Yəqin ki, hansısa media qurumunda Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Tovuz Elektrik Şəbəkənin rəhbərliyində olan şəxslərin yarıtmaz fəaliyyətləri haqda tənqidi məqalələr yayımlanarsa, o halda bir kimsənin buna şübhə etməyə heç bir əsası ola bilməz.Buna səbəb, indiyə qədər araz.az-ın redaksiyasına adı çəkilən bu rayonun enerji təchizatında baş verən süründürməçiliklərlə, çoxsaylı qanunsuzluqlarla və s. ilə bağlı neçə-neçə şikayət ərizələrinin daxil olmasıdır. Məsələnin təəccüb doğuran tərəfi odur ki, son bir neçə ildə Tovuz Elektrik Şəbəkəsinə ayrı-ayrı şəxslər rəhbər təyin olunsalar da, əmələ gələn problemlərlə bağlı heç bir əməli addımlar atılmır ki, atılmır. Adicə bir faktı qeyd edək ki, bu rayonun ermənilərlə həmsərhəd ərazisində yerləşən və təqribən 300 təsərrüfatı, 1500 sakini olan Ağdam kəndində yaşanan biabırçılıqların heç bir analoqu yoxdur. Yəni, kənd sakinlərindən redaksiyamıza daxil olan məlumatlara görə, düz beş ildən çoxdur ki, Ağdam kəndindəki elektrik dirəklərinin dəyişdirilməsi müşkül məsələyə çevrilib. Belə ki, daxil olan məlumatlarda bildirilir ki, kəndin ərazisindəki elektrik dirəkləri yararsız vəziyyətdə olduqlarından, yeni elektrik dirəklərinin basdırılması məqsədəuyğun bilinir. Bu məqsədlə, illər öncə Ağdam kəndinə təqribən bir neçə yüz elektrik dirəkləri aparılır, amma həmin dirəklər bu gün də dayanacaqlarda çürüməkdə davam edirlər. Yəni, büdcə vəsaitləri hesabına alınan elektrik dirəkləri kəndin lazım olan ərazilərinə basdırılmır ki, ermənilərlə sərhəd ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təmin olunmalarındakı problemləri aradan qaldırmaq mümkün olsun. Düşündürücü hal odur ki, yararsız vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi üçün, təqribən bir-iki il bundan öncə yol kənarlarında bir neçə ədəd kiçik diametirli quyular da qazılır. Amma, qazılmış quyuların yerinə yeni elektrik dirəkləri basdırılmır. Belə bir səbəbdən də, ötən illərin birində məktəbli şagirdlərdən biri təsadüf nəticəsində qazılmış quyulardan birinə düşür və onun həyatı üçün olduqca təhlükə də yaranır. Xoşbəxtlikdən həmin şagirdin həyatı kənd sakinləri tərəfindən xilas olunur. Belə bir olayların baş verməsinə baxmayaraq, bu gün də Tovuz Elektrik Şəbəkənin rəhbərliyində olanlar Ağdam kəndinə məxsus belə bir problemi aradan qaldırmağa heç də həvəs göstərmirlər. Baxmayaraq ki, yeni elektrik dirəklərinin alınması və kəndaarası yollarda quyuların qazılması üçün, büdcədən külli miqdarda vəsaitlər xərclənir. O halda sual oluna bilər ki, əgər Ağdam kənd sakinlərinə qarşı belə bir ögey münasibət bəslənəcəkdirsə, nədən büdcədən bu məqsədlə külli miqdarda vəsaitlər xərclənir?
Diqqət yetirmək lazımdır ki, hal-hazırda Ağdam kəndi ərazisindəki elektrik dirəkləri, kabellər və s. yarasız vəziyyətdə olduqlarından, küləkli günlərdə xoşagəlməz hadisələr baş verir, işıqlar sönür, yaşayış evlərindəki avadanlıqlar sıradan çıxır. Bu da onu göstərir ki, bu gün Tovuz Elektrik Şəbəkənin rəhbərliyində olanlar Ağdam kənd sakinlərini “ağgünə çıxarmaq” istəyindədirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Kamal MİRZƏ.
araz.az xəbər portalı.