Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın Zəfərini və yüksəlişini dünyaya bəyan edir
Ötən ilin Vətən müharibəsində qazanılan parlaq hərbi və siyasi Zəfərdən sonra Azərbaycan xalqı öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu müharibə nəticəsində dövlətimiz özünün yeganə ağrılı problemini həll etdi, işğal altındakı torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ötən ilə qədər Azərbaycan dünyada yüksək templərlə inkişaf edən ölkə kimi fərqlənirdisə, indi beynəlxalq ictimaiyyət bizi həm də qalib dövlət, müzəffər xalq kimi tanıyır.
İşğal altında qalmış torpaqlarımız erməni vandallığının qurbanı olub
Azərbaycanı inkişaf yoluna çıxaran, söz sahibi edən Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq ölkəmizi qalib dövlətə çevirdi. Bu qələbə tariximizi şərəfləndirdi, xalqımızı qürurlandırdı, dövlətimizi daha məğrur etdi. Vətən müharibəsindəki zəfərin təntənəsi isə daim yaşanacaq, hiss olunacaq və gələcəyimizə işıq salacaq. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tarixi qələbəmizi tərənnüm edərək, onun əsas rəmzinə çevrilib. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılması, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi göstərir ki, işğaldan azad olunmuş torpaqlarımız dirçəlir, canlanır. Bu torpaqların əsl sahibləri onu zülmətdən xilas edərək yeni həyat bəxş edirlər.
Ötən ilin bu günlərində torpaqlarımız azad olunduqca başqa bir reallığın da şahidi olurduq. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən şəhər və kəndlərimizdə daşı daş üstə qoymamışdı. Cəbrayıl, Füzuli, Ağdam şəhərlərindən əsər-əlamət qalmamışdı. İşğal altında qalmış bütün ərazilərimiz erməni vandallığının qurbanı olmuş, şəhər və kəndlərimiz viran qoyulmuş, xalqımıza və dövlətimizə qarşı cinayət törədilmişdi. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilmişdi. 30 ilə yaxın bir dövrdə düşmən torpaqlarımızı erməniləşdirməyə, Qarabağın tarixini saxtalaşdırmağa çalışmış, ərazilərimizdə qanunsuz “tədqiqatlar” aparmışdı. Amma heç nəyə nail olmamışdı, çünki tarix saxtakarlığı, yalanı qəbul etmir.
Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq bu torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “…Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.
Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya doğru uzanan yollarda birinci xanım Mehriban Əliyevanın etdiyi videoçəkilişlər bu həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Sonrakı dövrdə azad olunmuş ərazilərə səfərlər zamanı bir daha gördük ki, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəşhilərlə üz-üzə qalmışdıq. Tarix sübut edir ki, müharibələr zamanı şəhərləri, mədəniyyət nümunələrini, abidələri məhv edənlər məhz mədəni şüur səviyyəsi geri qalanlar olublar. Vətən müharibəsi göstərdi ki, biz də belə bir şüur səviyyəsinin daşıyıcısı olan düşməni məhv etmişik.
Doğma yurd yerlərimizdə həyat yenidən canlanacaq
İşğal edilmiş torpaqların azad olunması uğrunda savaşdan qalib çıxan Azərbaycan dövlətinin qarşısındakı ilk missiya otuz ilə yaxın erməni vandallarının vəhşilikləri nəticəsində dağıdılmış ərazilərimizin yenidən qurulması və bərpasıdır. Bu, həm də ölkəmizin milli prioritetlərindən biridir. Çünki illərdir ki, doğma el-oba nisgili ilə yaşayan keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işləri isə hələ müharibənin davam etdiyi günlərdən başlamışdı. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişinə başlanmışdı. Ötən ilin sonunda təsdiq olunan dövlət büdcəsində isə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, bu ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi məqsədilə vəsait ayrıldı.
Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərinin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıdışı, burada məşğulluğun təmin edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün ilk növbədə tələblərə cavab verən infrastruktur mövcud olmalıdır. Hazırda bu ərazilərdə, ilk növbədə, infrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Prezident İlham Əliyev hərbi əməliyyatların başa çatmasından və Azərbaycanın Qələbəsindən sonra dəfələrlə işğaldan azad olunmuş rayonlara səfər edib. Dövlət başçısının bütün səfərləri Qarabağda və Zəngəzurda yeni avtomobil yollarının, hava limanlarının, elektrik stansiyalarının təməlinin qoyulması ilə əlamətdar olub. Bu səfərlər zamanı “ağıllı kənd” konsepsiyası əsasında kəndlərin təməli qoyulub, Ağdam və Şuşa şəhərlərinin Baş planı təsdiq olunub, tarixi-mədəni abidələrin bərpası ilə bağlı layihələrə start verilib.
Ümumiyyətlə, azad olunmuş ərazilərimizin bərpası kompleks tədbirlər sistemindən ibarətdir. Bu proqrama uyğun olaraq işğaldan azad olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın layiqli yaşayışı, məişəti, məşğulluğu təmin ediləcək. Doğma yurd yerlərimizdə həyat yenidən qaynayacaq. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək.
Yüksək templə başlanan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir
Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Qarabağ və Şərqi Zəngəzurda çəkilən yeni avtomobil yollarının ümumi uzunluğu 700 km-ə yaxındır. Həmçinin enerji ilə təminat məsələləri yoluna qoyulur, yeni yarımstansiyalar və su elektrik stansiyaları tikilir və bərpa olunur. Bunlar ilkin addımlardır və artıq bir hissəsi başa çatmaq üzrədir. Məsələn, qeyd edildiyi kimi, Suqovuşanda bir sıra infrastruktur layiəhələri artıq icra olunub. Daha əvvəl isə Laçında su elektrik stansiyası istifadəyə verilmişdi. Füzüli Beynəlxalq Hava Limanının və “Zəfər yolu”nun inşası başa çatmaq üzrədir.
Sentyabrın 27-də Anım Günü ilə bağlı xalqımıza müraciət edən Prezident İlham Əliyev deyib: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”.
Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə aparılan kompleks yenidənqurma işləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin növbəti təntənəsidir. Yüksək templə başlanan işlər bundan sonra da sürətlə davam etdiriləcək və azadlığa çıxan torpaqlarımız ən qısa zamanda bərpa olunacaq, keçmiş şöhrətini özünə qaytaracaq. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın qalibiyyətini və yüksəlişini bir daha dünyaya bəyan edəcək.
Vasif HƏSƏNOV,
YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini
araz.az xəbər portalı.