Tanınmış jurnalist ,“Qərb bölgəsi press” qəzetinin baş redaktoru Bəxtiyar Əliyev “Qafqaz Xəbər” qəzetinə müraciət edib.
Müraciətdə baş redaktor bildirir ki, dayısı -Aslanov Sahib Məhəmmədəli oğlunun həyat yoldaşı Aslanova Münəvvər Şəmkir rayon xəstəxanasında, xəstəxananın cərrahiyyə şöbəsinin cərrahı Samir Namazov tərəfindən kor bağırsağından əməliyyat olunub. Müraciətdə bildirilir ki, etdiyi əməliyyat müqabilində Samir Namazov xəstənin yaxınlarından 200 manat rüşvət istəyib.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, cərrah Samir Namazov “Gənc Həkimlər” İctimai Birliyinin sədridir.
Bəxtiyar Əliyev redaksiyamıza Samir Namazovla danışığının audio yazısını da göndərib. Audio yazıda Samir Namazov qohumları ilə cərrahın otağına gələn jurnalistə sual verir ki, “telefonun üstündədirmi? Mən səndən qorxuram. Sənin elə “zapislərin” var ki… “ Jurnalist 200 manatın yerinə 100 manat pul verir, həkim isə “bu pulu götür, mən hambal deyiləm ki…” deyir. Jurnalist ondan xahiş edir ki, “xəstəni yola ver”. Samir Namazov isə səsinin tonunu qaldıraraq “yola verirəm də, nə istəyirsən əə… Burda işləməkdənsə gedib eşikdə arxın dibini təmizləmək yaxşıdır. Dam boyda adamdır, 250 manat pul demişdim, sonra dedim yaxşı 200 verərsən, ona da razı olmur”,-deyə cavab verir və “Mən hambal döyüləm, mən hambal döyüləm” təkrarlayaraq davam edir ki: “Mən halal çörəyimi yeyən adamam, halal çörəyimi yeyən kimi də qalacam. İmkanı yoxdur… o pula işləməkdənsə işləməmək yaxşıdır. Gedib arxın dibində ot yolaram. Kim zəng edir, etsin mənim qılıma da döyül”.
Audio yazıya qulaq asandan sonra biz obyektivlik naminə qarşı tərəfin -həkim Samir Namazovun da məsələ ilə bağlı fikrini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Samir Namazov bizə bildirdi ki:”Birincisi siz bilirsiniz ki, bu gün həkimin respublikada orta maaşı nə qədərdir. Bunu deməyə ehtiyac yoxdur. İkincisi , o ki, qaldı səs yazısına, o səs yazısını sizə göndərən kimidirsə o məni şantaj edir. Amma bilin ki, əgər bu məsələ dərc olunsa mən həmin adamla prokuraturada görüşəcəm. Səbəbini də deyim sizə; o insanın qohumları gəlib mənə o pulu təklif edəndə mən o pulu götürməmişəm. Gör indi mən o pulu götürsəydim mənim başıma nələr gələ bilərdi… Mən o pulu xəstəyə halal etmişəm. Adamı yandıran odur ki, insan gəlib əməliyyat elətdirir ,sonra isə deyir ki,”imkanım yoxdur”, mən də deyirəm halalın olsun, pulu da qoy cibinə, qapını ört, çıx get. Sonra da həmin adam yenə gəlib o az pulu mənə vermək istəyir. Mən o pulu yenə götürmürəm , o isə bu zaman səsimi yazaraq məni şantaj edir. Hələ gedir onu başqalarına da verir. Bax adamı yandıran budur…”.
Onu qeyd edək ki, biz Samir Namazovun həkim olmasını bilməsəyədik çox güman ki, onun danışığından həkim , üstəlik cərrah olmasını güman etməzdik. Çünki səhiyyəmizdə nə qədər neqativ hallar baş versə də yenə də bir insan kimi Hippokrat andı içən həkimlər haqda sovet dövründən təsəvvürümüzdə şüuraltı olaraq alicənab, mədəni, təmkinli , ağır təbiətli bir obraz, fikir formalaşıb. Amma Samir Namazovun istər bizimlə, istərsə də xəstənin yaxınları ilə danışıq tərzi həmin obrazı, açığı daxilimizdə pərən-pərən etdi. Bu cür danışıq tərzini, bütün şeyləri kənara qoysaq, şərəfli peşə sahibi olan həkimə heç yaraşdırmırıq. Məsələnin mənəvi tərəfi bir yana qalsın, Samir Namazov nə qədər inandırıcı danışmağa çalışsa da ki, bu məsələdə günahsızdır, yaddan çıxartmaq lazım deyil ki, onun işlədiyi yer vətəndaşlara pulsuz xidmət edən-onları təmənnasız müalicə edən, əməliyyat edən dövlət xəstəxanasıdır, özəl xəstəxana deyil. Dövlət xəstəxanasında pulsuz əməliyyat olunmaq da vətəndaşın tam halal hüququ olduğundan , ona minnət qoymaq, halallıqdan dəm vurmaq burada yersizdir.
Ümumiyyətlə Samir Namazovun özünün dediklərində ziddiyətət var; o əsas gətirir ki, xəstədən pul götürməyib, amma bu ona bəraət qazandırmır. Çünki elə onun özünün dediklərindən məntiqlə belə qənaətə gəlmək olur ki, o pulu sadəcə az olduğundan götürməyib.Yəni, pulu götürüb-götürməmək burada prinsipial məsələ deyil. Əgər həkim düzgün işləyirsə , o niyə kimdənsə qorxmalıdır ki?!Və burada həkimlərin az maaş almasını da rüşvət almaq üçün əsas gətimək mənasızdır, çünki bu vətəndaşın problemi deyil.
Bizimlə danışığında Samir Namazovun bizə irad bildirərək “niyə ancaq həkimlərdən ilişiblər, başqa sahələri tənqid etmirlər, həkimlər ortadadır?” deməsi də düzgün yanaşma deyil.
Birincisi, jurnalsitlər hər sahədən yazır, ikincisi isə səhiyyədən də şikayət olanda təbii ki, yazılır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Samir Namazovun atası Nizami Namazov da Şəmkir Rayon Mərkəzi xəstəxanasında işləyir və Bəxtiyar Əliyev bir müddət əvvəl “Qərb bölgəsi press”in feysbuk səhifəsində “Rüşvətxor Həkim” adlı yazısını paylaşmışdır.
Həmin yazıda bildirilir ki, şua-diaqnostika Şöbəsində külli miqdarda rüşvət alınır. Onun yazdığına görə şua-diaqnostika şöbəsinin müdiri Nizami Namazov xəstələrdən ultrasəs müayinəsinə görə qanunsuz olaraq 10 manat pul alır. Bəxtiyar Əliyev yazır ki, belə bir qanun yoxdur, bu sadəcə şöbə müdiri Nizami Namazovun qeyri-qanuni yollarla xəstələrdən rüşvət almaq üsuludur:”Nizami həkim Hippokrat andına əməl etməyərək qanunları ciddi-şəkildə pozur. Dövlət xəstəxanasında həkimlər yalnız və yalnız xəstə insanların mənafeyni güdərək tam təmənnasız onlara xidmət etməlidirlər. Nizami Namazov isə, dövlət səhiyyə ocağı sayılan Şəmkir rayon Mərkəzi Xəstəxanasının şua-diaqnostika şöbəsini özü qoyduğu qanunlara əsasən idarə edir. Burda sual yaranır ki, aidiyyatı qurumlar hara baxırlar?! Nə üçün sözügedən bu həkimin barəsində ölçü götürülmür?” “ Mənə maraqlıdır ki, adıçəkilən həkim kimə güvənərək bu qədər nöqsanlara yol verir? ,-deyə Bəxtiyar Əliyev soruşur.
Əlbəttə, nə Şəmkir Rayon Mərkəzi xəstəxanasında işləyən ata Nizami Namazov, nə də oğul-böyük Samir Namazov hüquqi əhəmiyyəti, öhdəliyi olmayan , yalnız mənəvi meyar sayılan Hippokrat andını-zadı “tanımaya” bilər, ancaq Azərbaycan dövlətinin qanunlarına riayət etməyə, hər bir vətəndaş kimi məcburdurlar…
Sənan Məmmədli
“Qafqaz Xəbər” qəzeti
araz.az xəbər portalı.