trendpeyvendvaksinasiya18012144

Uşağın xəstələnib COVİD-dən ölməsi, yoxsa vaksin olunmaqla həyatının qorunması dilemması – infeksionistdən reaksiya

araz.az  Yeni Müsavat-a istinadən bildirir ki, Azərbaycanda 12-15 yaşlı yeniyetmələr arasında vaksinasiyanın başlanacağı xəbəri valideynlər arasında narazılığa səbəb olub. Bizimlə söhbətdə Nurəngiz adlı paytaxt sakini bildirib ki, övladlarını vaksin etdirməyə icazə verməyəcək: “Mən özüm vaksin olunmuşam, vaksindən sonra xəstələnmişəm, ağır keçirmişəm. Ona görə inanmıram. Uşaqlarımı da tanımadığım, bilmədiyim dərmanla zəhərləyə bilmərəm. İndi deyirlər könüllüdür, amma bir az sonra deyəcəklər məcburidir. İndidən deyirəm, məcburi olsa, uşaqları məktəbə aparmaqdan belə imtina edəcəyəm”.

Digər valideyn Əzizə də bizimlə söhbətdə uşağına vaksin vurdurmayacağını deyib: “Bizə də əvvəl deyirdilər vaksin könüllüdür, amma indi heç yerə gedə bilmirik. COVİD pasportu olmadan məktəbə də buraxmırlar. Ona görə inanmıram ki, könüllü keçirilsin. Özüm vaksin olunmuşam, biz onsuz da ömrümüzü necəsə yaşamışıq, amma övladlarıma vurulmasını istəmirəm, risk etmirəm. Qadağan edəcəklər, uşaqlarımı heç yerə aparmayacağam”.

Qeyd edək ki, epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib: “Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (”Comirnaty”) peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq”.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə valideynlərin narahatlığına səbəb olan məsələyə münasibət bildirib: “Heç kimi məcbur etmirlər ki, vaksin olunsun. Qanunda belə yazılıb ki, hər iki valideynin razılığı ilə olmalıdır.  Bir var uşaq gedib xəstələnə, koronavirusdan dünyasını dəyişə, bir də var vaksin olunmaqla həyatını qoruya. Nə üçün insanlar belə qəliz düşünür. Uşaq anadan olanda ona 9 vaksin vurulur.  Valideynlər özü aparır ki, uşağımın difteriya, polimelit peyvəndi qalıb, vurun. Burada qeyri-adi və qorxulu bir şey yoxdur. Bu da o vaksinlər sırasında olan peyvənddir. Qərar verilərsə, bütün dünyada təsdiq olunur. Amerika, Avropa bütün dünya tətbiq edir, biz onlardan daha çoxmu inkişaf etmişik?!”

V.Cavadzadə, “valideynlər digər profilaktik peyvəndlər təqvimində olan vaksinlərə etibar edir, niyə COVİD peynvəndinə şübhə edirlər” sualına belə cavab verib: “Bu da profilaktika məqsədilə sağlam şəxslərə vurulur. Bu vaksinlərin o biri vaksinlərdən nə fərqi var ki? Eyni texnologiya ilə hazırlanan vaksinlərdir”.

İnfeksionist “vaksinlərdən sonra xəstəliyi ağır keçirənlərin olması, bu səbəbdən inamsızlıq yaranması” iddiasına da fikir bildirib:  “Ağır keçirənlərin, reanimasiyaya düşən insanların böyük əksəriyyəti pasportu saxta yolla əldə edənlərdir. Bu gün nə qədər saxta yolla pasport əldə edənlər var. Öz təcrübəmə əsasən deyə bilərəm ki, vaksinasiya etdiyim insan 3-4 ay sonra COVİD-ə yoluxub, o insan yanaşı xəstəliyi olsa belə, xəstəliyi yüngül keçirib. Ona görə qərar verilibsə, burada qeyri-adi bir şey yoxdur. Bir var uşaq xəstələnə, bədbəxt hadisə ola. Amma vaksin olunmaqla biz onu qoruyuruq. Hələ ki buna məcburiyyət də yoxdur”.

İnfeksionist “poliklinikalarda valideynlərin profilaktik peyvəndlərdən  yazılı şəkildə imtina etmək hüququ var. COVİD vaksini ilə bağlı belə bir seçim olacaqmı” sualına belə cavab verib: “Uşaq vaxtı vurulan o peyvəndlər hansı ki xəstəliklərdən qoruyur, həmin xəstəliklər pandemiya olaraq yayılmaq xüsusiyətinə malik deyildilər. Məsələn, COVİD-19 infeksiyası qədər pandemiyaya səbəb olan heç bir xüsusiyyətləri yoxdur. Bu xəstəliklərin heç biri yayılma xüsusiyyətinə malik deyil. Amma COVİD-19 pandemik bir infeksiyadır. Ona vurulmasın, buna vurulmasın deməklə, uşaqlar digərlərini yoluxdura bilər. Ona görə bu məsələ mənim üçün də açıq qalır. Pandemik infeksiyalarda hər kəs vaksin olunmalıdır ki, bu pandemiya bitsin. Nə vaxta qədər davam edəcək?!”

“Antibiotiklərə qarşı allergiyası olan uşaqlara, ümumiyyətlə allergik uşaqlara COVİD peyvəndi vurula bilərmi” sualına müsahibimizin cavabı belə oldu: “Bu günə kimi vaksinlərin vurulması kimə məsləhət görülürdüsə, uşaqlar üçün də o qayda tətbiq olunacaq. Kəskin allergik reaksiyası olan uşaqlar, qan sisteminin müəyyən patalogiyası olan uşqlara vaksin təbii ki, əks göstərişdir. Bunu da komissiya müəyyən edəcək”.

Bu arada, yeni bir araşdırmanın nəticələri “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan iki dozalı COVİD-19 peyvəndi ikinci dozadan sonra COVİD-lə bağlı hospitalizasiyaya qarşı ən azı altı aya qədər 90 faiz müdafiə yaratdığını da ortaya çıxarıb.

Pediatr Günay Rəsulova da mövzu ilə bağlı fikir bildirib: “Uşaqlar üçün profilaktik peyvəndlər təqvimində yer alan bütün vaksinlər daxil, COVİD-19-a qarşı vaksin də ağır, ölümcül infeksion xəstəliklərdən qorunmaq üçündür. Bu peyvəndlər tibbin gəldiyi ən yüksək nəticə, ən yaxşı avantajdır. O infeksiyalardan uşaqlar da sığortalanmayıb. Uşaqlar da koronavirusu ağır keçirə bilir. Uşaq yaşlarından nəzərdə tutulan, istifadəsinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən peyvəndlər  mütləq tətbiq edilməlidir. Artıq  qardaş ölkədə də 12 yaşından etibarən uşaqların vaksinasiyasına start verilib. Bu o deməkdir ki, bu yaşdan etibarən istifadəsinə icazə verilən peyvəndlər var. Bunun vurulmasını tövsiyə edirəm. Çünki biz görürük ki, uşaqlar COVİD infeksiyasını hətta ağır keçirə bilərlər. Keçirilmiş koronavirus xəstəliyindən sonra 4-6 həftə müddətində post-COVİD sindromu yaranır. Bu, çox ağır bir sindromdur. Bütün daxili orqan və sistemlərin, hətta ürək də daxil olmaqla, orqan yetməzliyinə gətirib çıxara biləcək bir sindrom yaşanır. Bu sindromdan da qorunmaq üçün əlbəttə, COVİD təması, koronavirusun keçirilməməsi vacibdir. Peyvəndlər bizi ölümcül infeksion xəstəliklərdən qoruyur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.