“Bizim varlığımız İran üçün təhlükədir, hələ Sovet vaxtından bu belə olub. Sovetlər birliyinin tərkibindən çıxıb müstəqil dövlətimiz yaranandan sonra da bu, onlar üçün təhlükə idi. Çünki orada bizim 40 milyon soydaşımız yaşayır”.
araz.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Sovet İttifaqı dövründə İranda tərcüməçi işləmiş yazıçı Seyran Səxavət deyib. O, bildirib ki, İran hər zaman Azərbaycanın əleyhinə fəaliyyət göstərib:
“İndi də Ermənistanı müdafiə edir. Adamdan soruşarlar ki, sən belə vicdanlısan ki, 5-10 nəfər erməniyə status, muxtariyyət tələb edirsən, amma 40 milyon azərbaycanlıya öz dilində məktəbə getməyə şərait yaratmırsan?
Ermənilərin İranda məktəbi də, qəzeti də, mətbuatı da var. Mən orada işləyəndə – Şahın vaxtında hər cür şərait yaratmışdılar. O vaxt orada eşitdiyimə görə, təxminən 400 minə qədər erməni yaşayırdı. Niyə bəs onlara muxtariyyət vermir?
Bizim varlığımız həmişə İranın başının üstündə təhlükədir. Çünki bizim tarixi baxımdan xalq olaraq birləşmək ixtiyarımız var, buna mənəvi haqqımız var. Ona görə də İranın hərəkətləri başadüşüləndir. Onlar Quzey Azərbaycanın hər zaman problemlər içərisində olmasını istəyir ki, bizim soydaşlarımızla birləşmək məsələmiz gündəmə gəlməsin. Onların yeganə narahatlığı bununla bağlıdır”.
Seyran Səxavət deyir ki, əvvəl-axır bizim soydaşlarımızla birləşmə mütləq baş verəcək: “Bu mənim arzumun gələcəkdə təsdiqini tapmaq hikkəsi deyil. Bu tarixi şəraitlə bağlı olan bir şeydir. Elə bir şərait yarana bilər ki, İran öz canının hayında olar. İmperiyalar əbədi deyil, ümumiyyətlə, heç nə əbədi deyil, o cümlədən də İran. İrandan özümüzə qarşı səmimiyyət ummağımız böyük sadəlövhlük olardı.
Hamı bilir ki, ermənilər Qarabağda məscidlərdə donuz saxlayırdı. Məscidin coğrafiyası olmaz, dünyanın o başında da, bu başında da ora Allah evidir. İran bunu bilə-bilə fakta göz yumdu. Onlar özlərinə hörmət eləmədilər, səslərini çıxarmadılar, erməninin başını sığalladılar. Belə bir qurumla gərək əlində həmişə dəyənəklə dayanasan. Onlardan haqq, ədalət gözləmək sadəlövhlük olardı və Vətən Müharibəsi də göstərdi ki, biz sadəlövh xalq deyilik. Ona görə də heç vaxt ehtiyatı əldən verməməliyik. Biz artıq 30 il əvvəlki Azərbaycan deyilik”.
Prezident İlham Əliyevin Cəbrayılda olarkən İranla bağlı səsləndirdiyi tənqidlərə münasibət bildirən yazıçı deyir ki, Ali Baş Komandan özü dediyi kimi, nəyi, nə vaxt, harada etmək lazım olduğunu bilir: “O nə desə, biz onu dəstəkləyirik, çünki nə desə düz deyir. İranla bağlı nə mesaj göndərirsə, hamısı yerli-yerindədir və xalq da onun arxasında dayanıb. Bizim prezidentimiz kövrək, dəmiryumruqlu adamdır, həm də kişi adamdır. Efirdə Füzuli alınan günü çıxışım var idi, orada belə bir ifadə işlətdim “Mənim Prezidentim “blatnoy” oğlandır”. Həm də o yaltaqlığı sevməyən insandır.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev mənim qapı qonşum idi. O vaxt İlham Əliyev neft şirkətinin vitse-prezidenti olanda Faiqə deyib ki, “Ay Faiq, eşitmişəm, yığışıb futbol oynayırsınız, məni də aparın”. O da deyib sabah gəl. Sabahsı İlham Əliyev gedib, oyun başlayıb, onun komandasında kimin əlinə top düşürmüşsə, Əliyevə ötürüb. Hətta rəqib komandadan da kimə top gəlirmişsə, İlham Əliyevə ötürürmüş. Əliyev 5-6 dəqiqə dözür, axırda topu vurur yerə, çıxır gedir.
O mənada ki, İranla bağlı prezidentin mesajlarının hamısı yerli-yerində idi. Onun arxasında xalqımız dayanır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.