1633772675 ramiz mehdiyevÖtən ilin dekabrında Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qurumunun tabeçiliyində olan institutlarda yoxlamalar keçirilməsi ilə bağlı qərar qəbul edilmişdi . Kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən yoxlamalar Fizika İnstitutundan başlamışdı. Fizika İnstitutunda aparılan yoxlama bir sıra nöqsanlar aşkar etmişdi.

Belə ki, mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunmuşdu. Bundan sonra Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. Bundan əlavə, institutun bir sıra əməkdaşlarına işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbeh tədbiri tətbiq edilmişdi.

 Redaksiyamıza daxil olan məlumata görə, AMEA-nın institutlarında yoxlamalar davam edir. Ancaq Fizika İnstitutundan fərqli olaraq digər institutlarda həyata keçirilən yoxlamaların nəticələri açıqlanmır. Mənbə qeyd edir ki, artıq bu yoxlamaların əsl məqsədi hər kəsə aydındır. Bu məqsəd isə Ramiz Mehdiyevin Akademiyanı tam nəzarətə götürmək niyyətindən irəli gəlir. İddiaya görə, Fizika İnstitutunda aşkar edilmiş nöqsanlara demək olar ki, AMEA-nın bütün institutlarında rast gəlmək olar. Mənbə bildirir ki, mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının pozulması hallarına bütün institutlarda rast gəlmək olar. Ancaq nədənsə Fizika İnstitutunun rəhbərliyi ilə bağlı görülən ciddi tədbirlər digər institutların rəhbərliyi ilə hələlik görülmür. Mənbə bunu bir neçə səbəblə izah edir. İddiaya görə, Fizika İnstitutunun keçmiş direktoru Nazim Məmmədov kimi Ramiz Mehdiyevə bağlı olmayan institut rəhbəri çox azdır. Milli Elmlər Akademiyası həmişə Ramiz Mehdiyevin nəzarətində olub. Məlumatda bildirilir ki, akademik Cəlal Əliyevin sağlığında AMEA-da Ramiz Mehdiyevə qarşı güclü qrup mövcud idi. Lakin Cəlal Əliyevin vəfatından sonra Ramiz Mehdiyev mövqelərini tam gücləndirdi və AMEA-nı əsasən nəzarətə götürdü. İndi isə son tamamlama işləri görülür. Ona görədə akademik Nazim Məmmədov və Ramiz Mehdiyevə bağlı olmayan şəxslər vəzifədən uzaqlaşdırılır. Mənbə bildirir ki, yaxın zamanlarda AMEA-da daha bir neçə vəzifəli şəxs kürsüsü ilə vidalaşacaq.

Məlumatlara əsasən, AMEA-nın institutlarının kadr potensialının önəmli bir hissəsi yaşı 70-dən yuxarı olan şəxslərdir. Koronavirus pandemiyası dövründə riskli yaş qrupu olan bu insanlardan əmək intizamına riayət etməyi tələb etmək çox çətindir. Digər tərəfdən onlar yaşlı olduqlarına görə işdən çıxarılamalarına da sərt etiraz edirlər. Həmin şəxslər etiraz olaraq bildirirlər ki, əgər yaşlı insanların AMEA-dan çıxarılması zəruridirsə, bu proses bir neçə aydan sonra 84 yaşı tamam olacaq Ramiz Mehdiyevdən başlamalıdır. İşdən çıxarılmalarına etiraz edən şəxslərin bu dəlili o qədər güclüdür ki, institut rəhbərləri heç kimi işdən çıxara bilmirlər. Ancaq hər kəs anlayır ki, Azərbaycanda elmin inkişafına nail olmaq üçün gənclərin elmi fəaliyyətə cəlb olunmasının alternativi yoxdur. Ancaq institutların ştat cədvəli dolu olduğu üçün bunu edə bilmirlər. Azərbaycanda elmin inkişafının radikal dəyişikliklər etmədən mümkün olmayacağını bildirən mənbə bunun əvəzində, bu gün AMEA-da tamamilə əks proseslər gedir. Mənbə bildirir ki, AMEA-da bir çoxları Ramiz Mehdiyevin dəqiq elmləri təmsil edən bir şəxslə əvəzlənməsi elmin inkişafına müsbət təsir edə bilər. Belə bir şəxsin isə İdarəetmə Sistemləri İnstitutunun Baş direktoru, akademik Əli Abbasov ola bilər. Ramiz Mehdiyevin Lenininzmə həsr olunmuş elmi fəaliyyəti ilə müqayisədə Əli Abbasovun müsir dövrdə iqtisadiyyatın əsas aparıcı sahəsinə çevrilən İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsi ilə bağlı olan elmi yaradıcılığı çox cazibədar görünür. Digər tərəfdən Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri işlyib və buna görə də AMEA ilə iş dünyasının səmərəli iş birliyini təmin edə bilər. Bundan isə həm elmin inkişafına, həm də iqtisadiyyatın, xüsusilə İnformasiya Texnologiyaları ilə bağlı sahənin inkişafına nail olmaq olar. Xüsusilə də Ermənistanın İnformasiya Texnologiyaları sahəsində Azərbaycan Respublikasından önə çıxması ölkə rəhbərliyi tərəfindən milli təhlüksizliyə təhdid kimi dəyərləndirilir və bu sahədə sürətli inkişafa nail olunması vəzifəsi qarşıya qoyulur. Mənbə bildirir ki, akademik Əli Abbasovun AMEA-nın rəhbərliyinə gətirilməsi bu işə tövhə verə bilər. Hələlik isə Ramiz Mehdiyev AMEA-nı tam nəzarətinə götürməyə çalışır və bu məqsədlə özü üçün təhlükə hesab etdiyi şəxsləri zərərsizləşdirməklə məşğuldur.


araz.az xəbər portalı

araz.az xəbər portalı.