Azərbaycan müharibə dövründə Ermənistanı sülhə, Qarabağ ermənisini isə birgə yaşayışa dəvət bəyanatını rəsmi səviyyədə 23 dəfə səsləndirib. Qarabağda doğulan erməniyə təhlükəsiz yaşayış üçün ərazi təqdim etmək isə bu bəyanatın alt sətiridir. Əks halda səslənən bəyanatları kimsə ciddi qəbul etməzdi. Bu bəyanatın altını real fəaliyyətlə doldurmayanda, 21-ci əsrin qaydaları ilə adətən sanksiya və beynəlxalq təzyiqlər tətbiq edilir. Sülhməramlılar isə başa çatmaqda olan istənilən münaqişə ocağına cəlb olunurlar və gələcəkdə də cəlb olunacaqlar. Qarabağda nizamlama prosesində sülhməramlıların iştirakına münaqişə tərəfləri 1994-cü ilin mayında razılıq verib.
Ermənistandan olan mənbələr müharibənin son günlərində Xankəndində təxminən 200, Xocavəndə 150 nəfər əsgəri qaldığını yazırdı. Beş rayon itirən bu dizi əsən heyətə 500 nəfər də mən əlavə edirəm. Qarabağın cənub-şərqində 15 min erməni qoşunun olması və onların mühasirəyə düşmək təhlükəsi barədə Paşinyanın dedikləri blef idi. Çünki, atəşkəs imzalanan gün Ermənistanın itkiləri fərarilərlə birlikdə 25 – 27 min arasında olub. Ermənistan ərazisində qalan heyətin, Naxçıvan, Qazax, Tovuz və Gədəbəydə Azərbaycanla sərhədi qoruyanaların, Ağdam, Ağdərə, Tərtər, Göranboy, Göygöl və Daşkəsəndə keçmiş təmas xəttində müdafiə olunanların toplam sayı ən azı 18-20 min olmalı idi. Əvvəlki 27 minlik itkiyə bu 20 mini və ölkə rəhbərliyinin tabeliyində olan ən azı 5 min nəfərlik ehtiyatları da əlavə etsək, Ermənistanın Qarabağın cənub şərqində 1000- 1500 nəfərdən artıq canlı qüvvəsinin qalmadığını iddia edə bilərik. Əgər Ermənistanın Qarabağın cənubunda 10 minlik canlı qüvvəsi olubsa, o zaman zirehli, yüngül zirehli və zirehsiz vasitələri, YARS-ları, TƏİRK-ləri, külli miqdarda silah və sursatları niyə döyüş meydanında tərk etmişdilər? Bu 15 minlik qoşun barədə Paşinyanın dedikləri, onun inandırıcı yalan danışmaqda çətinlik çəkdiyinin növbəti göstəricisi hesab oluna bilər.
Azərbaycanın isə 40 min əsgəri erməniyə hücuma hazır vəziyyətdə gözləyirdi. Tutaq ki, ehtiyatdan olan qüvvəmizdən 5-6 min nəfər ayırıb Xocalı, Xocavənd, Əsgəran, Agdərə və Xankəndini də işğaldan azad etdik. Əzilmiş erməni ordusunun Şuşadan sonra Qarabağın cənub şərində və mərkəzində ciddi müqaviməti mümkün deyildi. Buna paralel olaraq “Ağdərə və Əskəranı daha əvvəl şimaldan hücumla işğaldan azad edə bilərdik” fikrinə də qarşı çıxmıram. Bu niyə baş vermədi sualına cavabım isə hələ tam hazır deyil.
Adı çəkilən ərazilərin azad olunmasında itkilərimiz təxminən 1000 nəfərə qədər ola bilərdi. Rusiyanın bu proseslərə səssiz qalacağı ehtimalı minimum olsa da, hesab edək ki, bu belə olub və biz digər əraziləri də işğaldan azad etmişik. İstənilən halda, əməliyyatların sonunda atəşkəs barədə sənəd imzalanacaqdı. Qarabağda doğulan erməniləri, heç olmasa onların bir hissəsini tərk etdikləri evlərinə qaytarmalı idik. Birgə təhlükəsiz yaşayışı 30 ildir ki, hər dəfə təsdiqləyirik. Əks halda üstümüzə gələnlərin (hürənlərin) sayı bir qədərdə, bəlkə bir neçə dəfə arta bilərdi. Azərbaycan Əsgərinin süngüsü altında yerli ermənilərin Qarabağa qayıtması real səslənirmi? Deməli silahla azad etdiyimiz, şəhid verdiyimiz hansısa ərazidən müvəqqəti də olsa Əsgərimizi geri çəkməli idik ki, yerli ermənilər sülhməramlıların vasitəsilə geri qayıtmağa razı olsunlar. O zaman şəhid ailələri, yaralılar, orada döyüşənlər və s. bu geri çəkilməni necə dəyərləndirəcəkdi?
Mən bu qısa şərhdə Xocalı, Xocavənd, Əsgəran, Agdərə və Xankəndinin işğaldan azad edilməsi zamanı Rusiyanın, Fransanın, ABŞ-ın və digər dövlətlərin, beynəlxalq qurumların təzyiqlərinin miqyasını nəzərə almadım. Müharibə zamanı Xəzər üzərində baş verənləri, Ermənistan ordusunun mövqelərindən 350- 400 km aralıda yerləşən Bakıda ətrafındakı partlayışı, Naxçıvan sərhəddində rus helikopterinin peyda olmasını, erməni ordusunun mürəkkəb silah sistemlərindən istifadə potensialının olmadığını, Rusiyanın çəkindirmə silahından yatan mülki sakinlərə kimi atəş açdığını, Mingəçevirə ardı arası kəsilməyən zərbələri və s. kimi çox vacib faktorları da tam görməzdən gəldim.
Qələbə qazanmaq çətin, məşəqqətli, əzablı və şərəfli prosesdir, lakin onun əldə saxlamaq və qorumaq da vacibdir. Bunları bacardıq. İndi isə bu Qələbəmizi digərlərinə, o camlədən düşmənə və üstümüzə hürənlərə qəbul etdirməliyik. Ən çətini də budur. Hamımız maksimum nəticə tələb edir. 30 il Vətən həsrəti yaşayan hansı azərbaycanlı türkü istəməzdi ki, bu məsələ birdəfəlik həll olsun? Hansı iqtidar, müxalifət və ya bitərəf istəməzdi ki, Şuşa kimi ən mürəkkəb və çətin vəzifəni yerinə yetirəndən sonra ayağımızın altında olan 30 kv.km-lik Xankəndində, soyqırıma məruz qaldığımız Xocalıda və ya yarısından çoxunu azad azad etdiyimiz Xocavənddə üçrəngli Bayrağımız dalğalanmasın?
O zaman adı çəkilən ərazilər niyə azad olunmadı? Çünki, Azərbaycan-Ermənistan münaqişəsi sırf hərbi münaqişə deyil, hərbi-etnik münaqişədir. Belə olmasaydı Avropada türk ilə erməni Qarabağ uğrunda mübahisə zəminində bir birinə xəsarət yetirməzdi. Belə olmasaydı, ermənilər Xocalı, Malıbəyli, Quşçu, Qaradağlı, Bağanis Ayrım faciələrini törətməzdi, məscidlərimizdə heyvan saxlamazdı, qəbirdən vətəndaşlarımızın sümüklərini çıxarıb daşımazdı və s.
Son 40 ildə hərbi etnik münaqişə ilə Afrikanın 18 ölkəsi, Şimali və Cənubi Qafqaz, Ukrayna, Moldova, Orta və Mərkəzi Asiya, Balkan yarımadası, Şimali İrlandiya, Britaniya, İsrail, İspaniya və s. qarşılaşıb. Göstərilən müddətdə bu ölkələrdən hansı hərbi-etnik münaqişəni həll edə bilib? İsrailin imkanlarını araşdıraq. 60 ərəb ölkəsinə qarşı savaşıb qalib gələn İsrail, bir ovuc Fələstinlə 70 illik problemi niyə bir dəfəyə həll edə bilmir? Birdəfəlik həll bütün fələstinlilərin yox edilməsi ilə mümkün ola bilər, lakin bu 20 və ya 21-ci əsrdə real məsələ deyil.
Bəzilərimiz isə 200 illik problemin bir dəfəyə və ya 44 günlük Müharibə ilə tam həllini arzu edir. Arzu olaraq başa düşüləndir, bu şərhi yazanda bir vətəndaş kimi mən də bunu arzu edirəm, lakin ədalətsiz dünyanın mövcud reallıqları bizim arzularımızdan asılı deyil və tam fərqlidir. Tam Qələbə yerli ermənilərin Qarabağda qalması ilə mümkün olacaq. Bunun üçün tam Qələbəyə əvvəlcə özümüz inanmalıyıq, əks düşünən rəqiblərimiz isə bizim arzularımızın qarşısında məğlub olmalıdır. Necə ki, 30 il arzuladığımız Qarabağın 75 faizini 44 gündə bir həmlə ilə əldə edərək onları məğlub edə bildik.
Xankəndində üçrəngli Bayrağımızın mümkün olan ən qısa müddətdə dalğalanması arzusu ilə…
Hərbi ekspert Ədalət VERDİYEV.
araz.az xəbər portalı.