Mirkazım SEYİDOV: “Oliqarxlaşmış məmurların vəzifədən uzaqlaşdırılması prosesinin sonadək davam edəcəyinə inanırıq” – MÜSAHİBƏ
Araz.az xəbər portalı əməkdaşının müsahibi, Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun qurucusu və rəhbəri, Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist, fəal diasporçu Mirkazım Seyidovdur.
– Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Bu seçkinin təşkili ilə bağlı nələr deyə bilərsiniz?
– Azərbaycanın seçki təcrübəsi daim örnək olub. Hələ 100 il öncə Şərqdə qadınlara seçki hüququnu ilk dəfə məhz Azərbaycan verib. Hazırda demokratiyadan, seçki azadlığından danışan bir çox Qərb ölkəsində qadınlara seçki hüququ Azərbaycandan sonra verilib. Yəni Azərbaycanın dünyaya örnək ola biləcək seçki təcrübəsi mövcuddur. Bu təcrübə aprelin 11-də bir daha özünü göstərdi.
Mən, seçki prosesinin fəal üzvlərindən biri kimi, bunun istər Rusiyada, istər Azərbaycanda apardığım gərgin işlər zamanı bir daha şahidi oldum. Doğrudan da, Azərbaycanın seçki təcrübəsi, ölkəmizdə demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə edilən böyük tarixi nailiyyətlərimizdən biridir. 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirdi. Konkret desək, bu prosesin fundamental hüquqi bazası formalaşdırıldı. Bu da, o deməkdir ki, Azərbaycanda keçirilən bütün seçkilər müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir.
Bəli, aprelin 11-də Azərbaycan seçkilərin təşkilatçılığı, səsvermə prosesinin azad və ədalətli keçirilməsi baxımından dünyaya bir daha demokratik nümunə sərgilədi. Seçkiləri izləyən 800-dən artıq beynəlxalq müşahidəçi də, ölkəmizdəki azad seçki mühitini gördü və alqışladı.
Azad seçki Azərbaycan üçün daim prioritet məsələlərdən olub. Təbii ki, Azərbaycan dövlətinin seçki hüququna bu qədər önəm verməsinin məqsədi, öz vətəndaşının seçmək və seçilmək hüququnu təmin etməkdir. Prezident seçkilərində xalq sərbəst şəkildə öz istədiyi namizədə səs verdi. İlham Əliyevin 86,03 faiz səslə yenidən Azərbaycan Respublikasının rəhbəri seçilməsi, xalqın öz gələcəyini necə görmək istədiyini bir daha nümayiş etdirdi.
– Xalqın yenidən prezident İlham Əliyevə etimad göstərməsinin səbəblərini, bir ictimai-siyasi xadim kimi, necə xarakterizə edərdiniz?
– Əslində, hər şeyə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından üzübəri baxmaq lazımdır. Ulu öndər, doğrudan, siyasi düha idi və o, sözün həqiqi mənasında, öz intellektini, dühasını Azərbaycan xalqının yolunda xərclədi; Dağılmış ölkədə, bir türk deyimi ilə izah etsək, abad yurd qurdu və bu yurdu gələcək nəsillərə ötürdü. Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm İlham Əliyev cənabları müasir dünyanın geosiyasi dəngələrini çox gözəl izləməyi bacardı və Azərbaycanı dünyada seçilən ölkələrdən biri etdi.
Xalq bütün sadaladıqlarımızı aydın görür. Bu yerdə, hər şeydən öncə, insanların rifahı önəmli rol oynayır. Yəni, siyasətdən uzaq olan sadə vətəndaş, öz gündəlik həyatının qayğısını çəkir və onu, siyasi proseslərin inkişafından daha çox, özünün ailə büdcəsi maraqlandırır. Prezident İlham Əliyev, bütün siyasi fəaliyyəti boyunca, Azərbaycan insanının rifahını hər şeydən öndə tutub. Ölkədə problemlərin olmadığını deyə bilmərik. Problemlər, çatışmazlıqlar təbii ki, var. Lakin dövlət başçısı daim bu problemlərin üzərinə gedərək, həllinə çalışır. Digər tərəfdən, bugünkü gərgin dünyada sabitlik ən vacib nemətlərımızdən birinə çevrilib. Məhz prezident İlham Əliyevin xarici siyasəti Azərbaycana bu neməti bəxş edib.
Azərbaycan xalqını narahat edən vacib məsələlərdən biri məmur özbaşınalığıdır. Bu məsələ də, daim ölkə başçısının diqqətində olub və rəhbərimiz harınlaşmış məmurları daim cəzalandırıb. Elə, bu baxımdan, seçkilərdə Azərbaycan xalqı prezident İlham Əliyevə səs verməklə öz gələcəyinə, öz rifahına və öz təhlükəsizliyinə səs verdi.
– Seçkilərdən sonra ciddi kadr islahatları başlandı, bir sıra iri məmurlar vəzifələrindən uzaqlaşdırıldı. Bu, Azərbaycan ictimaiyyəti üçün necə önəm daşıyacaq?
– Azərbaycan prezidentinin başlatdığı bu islahatlar seçkidə xalqın ona səs verməsinin səbəblərini bir daha əyani şəkildə göstərir. Prezident İlham Əliyev bir sıra iri məmurları vəzifələrindən uzaqlaşdıraraq, yerlərinə daha gənc və müasir dünya ilə ayaqlaşa bilən kadrları gətirdi. Bu, çox önəmli addımdır. Çünki bəzən uzun illər eyni vəzifədə işləyən hansısa nazir etibarlı, yaxud bacarıqlı kadr ola bilər, lakin indiki dünya ilə ayaqlaşa bilməz. Azərbaycanda belə kadrlar var idi. Digər tərəfdən, biz bu məmurların oliqarxlaşdığının, özlərini cəzasızlıq mühitində hiss edərək, istədiklərini etdiklərinin zaman-zaman şahidi olmuşuq. Mən, öz yazılarımda da, dəfələrlə bunu qeyd etmişəm. Bilmişəm ki, bu işimlə daha çox ölkə rəhbərinə kömək etmişəm. Dəfələrlə göstərdiyim bu faktların onda müsbət nəticəsi olmasa da, indi bilirəm ki, reaksiya daha təsirli olacaq. Məsələn, Azərbaycanın iki böyük şəhərinin – Gəncənin və Sumqayıtın başçıları öz bildikləri kimi hərəkət edib, idarəçiliyi öz şəxsi maraqlarına təslim etməyəcəklər.
Prezident İlham Əliyev də, məhz belə məmurları idarəçilikdən uzaqlaşdırır. Təəssüf ki, belə məmurlardan yenə vəzifə başında qalanlar var. Ümid edirik ki, islahatların davamı gələcək. Çünki xalqın istəmədiyi bəzi məmurlar, hələ də vacib vəzifədədirlər.
– Necə hesab edirsiniz, aparılan kadr islahatları iqtisadi inkişafa necə təsir göstərəcək?
– Düşünürəm ki, bu proseslərin nəticəsi müsbət olacaq. Dövlət başçısı qeyri-neft sektorunun inkişafını əsas prioritet elan edib. Hesab edirəm ki, kadr islahatları və yeni təyinatlar ilk növbədə buna hesablanıb. Biz yaxın gələcəkdə bunun müsbət nəticələrini görəcəyik.
– Ermənistanda Serj Sarkisyanın istefası ilə nəticələnən aksiyalar oldu və bu aksiyalar hələ də davam edir. Bu prosesləri necə şərh edərdiniz?
– Ermənilər illərdir onlara zülm edən Sarkisyandan xilas oldu. Onların etirazı haqlıdır. Çünki, bu gün Ermənistan işğalçı siyasəti nəticəsində, bölgədə təcrid olunmuş vəziyyətdədir və buna görə yaranmış sosial-iqtisadi çətinliyi erməni xalqı öz üzərində hiss edir. Buna paralel olaraq, hakimiyyətdəki “Qarabağ klanı” varlanır. Serj Sarkisyanın hakimiyyətə gəlməsi qeyri-qanuni idi. Onun hakimiyyəti əldə saxlaması da qeyri-qanuni və qeyri-demokratik idi. Nəhayət, bu, öz məntiqi sonuna gəlib çatdı. Ermənistanda klanlararası mübarizə, Ermənistan erməniləri ilə Qarabağdan gəlmiş ermənilər arasında hakimiyyət uğrunda qarşıdurma, ölkədəki ağır iqtisadi, maliyyə böhranı, qanunların işləməməsi, erməni xalqının çox ağır səfalətə düçar olması, hüquqlarının pozulması, nəhayət, xalqın etirazlarına səbəb oldu. Xalqın kütləvi şəkildə etirazları Serj Sarkisyanın sonunu gətirib çıxardı. Amma buna inanıb, biz, sakit dayanmamalıyıq. Elə, inqilabçı Paşinyana da, inam olmamalıdır. O da, Azərbaycana dış qıcayan düşmənlərlə bir cəbhədə dayanıb. Erməni bizim torpaqlarımızı sakit verən də deyil. İndi əsas vəzifəmiz Qarabağ probleminin həlli, bir də, Azərbaycana erməni kimi dış qıcayan harın məmurlarla, anarxiya yaratmaq istəyənlərlə mübarizə olmalıdır.
– Maraqlıdır ki, Azərbaycan və Ermənistanda seçkilər eyni ərəfədə keçirildi, lakin nəticələr fərqli oldu…
– Bəli, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri, bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var bə 11 aprel seçkilərindən sonra aparılan islahatlar bu birliyi daha da möhkəmləndirdi. Ermənistanda isə, xalqla iqtidar arasında böyük uçurum mövcuddur. Bu gün İrəvanda cərəyan edən gərginlik və Bakıda “Formula – 1” yarışlarının keçirilməsi, hər iki ölkənin fərqli mənzərəsini açıq göstərir.
Tənəzzülün, səfalətin hökm sürdüyü, sabitliyin pozulduğu, iqtisadiyyatın məhv olduğu Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək. Azərbaycan isə, sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü, yüksək beynəlxalq nüfuza malik bir ölkədir. Məmur özbaşınalığı ilə daha ciddi mübarizə, bu nüfuzu daha yüksək edəcək. İnşallah, inanıram ki, ölkə başçısının fəaliyyəti bu gün bu məqsədə çatmaq naminə mübarizəyə köklənib.
– Ermənistandakı hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?
– Əslində, bu proseslərə qlobal proseslər fonunda da yanaşmaq olar. Bu gün Qərb və Rusiya arasında ciddi qarşıdurma gedir və Qərbdəki erməni diasporunun dəstəklədiyi Paşinyanın etiraz dalğasını davam etdirməsi, həm də Qərbin Rusiyaya Qafqazdakı əsas qalasından zərbə endirmək istəyi kimi görünür. Lakin Rusiya bölgədə daha güclü dövlətdir. Sarkisyanın istefaya göndərilməsi də, dolayısı ilə, rusların vəziyyətə nəzarəti ələ almaq gedişindən qaynaqlanırdı.
Rusiya-Qərb qarşıdurması fonunda görünən bu idi ki, Moskvaya qarşı Cənubi Qafqazdan yeni cəbhə açılır və Gürcüstandan sonra Ermənistanı da itirmək, Kreml üçün şikəst olmaq anlamına gələrdi. Buna görə, Rusiyaya yaxınlığı ilə seçilən Karen Karapetyan baş nazir səlahiyyətlərini ələ aldı və prosesi bir qədər səngidə bildilər. Lakin Paşinyanın rəhbərlik etdiyi kütləvi aksiya davam edir. Proseslərin nəticəsini yaxın vaxtlarda hamımız görəcəyik. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu proseslər erməni xalqının hərbi xuntadan canını qurtarmaq istəyindən doğur və ermənilər işğalçı “Qarabağ klanı”nı istəmirlər. Ümid etmək olmaz ki, proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edəcək. Əvvəl qeyd etdiyim kimi, biz özümüz daha çox Qarabağ problemi naminə mübarizəyə köklənməliyik.
– Necə düşünürsünüz, Ermənistandakı vəziyyət Qarabağın azad olunması üçün bir fürsət ola bilərmi?
– Hazırda Bakı üçün yaranmış vəziyyət ələdüşməz fürsət ola bilər. Çünki Azərbaycanda seçkilər sakit şəkildə başa çatdı, ölkə daxilində köklü kadr islahatları aparılır, hansı ki, bu islahatlar əhalidə inamı daha da gücləndirir, işğalçı ölkədə isə, daxili qarışıqlıq və xaos diqqəti Qarabağdan yayındırır və bu gün istənilən hərbi əməliyyat, postdakı erməni əsgərinin silahı qoyub qaçması ilə nəticələnə bilər. Güman ki, Bakı bu vəziyyəti dəyərləndirməmiş deyil. Çünki İrəvanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsində də fors-major situasiya yaradır və danışıqların “sıfırdan başlama” təhlükəsi var. Lakin, yenə də, geosiyasi amilləri nəzərə almaq lazımdır. Hesab edirəm ki, Prezident İlham Əliyev məhz bu proseslər üzərində işləyir və inanırıq ki, onun dərin analizi həmişə olduğu kimi prosesləri Azərbaycanın xeyrinə çevirəcək.
– Partiya olaraq, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirsiniz?
– Təbii ki! Biz daim dövlət başçısının yanında olmuşuq. Onun xarici və daxili siyasətinin dəstəkləyirik. Bundan sonra da, dəstəyimiz davam edəcək. Əminik ki, Prezident İlham Əliyevin apardığı siyasət, ərazi bütövlüyümüzün bərpası və Azərbaycanın daha da güclənməsi ilə nəticələnəcək.
Müsahibəni apardı:
Mehi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.