eldar34Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) “Bakı şəhərinin memarlıq görünüşünün qorunması və paytaxtda şəhərsalmanın gələcək inkişafı” mövzusunda seminar-müşavirə keçirilib.

araz.az  bildirir  ki. bu barədə BŞİH-dən  verilən məlumata görə, müşavirədə İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə bu qurumların rəhbərləri, aparıcı memarlar və hazırda tikilən binaların memarları iştirak edib.

Seminar-müşavirəni açıq elan edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bugünkü seminar-müşavirə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyələrinə uyğun olaraq təşkil edilib: “Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər nəticəsində paytaxtımız Bakı şəhəri ciddi şəkildə inkişaf edərək dünyanın ən gözəl şəhərləri sırasında yer alır. Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib. Paytaxtın dinamik inkişafı davam edir. Memarlar müasir tələblərə cavab verən layihələr hazırlamalı, bu zaman Milli memarlıq üslubu və xüsusiyyətləri qorunmalıdır. Bugünkü tədbirimizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tanınmış memarlar şəhərin gələcək inkişafı ilə bağlı öz təklif və tövsiyələrini verəcəklər”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək respublika ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının göstərişlərinə əsasən aparılan genişmiqyaslı quruculuq işlərindən söz açıb, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətli şəhərsalma və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayaraq, hazırlanan layihələrdə bu ərazinin coğrafi quruluşu, milli-memarlıq ənənələri və normativ tələblərin gözlənilməsinə xüsusi diqqət ayrıldığını qeyd etdi, bu proseslərdə məhz memarların böyük rol oynadığını bildirib.

Anar Quliyev layihələndirmə və tikinti işlərində son illər ərzində rast gəlinən nöqsan və problemlərdən danışdı, onların həlli yollarına diqqət çəkib. Həmçinin qeyd olunub ki, planlaşdırılan, layihələndirilən və inşa edilən bütün komplekslərdə, bina və qurğularda dünya miqyasında istifadə edilən mütərəqqi yanaşmaların öyrənilərək tətbiqi, vətəndaşlarımızın rahatlığını, təhlükəsizliyini və rifahını təmin edəcək dayanıqlı və davamlı şəhərsalma mühitinin formalaşdırılması başlıca vəzifələrdəndir.

Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə memarlığın günümüzdəki önəmi və bu sənətin özəlliyindən danışıb. Gənc memarların ixtisaslaşması məsələsi və layihələndirmə işlərində peşəkar mütəxəssislərin çalışdığı şirkətlərə üstünlük verilməsinin vacibliyini qeyd edib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Tədbir iştirakçılarına şəhərdəki tiklilər, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə rast gəlinən çatışmazlıqlar, layihələrin keyfiyyətinin artırılması üçün Komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər haqqında ətraflı məlumat verilib, təqdimat nümayiş olunub. Tədbir çərçivəsində layihələndirmədə müasir texnologiyaların tədbiqininönəmi vurğulanıb, bir sıra Azərbaycan şirkətlərinin yeni texnologiyaların mənimsənilməsində əhəmiyyətli addımlar atdıqları, bununla da inşaat obyektlərinin layihələndirilməsi və tikintisinin səmərəlilliyi, keyfiyyətinin artırılmasına nail olunduğu qeyd edilib.

Bəzi tikinti layihələrində rast gəlinən çatışmazlıqlar və nöqsanlar, layihə təkliflərində istifadə olunan üslubların şəhərin memarlıq görünüşünə xələl gətirməməsi ilə bağlı, habelə layihələrin keyfiyyətinin yüksəldilməsinə dair Komitə tərəfindən layihələndirmə təşkilatlarına müvafiq tövsiyələr verilib.

Daha sonra tədbirdə iştirak edən layihə şirkətlərinin nümayəndələri və memarlar arasında ətraflı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar qurumların rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirdikləri təkliflər qeydə alınıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.