“Misir Mərdanovun Təhsil Nazirliyi yanında İctimai Şura barədə səsləndirdiyi fikirlər məni çox təəccübləndirdi. Əslində biz heç öz sıralarımızda Misir Mərdanov kimi adamı görmək istəmirik”.
araz.az bildirir ki, bu sözləri Modern.az-a deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev sabiq təhsil naziri Misir Mərdanovun bu qurum barədə tənqidi fikirlərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Misir Mərdanov Azərbaycan təhsilini darmadağın edənlərdən biridir:
“Onun kimi yaltaq, riyakar, rüşvətxor bir insan bizim sıralarımızda ola bilməz. Misir müəllimin 75 yaşı tamam olub, deyəsən, ağlı çaşıb. Onu kimlə müqayisə edirlərsə etsinlər, amma Mehdizadə ilə etməsinlər, ayıbdır. Mehdizadə çox pak, peyğəmbər kimi insan olub. Orta təhsilin inkişafında böyük rol oynayıb. Misir Mərdanov isə təhsili dağıdan bir adam olub.
Onun işlədiyi dövrdə Təhsil şöbələri müdirlərinin, məktəb direktorlarının rüşvətlə təyin olunması dillər əzbəri idi. Mən nazirlikdə işləyəndə bunların şahidi olmuşam.
İndi biz Misir müəllimi heç İctimai Şuranın qapısından içəri buraxa bilmərik. Onun İctimai Şura üzvlüyünə namizədliyindən söz gedə bilməz”.
E.Əliyev deyib ki, Misir Mərdanovu tərifləyənlər elə onun öz adamlarıdı:
“Heç onun namizədliyinin olması üçün bir əsas da yoxdur. Onun orda xeyli adamları var. Bəs onlara niyə münasibət bildirmir. Asif Cahangirov, Elmin Kazımzadə kimiləri onun adamlarıdır.
Azərbaycan təhsil sistemini dağıdan bir adamla mən eyni ortamda ola bilmərəm.
Misir Mərdanovu tərifləyənlər bunu məqsədli şəkildə edir. Hansısa əsaslarla təyin etdiyi adamlar onu tərifləyir. Onun danışdığı şeylər yalandır. Heç onun İctimai Şurada təmsil olunmağa haqqı da yoxdur”.
Xatırladaq ki, Misir Mərdanov Modern.az-a bugünkü açıqlamasında bildirib ki, o, hazırda İctimai Şurada təmsil olunan şəxslərlə bir sırada görünmək istəmir:
“Mən hazırda həmin İctimai Şurada çalışan adamlar arasında olmaq istəməzdim. İctimai Şuranın sədri (Şahlar Əsgərovu nəzərdə tutur-red.) deyir ki, o, Allahın olduğunu sübut edib. Belə söz danışan adamı şuraya sədr qoymaq olarmı?
Mən olan yerdə belə adamlar ola bilməz. Məndən soruşsalar, deyərəm ki, ora kim layiqdir, kim yox. Həm də mənim o qədər işim var ki, özümü həmin quruma üzv etmək istəmirəm”.
Sabiq nazirin sözlərinə görə, İctimai Şuradakı şəxslərlə təhsili inkişaf etdirmək olmaz.
“Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil. Belə iş görmək olmaz”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.