“İçərişəhərə girəndə kabab iyi aləmi tutur. Deyəndə isə adamla düşmən olurlar, çünki hər kababxananın bir sahibi var. Guya onların gəlirinə pəl vurursan. Amma gəlirdən başqa mənəvi dəyərlər də var. Bir vaxtlar deyirdik ki, İçərişəhəri sökməyin, indi deyirik ki, İçərişəhəri tikməyin. Qalanın divarları boyu hər addımda kababxana tikiblər. Qoşa qala qapılarından girən kimi burnunu kabab iyi çalır”.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri yazıçı Anar bildirib.
Anar qeyd edib ki, İçərişəhər kababxana deyil, tarixi abidir: “Biz ötən müddət ərzində tarixi abidələrimizi qoruya bilməmişik. Mən o vaxt Milli Məclisdə Mədəniyyət komitəsinin sədri olanda məsələ ilə bağlı 14-15 qanun layihəsi qəbul etmişdik. İndi bu qanunlara, təəssüf ki, qismən riayət olunur. Misal üçün, layihələrdən birinə əsasən, Azərbaycanda bütün obyektlərin adı latın əlifbası ilə Azərbaycan dilində yazılmalı, lazım gəldikdə, aşağı hissədə daha kiçik şriftlərlə sözlərin rus və ya ingilis dilində tərcüməsi qeyd olunmalı idi. İndi baxıram ki, buna riayət edən yoxdur, Azərbaycan dilindən çox əcnəbi dillərdə yazırlar. Bundan başqa, İçərişəhərdə yüksək mərtəbəli evlərin tikilməsi, maşınların buraxılması.. Nəzərdə tutmuşduq ki, bunlar olmasın. Amma indi nəinki maşınlar buraxılır, İçərişəhərə girəndə kabab iyi aləmi tutur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.