serdarcc

“Qəzet nəşri üçün idxal olunan kağızın üzərindən ƏDV-nin götürülməsi yüzlərlə jurnalist ailəsinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması ilə nətəcələnər”

Azərbaycan Demokrat Partiyasının sədri, “Hürriyyət” qəzetinin təsisçisi Sərdar Cəlaloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. ADP sədrinin müraciətini olduğu kimi dərc edirik:

“Cənab Əliyev!

“Hürriyyət” qəzetinin sahibi olaraq, Sizin Azərbaycan mətbuatının inkişafına verdiyiniz dəstək haqda kifayət qədər məlumatlıyam. Xüsusən də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun xətti ilə qəzetlərə ildə iki dəfə maliyyə yardımı ayrılması təqdirolunan haldır. Bütün bunlara rəğmən, qəzetlərin çap məsələsində hələ də bir sıra problemlərin mövcud olduğunu da diqqətinizə çatdırmalıyam.

Belə ki, ölkədə qəzet kağızının günbəgün bahalaşması səbəbindən, əksər mətbu orqanlar ciddi maddi problemlərlə üzləşməkdədir. Vəziyyət o həddə çatıb ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun ayırdığı vəsaitin böyük hissəsi qəzetlərin çap xərcini ödəmək üçün istifadə olunur. Bu halda da kollektiv əməkdaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmaq qeyri-mümkündür.

Əlbəttə, bu məsələdə mətbəələri də qınamaq olmur. Çünki qəzet kağızı Azərbaycanda istehsal olunmadığından, xarici ölkələrdən, əsasən də Rusiyadan dollar ödənilərək alınır. Bu isə ölkəmizə çox baha qiymətə gəlib çıxır.

Hörmətli Prezident!

Qəzet kağızı ixrac edən ölkələrdə qiymətlərin bazar prinsiplərinə uyğun olaraq getdikcə qalxması Azərbaycan mətbuatının inkişafına mənfi təsir göstərir. Üstəlik, idxal olunan məhsullara 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq olunması Azərbaycanda qəzet çapının qonşu ölkələrlə müqayisədə, az qala 2 dəfə baha başa gəlməsinə səbəb olub. Bu isə, nəticə etibarilə mətbuat nümayəndələrinin əmək haqqının getdikcə azalmasına gətirib çıxarır. Çünki redaksiyalar istehlakçı hüquqlarını, qəzet bazarındakı təlabatın aşağı düşməməsini və oxucu potensialının azalmamsını nəzərə alıb, satış qiymətini qaldırmaqda maraqlı deyillər.

Bütün bunları nəzərə alaraq, Sizdən qəzet nəşri üçün idxal olunan kağızın üzərindən ƏDV-nin götürülməsinə göstəriş vermənizi xahiş edirəm. İnanıram ki, Sizin bu qərarınız Azərbaycan mediasının hər zaman arsuzunda olduğunuz inkişafına səbəb olacaq, oxucuların qəzetə olan marağını artırmaqla yanaşı, yüzlərlə jurnalist ailəsinin sosial-iqtisadi vəziyyətinin də yaxşılaşması ilə nəticələnəcəkdir.

Hörmətlə, ADP sədri, “Hürriyyət” qəzetinin təsisçisi Sərdar Cəlaloğlu”.

araz.az xəbər portalı.