“Film çəkilişləri ilə əlaqədar İranda olmuşam və 3 aydan artıq orda qalmışam. Qaldığım müddətdə farsların bizə mənfi münasibətinin real şahidi oldum. Filmin çəkilişləri 3 fərqli kənddə baş tutdu. Kəndlərin biri azərbaycanlıların yaşadığı, digər ikisi erməni və kürdlərin yaşadığı kənd idi. O iki kənddə işıq olsa da, azərbaycanlıların yaşadığı kənddə işıq yox idi. Əhali lampa işığında otururdu. Bundan onların bizə münasibəti bəlli olur”.
araz.az xəbər ki , bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti, aktyor Rasim Balayev İranın Azərbaycana qarşı münasibəti barədə danışarkən bildirib.
O qeyd edib ki, erməni farsın qaraçısıdır:
“Mən siyasətçi deyiləm, amma düşünürəm ki, onların qorxusu Azərbaycanın güclənməsi ilə bağlıdır. 10 milyon azərbaycanlı Azərbaycanın ərazisindədir, amma 40 milyon azərbaycanlı İran ərazisində yaşayır. İran hər zaman azərbaycanlıların birləşməsindən qorxub. Çünki İran ərazisindəki azərbaycanlılar digər millətlərin nümayəndələrindən çoxdurlar, amma heç belə bir məsələ yoxdur, ən azından ona görə ki, əlifbalar tamam fərqlidir. Birləşmək ehtimalından qorxan İrana Azərbaycanın güclənməyi onlara sərf etmir, amma səhv yoldadırlar. Danışdığım, söhbət etdiyim bütün iranlılar molla rejimindən bezdiklərini dilə gətirirlər. İran Azərbaycanın güclənməsindən qorxub və bu qorxu onların canındadır. Ona görə də, belə addımları atırlar.
İran Azərbaycanın gücündən qorxduğu üçün Ermənistana yardım edib və edir. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın bir yazısını oxudum, orda qeyd edib ki, İranın ərzağı və Rusiyanın silahı olmasaydı, onlar Qarabağı işğal edə bilməzdilər. Bu, İranın Ermənistana köməyinin hansı səviyyədə olduğunu göstərir”.
Aktyor bildirir ki, İran hökuməti Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı çox qəddar davranış sərgiləyir:
“Hökumətin bu addımına qarşı soydaşlarımız öz cavablarını veriblər. Onlar xəbərdarlıq edib ki, “bir az da dərinə getsəniz, bütün İran Azərbaycan olacaq”. İranda yaşayan soydaşlarımız da mənim millətimin nümayəndələridir. Onlara bizi dəstəklədikləri üçün təşəkkür edirəm və dözümlü olmağı arzulayıram.
Məni Bəzz qalasına dəvət edirdilər, hər il oranı bir milyona yaxın insan ziyarət edirdi. Bildirdilər ki, “Babək” filmindəki cümlələrdən ora yazırlar. Məsələn, “Bir gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha yaxşıdır”. Orda filmə də baxırdıq, hələ zarafatla deyirdim ki, deyəsən, axırda məni tutacaqlar. Sonra belə ziyarətlərə də mane oldular. Bu addımlar İranın Azərbaycan qorxusundan xəbər verir. Farslar Azərbaycana ermənidən daha çox düşməndir. İrandakı münasibəti gördükdən sonra buna əmin oldum.
İrandakı soydaşlarımız İranın hərəkətlərinə qarşı etiraz edirlər, Ermənistana kömək üçün göndərilən maşınların hərəkətinə mane olurlar. Soydaşlarımız əllərindən gələn hər bir şeyi edirlər, onlardan çox razıyam. İnanıram ki, zaman gələcək, onların da arzusu reallaşacaq”.
Aygül QARAYEVA
araz.az xəbər portalı.