Bu gün Azərbaycana qarşı Ermənistandan da pis düşmən münasibəti göstərən İrandır və bu mövzuda çox yazılmalı, ən azından öz vətəndaşlarımız maarifləndirilməlidir.
Regionu tanımayan biri son günlər İran rəsmilərinin Azərbaycana qarşı bəyanatlarını, Ermənistan rəsmiləri ilə sıx-sıx görüşlərini izləsə hökmən zənn edəcək ki, İran – Ermənistan din, dil qardaşları, İran – Azərbaycan isə din və dil düşmənləridir. Bugünkü reallıq da məhz budur. Sadəcə, Azərbaycan İrana qarşı nə qədər səbrli, dözümlü yanaşırsa, İran da o qədər bütün əndazələri aşır. Bunun da öz səbəbləri var. Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan din və dil qardaşları ilə maksimum xoş münasibət saxlamaq istədiyindən qonşusu İranın bütün düşmənçiliklərinə dözümlü yanaşdı, əlavə gərginlik ocağı yaratmaq, münasibətləri pozmaq istəmədi. Qonşularımız isə bunu anlamadı, əksinə düşmən münasibətini daha qabarıq göstərməyə başladı. Olub keçənləri xatırlatmaq istəmirəm. 44 günlük müharibədə işğalçı Ermənistana bütün yardımlarını göstərən İran, açıq aşkar hərbi yardım da göstərməyə başladı. Hakimiyyət dəfələrlə üstüörtülü narazılığını bildirsə də, İran rəsmiləri özlərini karlığa, korluğa qoydu, öz riyakarlığı, yalanları ilə özlərini tam ifşa etdilər. Dünyada özünü İslamın müdafiəçisi kimi göstərməyə çalışan İran İslamın müqəddəs məkanı sayılan məscidlərimizin murdarlandığına göz yumub, din qardaşlarının yatdıqları yerdə bombardman edilib qanına qəltan edilməsinə susub işğalçı Ermənistana qoşulub Azərbaycana böhtan atmağa, onun qanuni addımlarının qarşısını almağa çalışdı. Buna nail olmadıqda isə Ermənistanı özünə qardaş elan edib, Azərbaycana qarşı açıq-aşkar hədə-qorxuya keçdi və bununla da uzun illər milyonlar xərcləyib apardığı təbliğatla öz müdafiəçilərinə çevirmiş çoxlu Azərbaycan vətəndaşlarını qəflət yuxusundan ayıltdı. Bu gün də ayılmayanlar isə başqa mövzunun və başqa orqanlarının araşdırma mövzusu olacağına şübhə etmirəm.
İndi isə qısaca İran hakimiyyətinin Azərbaycana olan düşmən mövqeyinin bir çox səbəbləri olsa da əsasən 3 səbəbini izah edim:
Birinci səbəb, əlbəttə Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai göstəricilərinə görə İrandan irəlidə olmasıdır. Bu göstəriciləri başqaların sözündən yox, öz gözlərimlə gördüklərimdən izah edim. Birinci dəfə 1994-cü ildə ilk fürsət düşən kimi dahi Şəhriyarın qəbrini ziyarət etməyə, ikinci dəfə isə 1998-ci ildə o vaxtlar Azadlıq qəzetinin itkin düşmüş baş redaktorunu axtarmağa gedəndə İranda olmuşam. Ərdəbil, Təbriz, Qum, Tehranda olmuşam. Yamaqlı şalvar uşaq vaxtlarımda görmüşdüm, yamaqlı maşınları isə ilk dəfə orada gördüm. İndi yəqin ki, vəziyyət daha pisdir.
İkinci dəfə, Qənimət Zahidovu axtaranda 3 gün İranda oldum, bir çox orqanlarda, cürbəcür yerlərdə vətəndaşlarla çoxsaylı görüşlərim, söhbətlərim oldu. İnsanlarda olan qorxu, etibarsızlıq hisslərindən dəhşətə gəlmişdim, sanki biz başqa-başqa dünyalarda yaşayırdıq. Oradan qayıdanda ETTELAAT-ın gücü ilə bağlı suallar veriləndə qəzetlərə verdiyim müsahibələrdə bildirdiyim fikirləri buradan da təkrarlayıram. “ETTELAAT-ın heç bir peşəkarlığı yoxdur. Onun gücü ondadır ki, onun 60 milyon əməkdaşı var”. Bu gün isə artıq 85 milyon əməkdaşı var.
Hər dəfə İran yadıma düşəndə xatirələrimdəki odur ki, bütün dünyanı gəzib gördüklərimdən sonra İrana ayaq basdığım gündən çıxana qədər özümü sanki böyük bir qəbirstanlıqda hiss etdim. Hər şey ağ-qara, heç bir rəngarənglik görmədim. İnsanların üzündə isə ancaq qəm-qüssə, nigarançılıq gördüm. Getdiyim böyük restoranlarda belə insanların üzündə heç bir təbəssüm görmədim.
İndi təsəvvür edin ki, İranda yaşayan həmin insanlar Azərbaycana gəlir Bakı küçələrində şütüyən qərb, yaponiya istehsalı olan avtomobilləri, küçədə deyib gülən, istədiyi kimi geyinən insanları görüb geri qayıdanda pıçı-pıçı ilə də olsa gördüklərini danışırlar. Elə 44 günlük Vətən Müharibəsini izləyən İranlı soydaşlarımızın düşməni məhv edən PUA-larımızla, İranın bu günlərdə sərhədlərimizdə güc nümayiş etdirdiyi zamanı gördükləri keçən əsrin hərbi texnikası ilə müqayisəsi hər şeydən xəbər verir. Bunun özü İran rejimi üçün ən böyük müxalifətdir və baş verənlər onları narahat etməyə bilməz.
İkinci səbəb, əlbəttə ki, tarixdə ikiyə bölünmüş Azərbaycanın nə vaxtsa birləşəcəyi təhlükəsidir. İrah hakimiyyəti çox gözəl başa düşür ki, inkişaf etmiş Azərbaycan İran üçün ən böyük təhlükədir.
Üçünçü səbəb isə Azərbaycanın ərazi bütövlüyünü təmin edib sərhədlərinə nəzarətin gücləndirməsi ilə İranın ən nüfuzlu güc strukturlarının gəlir mənbəyi sayılan – narkotik alverinin qarşısı alınmasıdır. Bu böyük pullardan isə heç kim imtina etmək istəmir!
Aslan İSMAYILOV
Hüquqşünas
araz.az xəbər portalı.