Şuşaya səfər edən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun avtomobili əlindən alınıb.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu barədə A.Şakiroğlu özü məlumat verib.
“DYP əməkdaşlarının qanunsuz hərəkətləri bitmək bilmir ki, bilmir! Hələ etdikləri qanunsuzluqla yanaşı etdikləri tərbiyəsizliyi demirəm…
Bu gün saat 07:00-da Lökbatandan Su İdman Sarayına doğru hərəkət edən zaman bu yolda mətbuatda tirajlanmamış, öncədən elan edilməmiş “reyd” təşkil edildiyini gördük. Təbii ki, bizi də heç bir səbəb olmadan saxladılar. Sürücümdən sənəd tələb edən DYP əməkdaşı sənədlərin qaydasında olduğunu gördükdən sonra yeni bir “əmma” axtarışına çıxdı. Avtomobildə əyləşmiş köməkçimin “kəmər taxmamasını” səbəb göstərərək avtomobilin cərimə meydançasına getməli olduğunu bildirdi…
Müdaxilə edərək özümü təqdim etdim, daha sonra isə DYP əməkdaşına izah etməyə çalışdım ki, avtomobilin ön hissəsində əyləşmiş sərnişinin “kəmərdən istifadə etməməsi”nə görə avtomobil cərimə meydançasına aparıla bilməz! Eyni zamanda tələsdiyimizi diqqətinə çatdırdım. Buna məhəl qoymayan, qanunun şah deyil, şahın qanun olduğunu düşünən və özünü “şah hesab edən” bu polis əməkdaşı qanunsuz tələblərini davam etdirməyə başladı. Avtomobilin cərimə meydançasına gedəcəyinə göstəriş verdi. Təbii ki, biz mübahisə etmədik. Köməkçimlə avtomobilimi tərk edərək taksi xidmətindən istifadə etdim. Sürücüyə tapşırdım ki, heç bir mübahisə etmədən hansı cərimə meydançasına deyirlər, gedib maşını yerləşdirsin, daha sonra bu qanunsuzluqla bağlı tədbir görərik… Kefimi heç pozmaq istəmədim. Çünki müqəddəs Şuşa şəhərinə yollanırdım… Taksi ilə mənzil başına çatan ərəfədə sürücüm zəng edərək məlumat verdi ki, özünü “şah” hesab edən DYP əməkdaşı səhvini anlayıb və avtomobili “güzəşt edərək” buraxıb…
Bütün bunları qələmə almaqda əsas bir məqsədim var: Ölkənin dövlət qeydiyyatında olan siyasi partiyalarından birinin rəhbəri olaraq mənim hüquqlarım naşı bir DYP əməkdaşı tərəfindən bu formada pozulursa, görün sadə, öz hüququnu bilməyən vətəndaşlarımız nə zülm yaşayır…
Görünür, hələ çox dəyişikliklər edilməlidir. İşini, vətəndaşla danışığını bilməyən, vəzifə səlahiyyətlərini aşaraq vətəndaşa qarşı qanunsuz tələb irəli sürən, qanunları ayaqlar altına ataraq, mətbuatda öncədən elan edilməmiş “reyd”lər təşkil edərək vətəndaşları hakimiyyətlə üz-üzə qoyan, narazı salan bu tip işini bilməyən şəxslər xidmətdən uzaqlaşdırılmalıdırlar.
Ritorik suallarım da var:
1) 7 oktyabr 2021-ci il tarixində səhət saat 07.00-dan 08.00-dək Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin reyd keçirəcəyi ilə bağlı hansı mətbuat orqanında (və ya DYP-nin rəsmi səhifəsində) öncədən elan verilib?
2) Belə bir elan mövcud deyilsə, bu “reyd”ə nə ad vermək olar?
3) Rəsmi reyd haqqında qərar olmadığı halda stasionar post olmayan ərazidə DYP əməkdaşının heç bir inzibati xəta törətməyən avtomobili saxlayıb, sənədlərini yoxlamaq hüququ varmı?
4) Avtomobilin hər bir sənədləri yerində olduğu, idarə edən sürücünün spirtli içki qəbul etmədiyi halda hansı əsasla cərimə meydançasına aparıla bilər?
Ayıbdır, sadəcə, ayıb!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.