşindən bixəbər, fikri-zikri parada olanlara vəzifə vermək, baxça uşağının əlinə odlu silah verməkdən də təhlükəli və zərərlidir… Eyni ilə “Azərsu” ASC-də olduğu kimi.
Nəhayət, biz də yenixeber-org olaraq bu müraciətlə bağlı Köçərli Həsənova rəsmi məktub ünvanlamışıq. Hələ ki, cavab yoxdur(?)
Mövzunun davamı olacaq.(Yenixeber.org)
araz.az xəbər portalı.
araz.az xəbər portalı.