Fondda aparılan yoxlamaların nəticələri birbaşa ölkə rəhbərliyinə məruzə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olub. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda söhbətin bir neçə milyard manata qədər vəsaitdən getdiyi deyilir.
Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.
Onu da qeyd edək ki, son illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artımların olmaması müntəzəm olaraq müzakirə edilir. Belə ki, gəlirlərin artım tempinin ölkədə açılan yeni iş yerlərinin artım tempindən on dəfələrlə geri qaldığı bildirilir. Fondun hesabatlarında sosial sığorta qeydiyyatına duranların sayında artım əksini tapsa da, gəlirlər arasında dövlət büdcəsindən ayrılan transfertlərin həcmində azalma qeydə alınmayıb. Məntiqlə, sığorta uçotunda duranların sayı artırsa, ona mütənasib olaraq da əməkhaqqından sosial sığorta ödənişləri artmalıdır. Lakin DSMF-nin gəlirlərində qeyd olunan ödənişlərin müvafiq artımı qeydə alınmayıb. Eyni zamanda pensiya təyinatı və ödənişi sistemi hələ də ən çox korrupsiyalaşmış sahələrdən biri kimi tanınmaqdadır. Əhalinin bununla bağlı narazılıqları kifayət qədər çoxdur.
Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-ci illər arasında qısamüddətli dövrdə Fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən Fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.
DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.
Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi qaldırlıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı.
Bundan əlavə, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar yer alıb. Belə şöbələrdən biri kimi Suraxanı rayon şöbəsinin adı çəkilib, yoxlamaların şöbənin sabiq əməkdaşlarının şikayəti əsasında başladıldığı, daha sonra məsələnin böyüyərək Fond və nazirlik rəhbərliyinə qədər uzandığı qeyd olunub. Bütün bunların Fond və tabe olduğu nazirlik tərəfindən təkzib olunmaması isə yayılan məlumatların reallıq ehtimalını qat-qat artırır.
“Yeni Müsavat”
araz.az xəbər portalı.