oqtay55

Vəzifədə olduğu dönəmdə on milyonlara sahiblənən Oqtay Əsədov qeybə çəkilib. Onun korrupsiya sxemləri üzrə büdcə vəsaitlərini mənimsəyərək xaricə daşıması iddiaları isə bu günə qədər araşdırılmamış qalıb.

araz.az  Yeni Müsavat-a istinadən bildirir ki, Spiker olduğu dönəmdə Milli Məclisi Eldar Mahmudovun oylağına çevirməsi ilə yaddaşlarda qalan Oqtay Əsədov boğaza kimi korrupsiyanın içindədir. İndiki deputat Oqtay Əsədovun dünyanın 4 bir tərəfində restoranları, mülkləri, barları, hətta saunası belə var. Həyat yoldaşı Zemfira Əsədova Bakıda yerləşən 175 nömrəli Şənlik uşaq bağçasının müdirəsi olduğu günlərdə Moskvada sauna işlədirdi. “Kapriz” adını daşıyan sauna şəxsən Zemfira Əsədovanın öz adına qeydiyyatdan keçiririlmişdi. Məlum olmuşdu ki, Zemfira Əsədova təkcə “Kapriz”dən 1 ilə 130 min dollar qazanır.

Bağça müdirəsinin belə obyektə sahib olması suallar yaratmışdı. Onun ayı 200 min manatdan artıq gəlir gətirən “Kapriz”i necə əldə etməsi, bu məqsəd üçün nə qədər vəsait xərcləməsi və ən əsası həmin vəsaitin mənbəyi barədə suallar bu günə qədər açıq qalır. Oqtay Əsədov deputat kimi qazancı belə bir obyektin alınmasına yetərli deyil. O, 5 il yeyib-içmədən aldığı əmək haqqını, məzuniyyət və  ezamiyyət xərclərini toplasaydı belə uzağı 200 min dollara qədər bir məbləğ alınardı. Şənlik bağçasının müdirəsi olan həyat yoldaşı isə cəmi 1 aya deputat Oqtay Əsədovun 5 illik maaşından çox pul əldə edir. Oqtay Əsədov, ailəsi belə gəlirli obyekti aydındır ki, qəpik-quruşa almayıb, əldə etməyib. Bu obyektlərin dəyəri bir neçə milyonları aşır. Bəs Əsədovlar milyonluq mülklərini, şirkətlərini, bahalı maşınlarını, restoranlarını, geyim mağazalarını  hansı hesabdan alıb?

Qızları Nərminə və Nigar Bakıda bahalı geyimlər satan mağazalara, uşaq bağçalarına, restoranlara rəhbərlik edirlər. “Yeni Nəfəs” akademiyası, “Yeni Nəfəs” uşaq bağçası, “Mozaik Group” brend geyimlər şirkəti, Sumqayıtda olan “Azkompozit” zavodu eks-spikerin ailə biznesinin görünən tərəfidir. Belə xəbərlər var ki, Oqtay Əsədov illərlə ortada yeyib gəzib, indi isə yaxasını kənar tutub. Onun ölçüyəgəlməz biznes imperiyası 14 il müddətində parlamentin sədri postunu tutduğu dövrdə genişlənib. O zaman da bəlli idi ki, Oqtay Əsədov Eldar Mahmudovun “qanadı” altına sığınıb parlamenti onun nüfuz dairəsinə salıb. Əvəzində isə mal-mülk, sərvət toplamasına razılıq alıb. Spiker olduğu günlərdə Oqtay Əsədovun bir ayağı MTN-də idi.

Eldar Mahmudovun qapısı Oqtay Əsədova böyük talançılıq üçün geniş imkanlar açmışdı. Bu gün onun Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesi fəaliyyətdədir. Əslində Oqtay Əsədovun korrupsiya içində itib-batdığını görmək üçün çox da uzağa getmək lazım deyil. Bu gün onun sığındığı imarətinin nataraz ölçülərinə diqqət edib, fotolarına baxmaq yetərlidir. Bütün məmur-oliqarxlara xas dəbdəbə sevgisi Oqtay Əsədovdan da yan keçməyib. Onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Hələ spiker olarkən imarətinin peyk görüntüləri yayılmışdı. “Bura Oqtay Əsədovun imarətidir” açıqlaması olmasaydı, görüntüləri görənlər düşünərdilər ki, ərəb şeyxlərindən birinin cah-calalına tamaşa edirlər. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var. Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir. Az qala, dənizin içinə girmiş həmin imarətində olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Oqtay Əsədov Tennis Federasiyasının prezidentidir deyə, elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir. Odur ki, saysız-hesabsız imarət və villalarının hündür hasarları içində tennis kortları da mütləq şəkildə inşa olunur.

Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb. Spiker postunu itirməkdə olduğu müddətdə məlum olmuşdu ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Nyu-Yorkun Linkoln meydanı ətrafında dəyəri 1 milyon 825 min dollara 2 otaqlı mənzil almağa razılaşıbmış. Son anda isə bu razılaşma pozulmuşdu.

Oqtay Əsədov da həbsə gedir – Milyardlıq varidat, əmlak sevgisi, xalqdan  oğurlanan çirkli pullar…

Bununla belə, Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər. Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgəsində 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu, o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar.

Londonda, milyarderlər məhəlləsində evi adama ad günü hədiyyəsi olaraq bağışlayıblar. Hədiyyəni alan isə Zemfira Əsədovadır – Qocayevin qayınanası. Penthauzu Mehman Qocayevə doğum günündə o bağışlayıb. Bakıda uşaq bağçasının müdirəsi işləyən Zemfira Əsədovanın maaşı, əlbəttə ki, penthauz əldə etməyə yetər, sadəcə maketini ala bilər. Əsədovların kürəkəni çox bahalı, yüksək sürətli avtomobillərə meyillidir. Onu adətən 12 silindrli, 200 min avro dəyəri olan “Audi A8L WW12″də gəzən görürlər. Bağça müdirəsinin Moskvanın Bakı küçəsindəki striptiz klub sahibəsi olması da korrupsiya əlaqələrinə susqun şahiddir.

Oqtay Əsədov hələ spiker olduğu günlərdə Moskvada, Bakı küçəsində, 29 ünvanında yerləşən obyektdə xüsusi əməliyyat keçirilib. Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz kluba qonşuların şikayəti əsasında getmişdi. Orada narkotik maddələrin satışı ilə bağlı əməliyyat baş tutmuşdu. Bəli, spikerin ailəsinə məxsusluğu sənədlərlə təsdiq edilən barda antinarkotik əməliyyatı gerçəkləşmişdi. Sənədlərdən görünürdü ki,  “Kapriz” striptiz klub Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum” Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum” Qrup MMC 10  min rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. O dövrdə “Kapriz” striptiz klubunun real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları qiymətləndirilirdi.

Elə həmin günlərdə Oqtay Əsədov Milli Məclisi Eldar Mahmudova “hədiyyə” etmişdi və hər bir deputat haqda ona məlumatlar ötürürdü. Bunu bütün deputatlar da təbii ki, bilirdi. Oqtay Əsədov Mahmudovun şəxsi əlaqəsində olan agentlərdən biri kimi ad çıxarmışdı. Təbii ki, bu, deputatların xoşuna gəlmirdi. Oqtay Əsədov isə özünü oliqarx kimi aparır, necə varlı olmasını nümayiş etdirməkdən həzz alırdı. Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu öləziməyə başladı, siyasi karyerasının sonu gəldi. O, spiker kreslosunu itirsə də, həmin kreslonun verdiyi imkanlar hesabına əldə etdiyi varidatı qalmaqdadır. Mətbuat Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri haqda ötənlərdə yazıb.

Əsədovlar Rusiya paytaxtında Avropanın ən hündür yaşayış binası olan “Triumph Palace”da məskunlaşıblar. Eks-spikerin həyat yoldaşı Zemfira Əsədova bu binada dəyəri 10 milyon manata yaxın olan 2 lüks mənzilin sahibəsidir. Xalqın illərlə milyardlarlaırnı oğrulayıblar, pulunu yeyiblər. Bu gün adamların əllərində talançılıqla əldə etdikləri böyük pullar var. Hansıların ki, geri alınması zamanıdır…

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.