Uşaq olanda bizi də hamı kimi Təzə Pirə “Aşura”günü ziyarətə aparırdılar.
O boyda məscidin nəinki daxilinə, heç həyətinə belə keçmək müşkül iş olurdu. O ki qala balaca uşaqlar üçün. Əl-ayaq altında qalırdıq. Sonra da əlimizə qara parçadan ip bağlayırdılar. Hələ də başa düşmürəm ki, niyə. Məscidin həyətində olan qadınlar deyərdi ki, bu ipi bağla, arzu tut, düyün açılanda arzun yerinə yetəcək. Xurafat və cahilliyin dibi…
Bəziləri zəncirlə kürəklərinə o qədər döyərdilər ki, qan tökülərdi üstlərinə. Hətta başlarını yaran da olurdu. Bu gün də belə düşünənlər var ki, baş yarmaqla savab qazanmaq mümkündür. Düşünürəm ki, əgər bizim dövlətimiz dünyəvi olmasaydı, biz də qan çıxana qədər kürəyimizə zəncir vuracaq, başımızı yaracaqdıq.
Yaxşı ki, iki-üç kitab oxuyub anladıq ki, belə etmək düzgün deyil. İslam dini bu kimi addımlara qarşıdır. Çünki bəndənin özünə xətər yetirməyi günah sayılır. İbadət isə bizdən tamam fərqli addımlar atmağı tələb edir. Amma və lakin biz oxumadan, öyrənmədən qonşunun nənəsinin və ya əmisioğlunun dediyi kimi “müsəlman” olmağa çalışırıq və hazırıq. Biz bozarana qədər corabın üstündən məs çəkmək olar və ya olmaz mübahisəsini aparacaq, ancaq qonşuda ac yatan uşaqlardan xəbərimiz olmayacaq.
“Qonşusu ac ikən, özü tox yatan bizdən deyil” demiş Hz. Məhəmməd (S.A.V). Biz İslam dininin qlobal və əsas şərtlərini bir kənara atıb hansısa “ağaların” əlində oyuncaq olmağa daha çox meyilliyik. Biz dünyaya barış və rəhm daşıyan İslamı deyil, hər gün yeni bir təriqət çıxaran, onu ortaya atan, ideoloji maraq güdənlərin əlində çömçə olmağa üstünlük veririk.
Sual olunur niyə? Yəni biz onlardan daha axmağıq? Yoxsa əqli qüsurumuz var? Niyə İranın hansısa mollası Bakıda bizim millətə ağıl verməlidir və onun verdiyi “ağıl” Allahın kəlamından belə üstün sayılmalıdır? Niyə bizim vətəndaşlar, qadınlar, şəhidin məzarı üstündə, qara çarşabda İranın siyasi-milli süarlarını səsləndirməlidir? Siz qadınlar, analar bu qədərmi anlamırsız sizdən istifadə etdiklərini?
Oğlunu, ciyərparasını itirən anaya təsəlli verməkdən, onun övladının Allah yanında ən üst qatda olmasını demək əvəzinə, onsuz da mənəvi cəhətdən acı çəkən ananın beynini qarışdırırsız. Həssas dövr yaşayan anaları, ataları dövlətə, dövlətçiliyə, Azərbaycana qarşı qoyursuz. Axı o ana əmindir ki, onun evinin işığı olan oğlu Vətən yolunda şəhid olub. Ana əmindir ki, onun övladı torpaqları azad edib. Bu “qara çarşablı” qadınlarsa ananın ruhuna vəlvələ salır ki, sənin oğlun boş yerə vəfat edib. Bax, daha da yan!
Sənin oğlun torpaq, Vətən, namus uğrunda deyil, “sionistlərin” marağı hesabına öldürülüb. “Qara çarşablılar”, budurmu sizin Allah, din sevginiz? Aramıza nifaq salmaqdır məqsədiniz. Bizi parçalamaq, öz “ağanıza” yaxşı xidmət etməkdir bu. “Qara çarşab” altında gizlənərək İranın planını Bakıda həyata keçirməkdir bu. Təəssüf ki, bu kütlə Allaha deyil, “ağasına” təslim olur. Onun dediyi ilə yaşayır, onun dediyini yeyib-içir. Və faciədə buradan başlayır.
Daha radikal istiqamətə yönlənən kəslər evdə, ailədə, işdə ətrafdakılara qarşı təzyiq göstərir, dini fanatizm ibadətin yerini tutur. Bunun nəticəsində ailələr dağılır, faciələr yaşanır. Bu adamlar özlərini dini baxımdan hamıdan savadlı, hamıdan inanclı sayaraq hər dəqiqə digərlərini alçaltmağa çalışır, ya da digərlərini “ağalarının” təsiri altına salmağa cəhd edirlər. Çünki bu gün bir daha əmin olduq ki, Bakıdakı “qara çarşablılar” İranın dini, siyasi liderlərinin dediyi cümlələri təkrarlayır.
Gör İran necə çarəsizdir ki, İsraili Azərbaycanda axtarır. Özü də qadınların əliylə. Heç kimin əlində oyuncaq olmamaq, heç bir qüvvələrin təsir dairəsinə düşməmək üçün sadəcə Allahla öz aramıza heç kimi buraxmalı deyilik. Madam ki, müsəlmanın kitabı-Quran var, niyə hansısa adamların dediyi ilə oturub-durmalıyıq? Niyə qəlbimizi Allaha yox, hansısa üçüncü şəxsə təslim etməliyik? Biz Allahı “ağalarda” axtardıqca, İranın və digər qüvvələrin dini pərdə altında agentləri insanlarımızın beynini yuyacaq, öz maraqlarında istifadə edəcək.
Bu gün səfər ayının sonuncu günüdür. Bu barədə Allah Rəsulu (s) buyurur: “Bu (Səfər) ayda sən qardaşınla üzləşəndə gülərüz olsan, bu sənin üçün sədəqə sayılar. Bu ayda kimisə pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsən, bu da sədəqədir. Azmışlara yol göstərmək, yol təmizləmək də sədəqə sayılır”.
Çox inanıram ki, yolunu azmışlar tezliklə Allahın yoluna qayıdar. Vətənə, ailəsinə, dövlətinə sadiq olar. Çünki minlərlə can bu ölkənin, bu bayrağın, bu dövlətin uğrunda fəda oldu. Fəda oldu ki, bu gün Azərbaycan azad, müstəqil və güclü olsun! Heç kimin bu düzəni pozmağa haqqı yoxdur! Heç kimə də bu haqq verilməyib! Çünki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, fars rejiminin deyil!
Kubra MƏHƏRRƏMOVA.
araz.az xəbər portalı.