Etibarlı mənbələrdən aldığımız məlumata görə, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə yiyələnmək uğrunda üç rəfiqə arasında gedən mübarizə yaxın saatlarda başa çatmaq üzrədir.
araz.az Heqiqet carcisi.az-a istinadən bildirir ki, Abşeron rayonunun Güzdək qəsəbə orta məktəbinin direktoru Sevil Əliyeva çoxdandır uğrunda çirkin mübarizə apardığı postu ələ keçirməyə son dərəcə yaxınlaşıb.
O, bu mübarizədə “mehriban düşmənləri” olan rəfiqələrini – Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Ədalət Camalovanı və Ceyranbatan qəsəbə 1 saylı orta məktəbin direktoru Çinarə Atayevanı qabaqlayıb. Bu rəfiqələr indiyədək “sözə baxmayan” xeyli həmkarlarını sıradan çıxarıblar.
Xatırlatma üçün qeyd edək ki, Sevil Əliyeva o kəsdir ki, Sumqayıtda yüksək rütbəli polis zabiti olan həyat yoldaşının pulu və əlaqələri hesabına adını Naxçıvanda məktəblərin birinə yazdıraraq, bağçada tərbiyəçi vəzifəsindən birbaşa Abşeron Rayon Təhsil Şöbəsinin metodisti vəzifəsinə adlamışdı. Həmin vəzifədə işləyərkən, RTŞ-nin və ümumiyyətlə rayon təhsilinin böyük, mehriban kollektivi arasında nifaq toxumu səpmişdi.
Nəhayət, RTŞ-nin sabiq müdiri Nazilə Məmmədova onu başından etmək üçün başqa, ancaq korrupsiya üçün daha münbit şəraiti olan Güzdək qəsəbə orta məktəbinə direktor göndərmişdi. Sevil Əiliyeva da RTŞ müdirinin bu yaxşılığına yamanlıqla cavab verərək, rəfiqəsi Ədalət Camalova ilə birləşib Nazilə müəlliməyə arxadan zərbə vurmuşdular.
Belə ki, mənbənin bildirdiyinə görə, bir müddət öncə Mehdiabad məktəbinin direktoru Samirə Əkbərovanın barəsində cinayət işinin açılması, onun müavininin işdən qovulması, Nazilə Məmmədova ilə əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnən qalmaqallı video-material məhz Sevil-Ədalət cütlüyünün öyrətdiyi adamlar tərəfindən sosial şəbəkədə yayılıbmış. Materialda bəhs olunurdu ki, Samirə müəllimə laborant və digər vəzifələrə işə götürəcəyini vəd edərək, namizədlərdən RTŞ müdirinə çatdıracağı adı ilə rüşvət alıb, amma sonra sözünü tutmayıb. Göründüyü kimi, işbazlar “bir güllə ilə iki dovşan vurmaq” istəyiblər və bacarıblar.
Güzdək məktəbində direktorun uğursuz kadr siyasəti, əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair çoxsaylı faktlar mövcuddur. Əmək intizamına riayət etmədikləri halda maaşı yazılan və direktor tərəfindən mənimsənilən müəllim və texniki işçilərin adları bizə məlumdur. Hətta özü xaricdə ola-ola adı işdə gedən “ölü canlar” da vardır. Məlumatlarda qeyd olunur ki, bu və digər məsələlərlə əlaqədar Təhsil Nazirliyinin Daxil Nəzarət Şöbəsinin və Sumqayıt Regional Təhsil Maliyyə İdarəsindən təftişçilər qrupu Güzdək məktəbinə göndəriliblər. Sevil Əliyeva Türkiyədə olan tarix müəllimi Şəbnəm xanımın guya bir həftə əvvəl öz hesabına məzuniyyətə çıxdığını “əmr kitabı”nda qabaqcadan nəzərə alaraq boş saxladığı yerlərdə yazılışlar apararaq ört-basdır etməyə müvəffəq olsa da, texniki işçilər sırasından olan “ölü canlar”ı bu üsulla ”diriltməyə”, onları tapıb “tez-bazar” tabelə qol çəkdirməyə macal tapmayıb. Nəticədə onlarla bağlı qanunsuzluq, habelə, “evdə təhsil” adı ilə de-fakto bu işi görməyərək adına maaş yazılan müəllimlərin məsələsinin üstü açılıb. Bununla belə, Sevil Əliyeva təftişçiləri yediyi harama şərik etməklə susdurmağı bacarıb.
İndiki məlumatlarda isə bildirilir ki, Sevil Əliyeva Türkiyə sinirinin keçib-qayıtdığı artıq rəsmən bəlirlənən Şəbnəm Əliyevanı köhnə tarixlə işdən çıxarıb. Amma ondan başqa, ingilis dili müəllimi Nəcəfdova Bahar Sabir qızı və texnologiya fənnini tədris edən Əmirova Sevda Ənvər qızı da adları məktəbdə getdiyi halda işə gəlmirlər. Yoxlamadan sonra “Ölü canlar” sırası azalmaq əvəzinə, əksinə, daha iki xadimənin hesabına artıb.
Ədalət müəllimənin bacısı qızı rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədovanın bacısı oğlu ilə evlidir. Məlumata görə, Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil alan İradə Gülməmmədova Balakənə təyinat alanda Ədalət Camalovanıın evində qalıb. Yaxınlıqları da o vaxtdan davam edib və quda olublar. Bildirildiyinə görə, Ədalət Camalova pedaqoji fəaliyyətdən başqa biznesdə də səriştəlidir. O səbəbdən RİH başçısının bir çox kommersiya obyektlərinin haqq-hesabını aparmaq kimi əlavə görəvlə vəzifələndirilib. Hətta məlumata görə, bir dəfə bu məsələlərdə az qala xəyanətə bərabər ciddi yanlışlığa yol verdiyindən, xidmət etdiyi şəxslərin qəzəbinə tuş gəlib. Aralarında yaranmış mübahisə səbəbilə baş vermiş insidentdən sonra bir müddət “qolu boynundan asılmış” vəziyyətdə gəzib. Bu barədə bir ara KİV-də də qalmaqallı informasiya dolaşıb. Həmin məlumatlar Ədalət Camalova tərəfindən hələ ki, nə təkzib, nə də təsdiq olunub. Elə adının “məşhur” olduğuna görə də başçının onun RTŞ müdirliyinə təsdiqlənməsindən ötrü Nazirliyə verdiyi təqdimat təsdiqlənməyib.
Ümidvarıq ki, Təhsil Nazirliyi, hüquq-mühafizə və cinayət təqibi orqanları qeyd olunan məsələlərlə bağlı obyektiv araşdırma aparacaq və xanım direktorların xoşagəlməz əməllərinin sırasının artmasına imkan verməyəcəklər. Təəssüf ki, bu məsələdə vaxtında məhz Nazilə Məmmədova israr etməli, rayon təhsilində destruktiv elementlərin zərərzizləşdirilməs üçün özü təşəbbüs göstərməliydi. Amma nəyəsə (nələrəsə), kiməsə (kimlərəsə) görə tərəddüd etməsi tədricən onun özünü və bir çox təhsil müəssisələrinin kollektivlərini naqolay vəziyyətə salıb.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.