1493370177_mtu5mdjmymzlzjfmzdq_1.jpg…Səbəbinin qanunla izahı olmasa da, robot rolundakı yol polisi əməkdaşlarından lakonik cavab Paytaxt Bakıdan Qəbələyə avtomobillə kim yol getməyib ki?!. Başınıza nələr gəlməyib?!. Müşviq qəsəbəsində, Qobustan rayonu ərazisində, İsmayıllı rayonunun girəcəyində… DYP-nin “stasionar post”larında ənənəvi yoxlamalar sizə hansı hissləri yaşadıb?!.
Yəqin, bizim kimi, siz də, yaxşı bilirsiniz ki, qanun çərçivəsində saxlanılmırsınız və sənədlərinizin yoxlanılması üçün bir əsas yoxdur.

Bəs, nə üçün?!.
Bu mövzuda Facebook səhifəsində status paylaşan vətəndaş Şakir Eminbəyliyə də, saxlanılmasının səbəbini izah edən olmayıb. Ona da: “Qanunla tənzimlənir, vəssəlam!” – deyə, robot rolunu oynayan yol polisi əməkdaşları öz lakonik cavablarını veriblər:
“Əgər, ölkədə fövqəladə vəziyyət elan olunmayıbsa, saxlanılan avtomobil haqqında axtarış elan edilməyibsə, avtomobil cərimələr sayına görə, DYP – nin cərimə meydançasına aparılmalı deyilsə, niyə məni hər addımbaşı polis əməkdaşı saxlamalı, vaxtımı almalı, məndə əsəb gərginliyi yaratmalıdır?!
Axı, bütün magistral boyu nəzarət kameraları avtomobil və onun sahibi haqqında məlumatı dərhal Baş Kompyüter Bazasına ötürə bilir!
Yəni, bu barədə elektron bazada ətraflı məlumat var və avtomobili saxlayıb, sürücünün, eləcə də maşındakı qonaqların və yaxud, xəstə insanın vaxtını oğurlamaq, sinirlərini pozmaq nə dərəcədə doğrudur?!
Axı, faiz etibarı ilə, saxlanılan avtomobillərin ən azı 50 faizində xarici qonaqlar olur!
İyirmi birinci əsrdə rudiment xarakteri daşıyan, hətta qonşu Gürcüstanda belə çoxdan ləğv edilmiş başıbəlalı “Доверенность” nəyə və niyə lazımdır?!
Təkrar edirəm, əgər mənim adıma qeydiyyatda olan avtomobilin qaçırılması, oğurlanması haqqında hüquq-mühafizə orqanlarına müraciət etməmişəmsə, ən azından yaxın qohumlarımın – ailə üzvlərimin nəyinə gərəkdir Etibarnamə?!
Belə çıxır ki, bu tip mənasız və məzmunsuz, zamanın tələbləri ilə uyğunsuzluq təşkil edən, vətəndaşların, qonaqların – turistlərin rahatlığını pozan məsələlər yalnız prezidentin şəxsi müdaxiləsindən sonra aradan qaldırılmalıdır…
Doğurdanmı, Qanunverici, İcraedici orqanlarda inkişafa doğru aparan yolda təşəbbüs göstərib, köhnə, zay, çürük qaydalardan, vərdişlərdən imtina etmək bu qədər çətindir?!.”.
Bu, bir Azərbaycan vətəndaşının Facebook səhifəsindəki statusundakı narahatlığıninın sözlə ifadəsidir. Düzü, çoxumuz bu narahat anları yaşamışıq. Şakir bəy kimi, qanun çərçivəsində cavab da ala bilməmişik. İllərlədir bu gərgin qanunsuz anları yaşayırıq. Şikayətlər etsək də, cavabsız qoyublar şikayətlərimizi. Qoy, DİN-in yuxarı instansiyaları, bu narahatçılıq tendensiyasını aradan qaldırmaq üçün, bizim narahatlığımıza şərik çıxsınlar.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.