V.İ.Leninin S.Şaumyana məktubu
6 dekabr 1913
Əziz Yoldaş,
Noyabrın 15inə olan məktubunuz məni sevindirdi. Yəqin ki, mənim vəziyyətimdəki biri Rusiyadakı yoldaşların fikirlərini, xüsusilə də mövzu haqqında fikirləşib əziyyət çəkən şəxslərin fikirlərini necə dəyərləndirdiyimi bilirsiniz. Buna görə də sizin erkən cavabınızı görməyə sevindim. İnsan özünü belə məktublar alanda yalnız hiss etmir. Nə isə, bu qədər poeziya bəsdir, keçək işə.
1. Siz Rusiyada bir dövlət dilinin tərəfdarısınız. Deyirsiniz ki, “vacibdir, böyük proqressiv əhəmiyyət daşıyır”. Mən razı deyiləm. Bu haqda Pravdada çox öncələr yazmışam və indiyəcən etiraz edən kimsə olmayıb. Ən azından sizin arqumentiniz məni qane etmir. Rus dili əlbəttə cahil və geridə qalmış millətlər üçün proqressiv əhəmiyyət daşıyıb. Amma siz bunu da anlamalısınız ki, məcburiyyət olmasaydı daha böyük proqress olardı. Onsuz da “dövlət dili” insanları Rus dilindən uzaqlaşdıran amil deyilmi? Niyə milli sualdakı bu psixologiyanı anlamayaq? Əgər ən kiçik bir məcburiyyət tətbiq edilərsə mərkəzləşmənin, böyük dövlətin və təkformalı dilin proqressiv əhəmiyyəti üçün problem olmaz mı? Lakin iqtisadiyyat hələ də psixologiyadan daha önəmlidir: Rusiyada artıq kapitalist iqtisadiyyat var və bu da Rus dilini vacib qılır. Lakin sizin iqtisadiyyatın gücünə inamınız yoxdur və bunu çürümüş polis dövlətinin dağıntıları üzərində yenidən ucaltmaq istəyirsiniz. Siz görmürsünüz ki, bu yolla iqtisadiyyata badalaq vurursunuz və onun inkişafını zəiflədirsiniz? Polis rejiminin çökməsi Rus dilinin könüllü inkişafına və yayılmasına onsuz da 10 dəfələrlə çox kömək edəcəkdir. Xeyr, mən sizdən tamamilə fərqli düşünürəm və sizi Königlich-preussischer Sozialismus (Prussiya krallığı sosializmi) ilə ittiham edirəm!
2. Siz muxtariyyətə qarşısınız və sadəcə regional özünüidarənin tərəfindəsiniz. Xeyr, mən tamamilə qarşı çıxıram. Engelsin yerli azadlıqları şübhə altına almayan mərkəzləşmə izahatını xatırlayın. Niyə Polşa muxtariyyət alsın amma Qafqazlar, Cənub və yaxud Ural almasın? Biz açıq-aydın demokratik mərkəzçiliyin tərəfdarıyıq. Biz federasiyaya qarşıyıq. Biz Girondistlərə qarşı Yakobinçiyik. Amma bütün Rusiyada muxtariyyətdən qorxmaq – bu sadəcə gülüncdür! Bu irticaçılıqdır! Mənə elə bir nümunə göstərin ki, muxtariyyət zərərli olub. Edə bilməzsiniz. Amma Rusiyada (və Prussiyada), bu cılız düşüncə – təkcə yerli özünüidarə – çürümüş polis rejiminə xidmət edir.
3. “Öz müqəddəratını təyin etmək haqqı təkcə ayrılıb dövlət qurmağa yox, federal birliyə, muxtariyyət mənasına da gəlir” yazırsınız. Mən tamamilə qarşıyam. Bu federasiya mənasına gəlmir. Federasiya bərabərlərin birliyidir, ortaq razılıq tələb edən assosiasiyadır. Necə olur ki, bir tərəfin dediyini o biri tərəf qəbul etməlidir? Bu ki, absurddur. Biz federasiyaya prinsipdə qarşıyıq, bu iqtisadi əlaqələri zəiflədir, tək dövlət üçün uyğun deyil.
Ayrılmaq istəyirsiniz? Lap əla, cəhənnəmə ayrılın, görün iqtisadi əlaqələri qıra bilirsinizmi? Yaxud “zülm” və “birgəyaşayış”ın gətirdiyi sürtünmələr iqtisadi əlaqələri necə “korladığını” görün.
Ayrılmaq istəmirsiniz? Bu halda, məni bağışlayın amma siz mənim yerimə qərar vermirsiniz. Düşünməyin ki, sizin federasiyaya “haqqınız” var.
“Muxtariyyət haqqı?” Yenə də səhv. Biz hamı üçün muxtariyyətin tərəfdarıyıq, ayrılma haqqının tərəfdarıyıq (hamının yox!). Muxtariyyət bizim demokratik dövləti qurmaq üçün planımızda var. Ayrılmaq isə yoxdur. Biz seperatizmi dəstəkləmirik, qarşıyıq. Amma biz irticaçı Böyük Rusiya millətçiliyi rejiminə qarşı seperatizmi dəstəkləyirik. O, milli birgəyaşayış ideyasını elə çirkləndir ki, seperatizm edib ayrılan xalqlarla sonradan daha yaxşı əlaqələr qurmaq olar.
Öz müqəddəratını təyin haqqı bizim mərkəziyyətçi prinsiplərə istisnadır. Bu istisna Böyük Rusiya millətçiliyinə baxanda xüsusilə önəmlidir və bunu inkar etmək opportunizmdir (Roza Lüksemburq məsələsindəki kimi), bu Böyük Rusiya millətçiliyinin əlinə oynamaqdır. Amma istisnaları elə də geniş yozmaq da lazım deyil, ayrılmaq haqqından başqa heç bir mənaya gəlmir.
Bu haqda hazırda Просвещение jurnalında yazıram. Xahiş edirəm bu məqalələri bitirəndən sonra mənə yazmağı unutmayın (3 sayda çıxacaq). Başqa şeylər də göndərəcəm. Qətnamənin keçməsi əsasən mənim sayəmdə oldu. Bu yay milli məsələlər haqda [İsveçrədə] bir neçə mühazirə dedim və bir az bu haqda öyrəndim. Buna görə də, mən birliyin tərəfdarıyam və əlbəttə mili məsələləri daha dərindən öyrənmiş yoldaşlardan ich lasse mich belehren [məsləhətlərə açığam].
4. Deməli, siz proqramın dəyişdirilməsinə qarşısınız, milli proqrama qarşısınız. Mən yenə etiraz edirəm. Siz sözlərdən qorxursunuz. İmkan verməyin sözlər sizi qorxutsun. Hamı proqramı bir yolla dəyişir, orğun, bir az pis hala gətirir. Lakin biz proqramın ruhunu qorumaqda israrlıyıq, demokratik ruhda israrlıyıq, Marksist (anti-Avstriya) ruhda israrlıyıq. Bu olmalıdır. Qoy opportunist (Bundist, likvidator, Narodnik) murdarlar danışsın, qoy onlara, verdikləri suallara qarşı tam cavablar verək öz qətnaməmizdə. Qoy yoxlasınlar. Xeyr, biz opportunistlərə “yol açmırıq”, biz onları hər nöqtədə məğlub etmişik.
Sizin V.İ.
Tərcümə: Cavid Ağa
araz.az xəbər portalı.