acliq-b.jpeg

Planetimizdəki resurslar baxımından 7,5 milyard insana yetəcək qədərdir. Lakin dünyada ərzaq probleminin olduğu danılmaz həqiqətdir. Əslində, hədsiz israf, resursların səmərəli idarə edilməməsi, təşkilatçılıq qüsurları kimi bir çox amillər aclıq və gəlir bərabərsizliyini daimi problemə çevirir. Kənd təsərrüfatının gücləndirilməsi, şübhəsiz, ilk düşündüyümüz həll yollarındandır. Ancaq bunun effektiv nizamlama olmadan təkbaşına faydalı olması çətin görünür.

Məsələn, BMT-nin verdiyi məlumata görə, 2050-ci ildə dünya əhalisinə əlavə olunacaq 2 milyard insanın qidalanması üçün aqrar istehsal 60% artırılmalıdır. [1] Bunun üçün kənd təsərrüfatında səmərəni, yəni əldə edilən məhsul miqdarını artırmaq atılacaq addımlardan biri ola bilər. Ancaq bu artımın bir həddi var. Belə ki, artım üçün genetik modifikasiyası dəyişdirilmiş məhsullardan istifadə edilməsinin təhlükəli olduğuna dair bir çox nəzəriyyə var.
Digər bir yol isə kənd təsərrüfatı ərazilərini artırmaqdır. Ancaq inkişaf etmiş ölkələrdə əkinə yararlı ərazilər çox azalıb. Ona görə istehsal aparıla biləcək fərqli coğrafi bölgələr əldə etmək üçün gərgin işlər aparılır. [2] Digər bir variant isə az inkişaf etmiş ölkələrdə geniş ərazilərin kənd təsərrüfatı aparıla biləcək səviyyəyə gətirilməsidir. Bu da bəzi cəhətlərdən problemli olsa da, hazırda həll yolu kimi görünür. Bəs bu məsələdə gələcəyə dair necə bir planlaşdırma aparıla bilər? Dövrümüzdə elm adamları getdikcə artan sənayeləşmiş kənd təsərrüfatı əvəzinə aqroekoloji kənd təsərrüfatı aparılmasını təklif edirlər. Çünki sənayeləşmiş kənd təsərrüfatında tez-tez istifadə edilən kimyəvi gübrə, dərmanlar və qalıq yanacaqlar kənd təsərrüfatı ərazilərinə və ətraf-mühitə böyük zərər verir.

Sənayeləşmiş kənd təsərrüfatı ilə məhsullar ucuz başa gəlsə də, qiymətlər istehlakçıya çatana qədər yüksəlir. Ən çox dilə gətirilən isə sənaye yolu ilə əldə edilən məhsulların faydalı olmamasıdır.[3] Bundan başqa, sənayeləşmiş kənd təsərrüfatı ilə məşğul olan iri firmaların kəndlilərin istifadə etdikləri torpaq sahələrini alaraq bu insanların köçməyə məcbur etmələri kimi sosial problemlər də var.
Dövrümüzdə bir çox elm adamı bu problemlərin öhdəsindən gəlmək üçün aqroekoloji kənd təsərrüfatını təklif edir. Aqroekoloji kənd təsərrüfatının əsas xüsusiyyəti təbii üsullardan istifadə edilməsi, gübrə və kənd təsərrüfatı dərmanlarının isə istifadə edilməməsidir. Bundan başqa, qalıq yanacaqlarından istifadə etmədən (və ya minimum miqdarda istifadə edərək) kənd təsərrüfatı həyata keçirildiyi üçün həm məhsullar daha sağlam və keyfiyyətli olur, həm də fermerlərin xərci azalır. Bunun nəticəsində fermer məhsullarını daha münasib qiymətə satır. Beləliklə, qida etibarlı olur və daha rahatlıqla əldə edilə bilir.
Aqroekoloji kənd təsərrüfatında məqsəd istehsalın istehsalçı şirkətlər üçün deyil, insanlar üçün həyata keçirilməsidir. Bu sayədə əkinçilər məhsullarını aşağı qiymətə şirkətlərə satmaq əvəzinə birbaşa son satıcıya və ya istehlakçılara satırlar. Bu strategiya tədarük zəncirini və inhisarı aradan qaldırır. Digər tərəfdən də ərzaq qiymətlərində artımın qarşısı alınır və insanlar rahatlıqla ərzaq əldə edə bilirlər.

Aqroekoloji kənd təsərrüfatı utopik fikir deyil. Dünyanın müxtəlif yerlərində uğurlu təcrübə nümunələri var.
Məsələn, Şərqi Afrikada kənd təsərrüfatı zərərvericilərinə qarşı kimyəvi dezinfeksiya əvəzinə üzvi mübarizə üsullarına üstünlük verilir. Oklend İnstitutu tərəfindən bu bölgə ilə bağlı aparılan bir qiymətləndirməyə görə, kimyəvi böcək dərmanı istifadə etmədən becərilən qarğıdalı əkinində səmərəlilik hər hektara görə orta hesabla 1-3,5 ton artdı. Bundan başqa, Keniya hökuməti və kənd təsərrüfatı tədqiqat mərkəzi “ICRISAT” tərəfindən idarə olunan “Wote” proqramı ilə 400-ə qədər əkinçinin məhsuldarlığını artırdığı və məhsullarını daha əlverişli qiymətə satmaq imkanı əldə etdikləri müşahidə edildi. [4]Bir başqa nümunə isə Çinin Yunnan zonasındandır. Elm adamları və əkinçilər müxtəlif düyü növlərini çarpaz cütləşdirərək düyü göbələyi xəstəliyinə müqavimət göstərən növ inkişaf etdirməyi bacardılar və 89% daha çox məhsul əldə etdilər. [5]

Aqroekoloji prinsiplər hər böyüklükdə təsərrüfata uyğunlaşdırıla bilər. ABŞ-ın Montona ştatında Bob Quinn ailəsi sahib olduqları 1500 hektarlıq əkin sahəsində müxtəlif buğda növləri, qarğıdalı, arpa, kətan, mərcimək, yonca (yaşıl gübrə və saman topaları üçün) və noxud (yaşıl gübrə üçün) yetişdirməyə başladı. Tətbiq olunan 5 illik məhsul dövriyyəsi böcəkləri, xəstəlikləri və zərərli otları məhv etdi və torpağın keyfiyyətini artıraraq birinci növ məhsul əldə edilməsini təmin etdi. [6]Aqroekoloji kənd təsərrüfatının uğuru üçün istehlakçılara da istehsalçılar qədər böyük iş düşür. İlk növbədə insanlar qida dəyəri yüksək məhsul, yoxsa torpaq və günəş görmədən biotexnoloji və qalıq yanacaqla yetişdirilmiş, kimyəvi maddələrə qarışmış məhsul aldıqlarına diqqət etməlidirlər.

Ehtimal olunan qlobal aclığın qarşısının alınması və insanların daha sağlam qidalanması üçün BMT-nin qida siyasətində aqroekoloji kənd təsərrüfatını alternativ kimi təqdim etməsi olduqca mühümdür. Təbii ki, ölkələr də kənd təsərrüfatı nazirliklərinin bu istiqamətdəki təcrübələrini təşviq edib dəstəkləməlidirlər.
İstinad:
[1] Alex Ruton; Eight ways to solve world hunger, the Guardian 8 Mayıs 2013, https://www.theguardian.com/global-development/2013/jun/08/eight-ways-solve-world-hunger
[2] J. Price Gittinger; Analyse Economique de Projects Agrivoles, Edition Economica Paris, 1985, s. 5
[3] IPES-Food. 2016. From uniformity to diversity: a paradigm shift from industrial agriculture to diversified agroecological systems. International Panel of Experts on Sustainable Food systems.
[4] Henrietta Moore ; Can agroecology feed the world and save the planet?, the Guardian 9 Ekim 2016 https://www.theguardian.com/global-development-professionals-network/2016/oct/09/agroecological-farming-feed-world-africa
[5] Janet Cotter ve Reyes Tirado; Food security: The answer is biodiversity, Greenpeace Briefing Haziran 2008, http://www.greenpeace.org/greece/Global/greece/report/2008/7/food-security.pdf
[6] Janet Cotter ve Reyes Tirado; Adı Geçen Eser.

Adnan Oktar

araz.az xəbər portalı.