SEYX4 3

İngiltərə məhkəməsi Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumu “Pegasus” casus proqramından istifadə edərək, Londonda yaşayan keçmiş arvadı və onun vəkillərinin telefonlarını izləməyi əmr etməkdə ittiham edib.

Məhkəmənin qərarında bildirilib ki, Əl-Maktum keçmiş arvadı Şahzadə Haya bint əl-Hüseyn və vəkillərinin telefonlarına müdaxilə edilməsini istəyib.

Bundan başqa, qeyd olunub ki, Maktum yanında işləyənləri Hayanın Londondakı evinin yanındakı malikanəni satın almağa məcbur edib. Bu göz qorxudan hərəkətlər səbəbindən şahzadə özünü “ovlanmış, təhlükədə və nəfəssiz” hiss edib.

72 yaşlı Dubay əmiri ilə Şahzadə Hayanın uşaqlarının vəkaləti ilə bağlı məhkəmə prosesi davam edir. Şahzadənin telefonu  dinlənən vəkillərindən birinin İngilis Lordlar Palatasının üzvü olan Fiona Şakleton olduğu açıqlanıb. O, Şahzadə Diana ilə Şahzadə Çarlzın boşanma işində taxtın varisini təmsil edib.

Onların telefonlarının dinlənilməsi barədə məlumatı isə İngiltərənin keçmiş Baş naziri Toni Bleyrin həyat yoldaşı Çeri Bleyrin verdiyi bildirilir. Çeri Bleyr İsrailin “NSO Group” şirkətinin önəmli vəkillərindən biridir.

Maktum haqqındakı iddiaların əsassız olduğunu bildirərək, bütün ittihamları rədd edib.

Xatırladaq ki, şahzadə Haya 2019-cu ilin əvvəlində 39 milyon dollar götürərək uşaqları ilə birlikdə İngiltərəyə qaçıb. Sığınacaq tələbi rədd edilən Hayaya İordaniya kralı olan qardaşı II Abdullah bin Hüseyn dəstək olub və onun ölkəsinin Londondakı səfirliyində diplomat təyin olunması haqqında əmr verib. Hayanın diplomat olmaq üçün müraciəti London hökuməti tərəfindən qəbul edilib.

Qeyd edək ki, “OCCRP” beynəlxalq jurnalist təşkilatı “NSO Group” tərəfindən yaradılmış “Pegasus” casus proqramı vasitəsilə dünya üzrə siyasətçilərin, jurnalistlərin və aktivistlərin telefon danışıqlarının dinlənildiyi barədə qalmaqallı bəyanat yayıb.

Təşkilatın dünyanın aparıcı KİV orqanları ilə birgə həyata keçirdiyi araşdırmaya əsasən, kəşfiyyat xidmətlərinə, hüquq-mühafizə orqanlarına və hərbi qurumlara “Pegasus” casus proqramına girişi 2016-cı ildən təmin edib.

Belə məlum olub ki, proqram 50-yə yaxın ölkədə 50 mindən çox cihaza, Azərbaycanda isə mindən çox telefona yüklənib. Hədəf alınan telefon nömrələri əsas olaraq Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və BƏƏ-dən olub.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.