1634974363 modern.az 23.10.2021 1634972144

 
İran və Azərbaycanın Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolunda yaranmış narazılıqla bağlı çıxış yolu tapması Ermənistanda narahatlıq yaradıb.
 
araz.az Modern.az-a istinadən xəbər verir ki, erməni politoloqlar deyirlər ki, rəsmi Bakının Gorus-Qafan yolunda saxlanılan iki iranlı sürücünü azadlığa buraxmasını Tehranla Bakı arasında uzlaşmanın nəticəsi hesab etmək olar.
Bildirilir ki, Azərbaycan tərəfi sürücüləri azad edib, bunun müqabilində rəsmi Tehran da İran yük maşınlarına gələcəkdə Qarabağa getməməyi tövsiyə edib.
Şərqşünas Armen Petrosyan bildirib ki, bu iki hadisə bir zəncirin halqasıdır.
Petrosyanın sözlərinə görə, ilk baxışdan təbii ki, İran tərəfinin öz sürücülərinə Qarabağa getməməyi tapşırması Azərbaycanın təzyiqindən sonra geri çəkildiyinə işarədir:
“Amma Tehran rəsmisi Məhəmməd Cavad Hedayatinin müraciətinin İran nəqliyyat şirkətlərinin daşımalarına və davranışlarına nə dərəcədə təsir edəcəyini sonrakı hadisələr göstərəcək”.
O, bildirib ki, Hedayatinin məktubu hüquqi akt kəsb etmir, sadəcə tövsiyə xarakteri daşıyır.
“Nəticə etibarı ilə nəqliyyat şirkətləri öz fəaliyyətlərində böyük ölçüdə sərbəstdirlər, xüsusən nəzərə alsaq ki, Qarabağa yükdaşıma İran şirkətləri üçün də sərfəlidir – hazırda orada aktiv tikinti gedir və İran mallarına tələbat var: həm tikinti materialları, həm də neft məhsulları”.
Petrosyan güman edir ki, İran tərəfi Qarabağla qarşılıqlı faydalı iqtisadi əlaqələrin davam etdirilməsi variantlarını tapacaq.
İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan danışan erməni şərqşünas bildirib ki, düşmənçilik ritorikasının səviyyəsi bir qədər azalsa da, onlar gərgin olaraq qalır.
“Amma maraqlı olan Türkiyə prezidentinin bu qarşıdurmaya müdaxiləsidir. Oktyabrın 21-də Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində əslində Tehranın Azərbaycanı “hədəfləməyə” davam edəcəyi təqdirdə İranı daxili partlayışla hədələmişdi. Ərdoğan “İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır, bu amil sizi düşündürəcək” sözünü elə-belə demədi. Türkiyə prezidentinin bu sözləri Azərbaycanın İranla siyasi qarşıdurmada tək olmadığını göstərir. Bakı Ankaranın açıq dəstəyindən istifadə edir”.
Erməni ekspertin sonrakı açqlamaları göstərir ki, İranla Azərbaycan arasındakı gərginliyin son günlər səngiməsi rəsmi İrəvanda diqqətlə izlənilir və Ermənistan hakimiyyətini narahat edir.
Ermənistanda ümid edirlər ki, İranla Azərbaycan arasında vəziyyət indi sakitləşsə belə, bu, yalnız müvəqqəti olacaq və tərəflər yenidən sərt qarşıdurma həddinə qayıdacaq. İrəvan rəsmiləri düşünürlər ki, əsas məsələlər üzrə tərəflər arasında fundamental fikir ayrılıqları qalacaq və heç bir müvəqqəti kompromis bu fikir ayrılıqlarını aradan qaldıra bilməyəcək. 
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.