1524838836_etibar-1.jpg

Yaxud, təhsil eksperti kimi tanınan Etibar Əliyev soğan yeməyibsə, görəsən, onun içini göynədən nədir?
Yenixeber.org: Etibar Əliyev! Mən səni düz-əməlli adam bilirdim… Ona görə ki, özünü hər yerdə «tanınmış təhsil eksperti» kimi təbliğ etdirən adamın dilindən təhqiramiz ifadə çıxmasına, ağzına gələni düşündüyü kimi də yazıb ictimailəşdirməsinə heç vaxt inanmazdım.

Nə isə… Görürəm, eşşəkdən yaman xoşun gəlir, ona görə də Sokratın bir kəlamını diqqətinə çatdırıram: «Əgər eşşək mənə şıllaq atıbsa, mən onu məhkəməyə verməliydim?».
Aristotel isə deyib: «Axmaq adamı iki əlamətinə görə tanımaq olar: o, ona faydasız olan şeylərdən çox danışır və ondan soruşulmayan şeylər barəsində fikir bildirir».
Bəy, mənim «Təzadlar»da dərc olunan “Tanınmış jurnalist rektor Ədalət Muradova müraciət etdi” müraciətimə cavab yazmısan. Rəhmətlik Aristotelin sözü burada deyəsən, lap yerinə düşür. Yəqinki yuxarıda oxudun, axmaq adamın iki əlamətindən biri də budur ki, özünə aid olmayan yerə burnunu soxur.
Oxucunu çaşdırmağa cəhd edirsən. Bu, ən yumşaq ifadə ilə desəm, olduqca çirkli niyyətdir və nadürslükdür! Axı mən ADİU rektoru Ədalət Muradova az qala bir il əvvəl rəsmən göndərdiyim rəsmi sorğuya cavab haqqımızdan danışıram, siz isə reketçilikdən danışırsınız.
Məslək və marağınızın niyə Ədalət Muradovda tamamlandığını izah edim, oxucular da bilsin:
Yazırsınız ki, məlum müraciətimin başlığında niyə barəmdə «tanınmış» ifadəsi verilib. Etibar, bu müraciət əvvəlcə «»Pravdainfo.org» saytında dərc olunduğu üçün həmin saytın linki olduğu kimi bizim saytda gedib, onlar elə də yazmışdılar. Mən heç bir vaxt «Təzadlar» qəzetində özüm haqqında elə ifadə işlətmirəm və hətta rəhbəri olduğum bu qəzetdə fotoşəklimi də görə bilməzsən. Yaxşı, elə isə, bəs niyə daim çıxış etdiyin və Ədalət Muradovu təbliğ edən məlum saytlarda səni həmişə «tanınmış təhsil eksperti» ifadələrinin dərcinə razı olursan? Bəlkə doğrudan da sən tanınmış təhsil ekspertisən? Axı səni Azərbaycanın təhsil ictimaiyyəti «şantajçı Etibar» kimi tanıyır, amma mən heç vaxt heç bir yazıda bu ifadənin getməsinə yol verməmişəm.
Yeri gəlmişkən, keçmiş təhsil naziri Misir Mərdanov səni nazirlikdən niyə qovmuşdu? Səbəb nə idi???
Yazırsan ki, «…Təzada baxın: özü-özünə “tanınmış” deyir. Yaxşı, nə desin?! Reket deməyəcəkdi ki! Reket ona cəmiyyətdə deyirlər. Onun reketçiliklə məşğul olmasını hətta Mətbuat Şurası da etiraf edib. Həmin qurum 2009-cu il oktyabrın 23-də belə bir məlumat yayıb».
Etibar, reket o adama deyirlər ki, kimdənsə nəyəsə görə pul tələb edir. Özünə götürmə, amma əgər «Təzadlar»dan belə bir əməlinə görə şikayət olunubsa, buyurub desinlər, xalqımızdan üzr istəyək. Yox, belə bir əməl olmadığı halda, başqasına «reket» deyən ən şərəfsiz adamdır! Mən ən yumşaq formasını dedim, amma sənə aid deyil.
İkincisi, «Təzadlar»ı «qara siyahı»ya Elşad Abdullayevin itkin düşən qardaşı və Türkiyə səfirliyi barədə yazılara görə salmışdılar, məhkəməyə verdik, Etibar, 3 il məhkəmə getdi, sonra anlaşılmazlıq aradan qaldırıldı və sair.
Yazırsan ki, «Reket qəzetin baş redaktoru İqtisad Universitetinin rektorundan əl çəkmir. Ona ötürülən yalançı informasiyaları reket süzgəcindən keçirib özündən başqa bir neçə nəfərin oxuduğu qəzetində durmadan, təkrarən dərc edir».
Təkrar edirəm, özünə götürmə, sübut və şikayət olmadığı halda, kimsə, nəyəsə görə, bu artıq bəllidir, az sonra deyiləcək, ona dəxli olmayan başqasının aftafası və sabunlu-dəsmallı müdafiəçisi olaraq 25 ildir şərəf və ləyaqətini qoruyan bir qəzetə çamur atırsa, böhtan yağdırısa, o, ən şərəfsiz və ləyaqətsiz adamdır. O məntiqlə, mən də sənə heç bir sübutum olmadığı halda, «ləyaqətsiz, nadürüst, şarlatan, donosbaz…» desəm, bu nə dərəcədə ƏDALƏTli olar???
Yazırsan ki, «Açığı, mənim Mərziliyə cavab vermək haqqım var. Çünki mən həmin universitetdə İctimai Nəzarət Şurasının üzvüyəm».
Bəy, mənim həmin şuranın bütün üzvlərinə böyük hörmətim var və hər biri ləyaqətli insanlardır, özünü onlara bərabər tutma. Anlamadım, professor və doktorluq diplomları suallı olan rektora yazılmış, özü də əsil mahiyyətini bilmədiyin mövzuya cavab yazmaq haqqını sənə kim verib? Yaxud, bu məntiqsizlik hardan ağlına gəldi? Elə isə, onda Ədalət Muradovun yerinə bu suallara imkan daxilində cavab verə bilərsinizmi? 1. Deyə bilərsənmi, həmin ictimai şuranın üzvlərindən kimlərin baldızı, qaynı və övladları iqtisad universitetində işləyir və oxuyur??? 2. Ədalət Muradov 2014-cü ildə ADİU-ya rektor təyin ediləndə, 4500 tələbənin sonuncu kəsiri var idi. Ədalət Muradovun canbir dostu, müdafiəçisisən, bəlkə biləsən, həmin tələbələrdən kimlər qovuldu, yaxud həmin kəsirlər necə düzəldildi? 3. Hazırda nəzarət etdiyin imtahanlarda neçə tələbənin kəsiri olub və sonradan bu kəsirlərin necə həll edilməsindən xəbərin olubmu? 4. Niyə bütün imtahan kəsirlərinə nəzarət Raqib müəllimə həvalə olunub və niyə valideynlər ADİU-da kəsir sualları ilə bağlı sənin də sırasında olduğun ictimai nəzarət şurasına yox, Raqib müəllimə üz tutur??? 5. İctimai nəzarətin üzvlərinin çoxu daim ADİU-da olur, nədir, onların başqa iş yeri yoxdur, yoxsa, oradan maaş alırlar?! 6. Sən hansı təhsil ocağının, elmi-tədqiqat pedoqoji institutun məsul işçisi olmusan ki, sənə «tanınmış təhsil eksperti» deyirlər və s.?
Yazırsan ki, «Diqqət edin, bu adam çirkli niyyətlərini həyata keçirmək üçün dünyasını dəyişmiş 3 görkəmli şəxsin adından istifadə edir. Reketçiliyin də işgüzar nüfuzu olur? Bu, nadürüstlükdür…».
Etibar, tanınmış şəxslər yeri gəldikcə görkəmli dövlət xadim Heydər Əliyevdən misallar çəkirlər, çıxışlarına, tövsiyyələrinə istinad edirlər. Mərhum tanınmış şəxsin adını xarıllamaq sənin kal məntiqinlə nadürüstlükdür? Nadürüstlük işdən bəlli səbəblərə görə (özün yaxşı bilirsən) nazirlikdən qovulduğuna görə nazir Misir Mərdanovu illərdir şantaj edtməkdir, gözdən salmaqdır… Nadürüstlük Abel Məhərrəmov kimi bir nüfuzlu alimə böhtan atıb onu abırdan salmaqdır, sonra da ondan üzr istəyib tüpürdüyünü yalamaqdır…
Sonra yazırsan ki, «İctimai Nəzarət Şurasının çalışdığı müddətdə bir nəfər də olsun bizə əməkhaqqı barədə müraciət etmədi. Mərzilinin söylədikləri böhtandır».
Etibar, dünyanın hansı ölkəsinin təhsil müəssisəsində heç bir elmi dərəcəsi olmayana xarici dil bildiyinə, Türkiyəyə gedib Gülənçilərin universitetində sertifikat aldığına görə ən yüksək əmək haqqı, 20-30 illik elmi-pedoqoji təcrübəsi, neçə-neçə dərs vəsaiti… olan professorlara, drktorlara isə ən aşağı əmək haqqı verilir??? Bəlkə elə düşünürsən ki, Ədalət Muradova verilməli və edilməli şikayət sənə, ölkədə «şantajçı Etibar» kimi tanınan birisinə edilməli imiş?
Nəhayət, gəlirəm mətləbə: yazırsan ki, «Asif Mərzili Ədalət Muradovun elmi fəaliyyətini hər vəchlə ləkələmə missiyasını üzərinə götürüb. Onun bu məsələyə yanaşması o qədər qərəzli və kəmsavaddır ki, bunun üzərində dayanmaq istəmirəm…».
Pardon, pardon! Oxucu elə biləcək ki, sən öl, Etibarın canına and olsun, burada çox qəliz bir məsələ var. İndi izahlayım ki, bir də qələt yola sürüklənib Ədalət Muradovun elmi fəaliyyətindən onun əvəzinə bəhs etməyəsən: Etibar, mənim rektor Ədalət Muradova müraciətimin qaynağı belədir:
-Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə 5 mart 2014-cü ildə rektor təyin edilib. O, 1998-ci ildə Ukraynada müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə doktorluq diplomu yalnız 16 il sonra- 26 dekabr 2014-cü ildə Azərbaycan AAK-da tanınmış, ona iqtisad elmləri doktoru diplomu verilmişdir. Qəribə də olsa, o, bundan təxminən bir ay əvvəl, yəni 21 noyabr 2014-cü ildə isə professor adını almışdır.
Etibar, təhsili az-çox bilən adamsansa, bilməlisən ki, axı, əvvəlcə doktorluq diplomu verilməlidir, sonra professor diplomu. “Təzadlar” hələ bir müddət əvvəl redaksiyaya daxil olmuş şikayət əsasında bu məsələni araşdırmışdır. Araşdırmayaydıq? Bəlkə sənin kimi bu şikayəti götürüb Ədalət Muradovun yanına qaçaydıq ki… Bu rektçilikdir və bizə aid deyil, bəy!
Biz şikayətin gerçək faktlara söykəndiyini dəqiqləşdirmək üçün peşəkarlıq nümayiş etdirdik, Prezident Yanında Ali Attestasiya Komissiyasının rəsmi saytına daxil olaraq AAK Rəyasət Heyətinin mübahisələndirilən 26 dekabr 2014-cü il tarixli iclasının 16RH nömrəli iclas protokoluna nəzər yetirdik. Sonra saytda “Start” düyməsini basdıq. Açılan pəncərədə elmlər doktoru elmi dərəcəsi alanların siyahısı göründü. Həmin tarixdə 8 nəfərə “Elmlər doktoru” elmi dərəcəsi verilib, təsdiqlənib. Onların siyahısında Ədalət Cəlal oğlu Muradov sıraca 5-cidir.
Sonra AAK-ın rəsmi saytında təsdiq edilmiş pofessorlar pəncərəsinə daxil olduq. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolun “Start” düyməsini basaraq yeni pəncərəyə daxil oluruq. Buradan görünür ki, həmin gün 8 nəfərə professor adı verilib və Ədalət Muradov sıraca 6-cıdır!
Göründüyü kimi, Ədalət Muradov 21 noyabr 2014-cü ildə professor diplomunu alır, bundan 1 ay 5 gün sonra isə elmlər doktoru diplomunu (Xatırladırıq ki, Sovetlər vaxtı bu hal dəbdə idi, lakin sonralar bu praktika tətbiq olunmur, ləğv edilib).
BUQƏLƏMUNLUĞUN ANATOMİYASI - REKTOR ƏDALƏT MURADOVUN "MÜDAFİƏÇİSİ"NƏ CAVAB
Etibar, şantaj əməllərlə, nəyəsə görə dəxli olmayan işlərə burun soxmaqla məşğul olmaqdansa, ADİU-nun rəsmi saytına daxil ol, görəcəksən ki, Ədalət Muradovun tərcümeyi-halında yazılıb: “…Ədalət Muradov 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etmişdir…”.
Səndən soruşuram: Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də professor diplomu alıbsa və 1999-cu ildən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdırsa və 15 il ərzində professor olmaya-olmaya dövlət büdcəsindən professor kimi maaşı necə almışdır???

Etibar, bu suallar bir il əvvəl Ə.Muradova göndərildi ki, cavablandırsın. Etmədi, özü bilər. Həmin dolaşıq diplomu verən Prezident yanında
Ali Attestasiya Komissiyanın sədr əvəzi V.Hüseynova 21 noyabr 2017-ci ildə sorğu göndərdik ki, «Xahiş edirik, həmin iclas protokolunun çıxarışının surətinin redaksiyamıza təqdim olunmasına göstəriş verəsiniz».Vəli Hüseynov da buna risq etmədi, o da özü bilər. Vəli Hüseynovu verdik məhkəməyə və neçə aydır 1 saylı İnzibati-İqtisadi Məhkəmədə çək-çevirdəyik. Hakim də risqə getmir, o da özü bilər… Amma bizim bildiyimiz odur ki, Etibar, sən sənə aid olmayan mətləbə əl bulayırsan və bizim peşə fəaliyyətimizə müdaxilə edirsən, bizi jurnalist araşdırmasından imtinaya məcbur edirsən.
Etibar, başın hazırda Türkiyədə olan Ədalət Muradovun yersiz müdafiəsinə elə qarşıbı ki, hətta «KİV haqqında» Qanunun 59-cu maddəsinin tələblərini də unutmusan. Həmin maddədə yazılır: «Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət. Kütləvi informasiya vasitələrinin əməkdaşını (jurnalisti) informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək… Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər».
Etibar, səni ortaya salanlara izah et ki, onlar sənin təhqir, şantaj və digər çəkindirmə üsullarınla bizi Ədalət Muradovun müəmmalı diplomları ilə bağlı apardığımız jurnalist araşdırmasından imtinaya məcbur edirlər, bunun isə sanksiyası çox ağırdır. Ayıbdır, belə üsul keçərli deyil. Prezidenti özlərinə dost seçənlərə çamur atmaq, şantaj etmək, peşə fəaliyyətindən çəkindirmək yolverilməzdir.
Yəqin «Asif Mərzili nə istəyir? Niyə şantaj edir onu? Niyə ona elə gəlir ki, öz aləmində Ədalət Muradovu hakimiyyətin gözündən salır?» sualına cavabı yuxarıda verdim. O ki qaldı hakimiyyətin rektora müsbət münasibətinə, axı bizim məqsədimiz bu deyil, boynumuza qoymaq istəyirsən ki, biz də sənin vaxtilə rektor Abel Məhərrəmovu etdiyin şantajlarla məşğuluq? Bilmirsənsə bil: onsuz da ötən ilin oktyabrında Ədalət Muradovu DTK-ya çağırıblar. Niyə və nə üçün çağırmışdılar, dostundur, müdafiəçisisən, bilməmiş olmazsan…
Nəhayət, son sitatın: «Asif Mərzili sonda yazır: “Hələlik bu qədər, Ağdamdakı “Dörd yol”da görüşənədək…” Gördünüzmü? Şəxsi qərəz, şəxsi maraq, görüş, şantaj…».
Etibar, sən «Dörd yol»un mənasını bilməkdən çox uzaqsan. Bilmək istəsən, dostun, müdafiəçisi olduğun, mənə də təriflədiyin («Elçisi gülüm olanın…») Ədalət Muradovdan soruş mənasını, izah edəcək. Mənim isə son izahım budur ki, Ədalət Muradov indiyədək sən də başda olmaqla, 20-dən çox dostunu üstümüzə göndərib. Bütün güzəştlərə getmişik ki, hər şey qanun çərçivəsində olsun, qəzetin nüfuzu ləkələnməsin, sadəcə, sorğuya cavab versin… İş o yerə çatdı ki, özü bizə öz imzası ilə hazır yazı da göndərdi, onu da dərc etdik. Etibar, bu cümlələri oxuyanda yəqin ağzın sulandı, amma bil ki, bütün bunlar təmənnasız edilib, başqa addım ola da bilməzdi. Amma şərtimiz bu oldu ki, sorğuya mütləq cavab versin, ya da əməkdaşımıza müsahibə verməlidir… O, isə söz verdiyi bütün dostlarını aldatdı. Sən oxucuları aldatdığın kimi, o da əslində özünü aldadırdı.
Etibar, gördünmü adındakı məna və mahiyyətə qəti uyğun gəlməyən hərəkətin iştirakçısına çevrilmisən, şantaja əl atırsan. Hər kəsin yanında alnımız açıqdır…
Sonda: Ədalət müəllimə və onun dostlarına üzrxahlığımı bildirirəm ki, yuyulmamış çömçə kimi həmişə ortalıqda görünən Etibarın şantajlarını təkzib etmək üçün məsələyə ətraflı aydınlıq gətirməli oldum…
Asif Mərzili
P.S. Təkrar biliyin anasıdır, Sokrat deyir: «Əgər eşşək mənə şıllaq atıbsa, mən onu məhkəməyə verməliydim?».

(Şəkildə: rektor Ədalət Muradov ona xidmət göstərən Etibar Əliyevə mükafat verir… Ey gidi dünya, fakt əlahəzrət nə mötəbər imiş)

araz.az xəbər portalı.