Nazir məktəbə başlama yaşının aşağı salınmasını vacib hesab edir, bəs reallıq nəyi diqtə edir?
Təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumunda çıxış zamanı deyib ki, uşaqların daha erkən – 5 yaşdan məktəbə başlamasına çalışmalıyıq: “Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur”.
Nazirin bu fikri birmənalı qarşılanmayıb. Bir qism valideyn övladının erkən yaşda təhsilə başlamasına tərəfdar olsa da, bir qism isə hesab edir ki, buna ehtiyac yoxdur, çünki bu halda uşaqlar uşaqlığını yaşaya bilmirlər.
araz.az AYNA-a istinadən xəbər verir ki,mövzu barədə sualları cavablandıran təhsil eksperti, müəllim Qoşqar Məhərrəmov isə hesab edir ki, nazirin fikrinin birmənalı qarşılanmaması bizdə təhsilə düzgün olmayan yanaşmanın nəticəsidir: “Bunun birmənalı qarşılanmamasının səbəbi bizim təhsilə yanaşmamızdan qaynaqlanır. Çünki bir çox insan düşünür ki, təhsil müəssisəsinə gedən uşaq dərslərlə yüklənməlidir. Halbuki uşağın 5 yaşından məktəbə getməsi o mənaya gəlmir ki, onlara hər gün ev tapşırığı veriləcək, sınaqlar, imtahanlar keçiriləcək. Təəssüf ki, bizdə təhsil dedikdə hansısa mövzunun izahı, ona dair sınaqlar, tapşırıqlar başa düşülür. Ancaq təhsil bu deyil. Dünyada təhsili bu cür başa düşmür, belə baxmırlar. Təhsil həyatın bir hissəsidir. Təhsillə əlaqədar olan fəaliyyətlərdə şagird həm əylənir, həm öyrənir, həm də həyati fəaliyyətlərlə məşğul olur. Təhsil müəssisəsinə erkən yaşdan cəlb olunan uşaq orada əyləncəli fəaliyyətlərlə məşğul olacaq, oxumağa, öyrənməyə vərdiş yaranacaq”.
Ekspertin fikrincə, nazirin ölkəmizdə məktəbə başlama yaşının aşağı salınması ilə bağlı fikir səsləndirməsi dünyada gedən təhsil tendensiyalarından xəbərdar olmasından qaynaqlanır: “Əslində, cənab nazir dünyada gedən proseslərin nəticəsini qeyd edir. Bir çox dünya ölkələrində təhsil 12, hətta bəzilərində 13 illikdir. Buna görə hesab edirəm ki, orta təhsil müddətini artırmaq ölkəmiz üçün prioritet məsələdir. Hətta ölkələr var ki, uşaqları 2-3 yaşından icbari şəkildə məktəbəqədər təhsil müəssisələrinə cəlb edirlər. Ölkəmizdə də icbari təhsil 5 yaşdan başlayacaq və təhsil müddəti artırılaraq 12 illik olacaq. Bu, gözlənilən, eyni zamanda da arzulanan haldır. Nazirin də bunu ifadə etməsi dünyada təhsil sahəsində gedən tendensiyalardan xəbərdar olmasından qaynaqlanır”.
“Düşünürəm ki, təhsil 5 yaşdan başlamalı, 10 il davam etməlidir. Bu illərdə fundamental dərslər keçirilməli, şagirdlərin ümumi dünya görüşünün formalaşması, savada yiyələnməsi təmin edilməlidir. 10-cu sinifdən sonra isə şagird özü və ailəsi ilə birgə hansı fənləri götürəcəyinə qərar verməli, universitetə hazırlaşmalıdır. Belə olduqda biz orta məktblərdə 11-12-ci siniflərdə daha çox şagird görəcəyik. Çünki həmin fənləri özləri seçmiş olacaqlar və universitetə rahat hazırlaşa biləcəklər”, – deyə müsahibimiz bildirib.
Məhərrəmov onu da qeyd edib ki, 5 yaşdan məktəbəqədər hazırlığa başlanılması ölkəmizdə icbari şəkildə olmasa da, bir çox valideyn tərəfindən çoxdan atılan addımdır: “Faktiki olaraq ölkəmizdə çox sayda ailə övladını 5 yaşdan məktəbəqədər hazırlığa göndərir. Sadəcə hazırda bu, icbari deyil. İcbari olması düşünürəm ki, qabaqcıl bir addım olacaq”.
Klinik psixoloq Anara Quliyeva isə şərhində bildirib ki, ümumi koqnitiv bacarıqlar formalaşmadan uşaqların parta araxasında əyləşdirilməsi və təlimə cəlb edilməsi doğru olmaz: “Mən hesab etmirəm ki, cənab nazir məktəbə başlama yaşının aşağı salınması ilə bağlı fikrində uşaqların parta arxasında oturdularaq 1-2-ci sinif dərs materiallarının keçirilməsini nəzərdə tutur. Düşünürəm ki, nazir burada məktəbəqədər hazırlığın önəmini vurğulayır. Həqiqətən də belədirsə, mən nazirin fikrini dəstəkləyirəm. Çünki məktəbəqədər hazırlıq dönəmi sadəcə kitab oxumaq, yazı yazmaqdan deyil, uşaqların ümumi koqnitiv, sosial bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir”.
“Ümumi koqnitiv bacarıqlar dedikdə burada fikirləşmə, planlama, davranışa nəzarət, təcrübədən öyrənmə, eyni zamanda idrak proseslərinə diqqət, hafizə, yaddaş, məntiq, təfəkkür, təxəyyül və s. nəzərdə tutulur. Bunlarla yanaşı sosial bacarıqların inkişafı uşağın məktəbə hazır olması üçün vacibdir”, – deyə mütəxəssis söyləyib.
Onun sözlərinə görə, məktəb yaşı dövrünə qədər uşaqların ümumi inkişafı çox vacib və önəmli ünsürdür: “Çünki bir uşaq 6 yaşına qədər necə inkişaf edərsə, 6 yaşdan sonra biz sanki həmin cücərtilərin bəhrəsini gözləyəcəyik. Valideyn tərəfindən, eyni zamanda da bağçada, qatıldığı kurslarda, məktəbəqədər hazırlıq müəssisəsində uşağın 6 yaşına kimi ümumi koqnitiv bacarıqları üzərində yaxşı iş aparılsa, həmin uşaqlar məktəb dönəmində çox yüksək nəticələr göstərirlər”.
5 yaşdan təhsilə başlamaqla bağlı daha ətraflı fikirlərini bölüşən psixoloq bunu 6 yaşda parta araxasında əyləşmə dönəminə hazırlıq olacağı təqdirdə, təqdirəlayiq addım hesab etdiyini bildirib: “Uşağı 6 yaşında parta arxasında əyləşmək üçün hazır vəziyyətə gətirməliyik. Əgər cənab nazir tərəfindən məktəbəqədər hazırlıq prosesləri – uşaqların ümumi zehni, psixoloji, fiziki inkişafı ilə bağlı təlimlər nəzərdə tutularsa, bu, çox yaxşı olar. Yox, əgər əvvəldə sadaladığımız ümumi koqnitiv inkişaf dönəmi keçilmədən uşaqların sırf 5 yaşında parta arxasında əyləşməsi nəzərdə tutulursa, bu, doğru olmaz. Çünki bu yaş dönəmi onların oyun fəaliyyətinin üst planda olduğu bir dönəmdir və bu zamanda birdən-birə təlim fəaliyyətinə keçmələri onları qısa müddətdən sonra təlimdən soyuda bilər”.
“10 yaşına kimi uşaqlarda oyun fəaliyyəti üst planda olur. 6 yaşına kimi süjetli-rollu oyunlar ön planda olur. Yəni, uşaqların ətrafda olan hər şeyi dərk etməsi, anlaması və qavraması üçün proseslər süjetli şəkildə getməlidir. Məsələn, uşağın kiçik motor (əl-göz hizasında baş verən bütün proseslər, məsələn, yazı yazmaq, vərəqi çevirmək, rəngləmək, kəsmək və s.) bacarığını aktivləşdirmək istəyirksə, bunu oyunlarla etməliyik. Uşaqla, məsələn, klassik “evcik-evcik” oyunu oynanılmalıdır. O, anası ilə nəsə doğramalı, qaşıqla bir qabdan digər qaba düyü, mərci tökməlidir. Yaxud valideynlər “həkim oyunu” oynamalıdırlar. Valideyn bir nöqtə göstərməli, uşaq diqqətini toplayıb oraya iynə vurmalıdır. Bütün bu proseslərin içərisində məktəbə hazırlıq üçün təməl bacarıqlar öyrədilir. Təbii ki, bu proseslər – süjetli-rollu oyunlar parta arxasında öyrədilməyəcəyinə görə, əlbəttə ki, uşaqlar birdən-birə parta arxasında otursalar, koqnitiv bacarıqları və oyun fəailiyyətləri yarımçıq qalsa, onlar bir müddətdən sonra təlimdən bezəcəklər, təlimə maraq azalacaq”, – deyə Quliyeva vurğulayıb.
Həmsöhbətimiz əlavə edib ki, bu hal uşağın təlimdən uşaqlaşması ilə yanaşı bir sıra psixoloji problemlərə də səbəb ola bilər: “Bilirik ki, uşaq bir işi sevə-sevə etmirsə, məcbur etdiyimizdə təlimdən soyumaqdan başqa, aqressivlik səviyyəsinin artması, davranışlarda problemlərin yaranması, gərginlikdən bir sıra psixoloji problemlər, kəkələmə, ümumi təşviş pozuntusu, qoxular yarana bilər. Buna görə də təbii ki, bir klinik psixoloq kimi uşaqların təməl ehtiyacları ödənilmədən parta arxasına keçirilməsini tövsiyə etmirəm. Uşaqlar əvvəlcə özünü və ətrafı kəşf etməyi öyrənməli, təlimə hazırlıq dönəmini keçməli və bundan sonra parta arxasında oturmalıdır. Mən hesab edirəm ki, cənab nazir uşaqların məktəbəqədər hazırlıq dönəmi üçün yaxşı bir addım planlayır, hansı ki bu dönəmdə də təlimlər parta arxasında yox, sujetli-rollu oyunlar şəklində sinif otaqlarında keçiriləcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.