Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın “Hitlerin Antarktidada gizli bazası: Müəmmalar davam edir”yazısının birinci hissəsini oxucularına təqdim edir:
Son illərdə dünya mətbuatında bir-birinin ardınca Antarktidada Hitler Almaniyasının gizli bazası olması barədə müxtəlif materiallar getməkdədir. Təbii ki, bu da əsassız deyil. Hazırda Antarktidada baş verən və olduqca müəmmalı hesab edilən hadisələrin elmi cəhətdən izah oluna bilməməsi araşdırmaçıları geriyə – Hitler Almaniyasının vaxtilə Antarktidada apardığı tədqiqatlara nəzər salmağa məcbur edir. İş orasındadır ki, hələ I Dünya müharibəsi illərində Almaniyanın məğlub olacağını anlayan feldfebel Adolf Hitlerin ağlına haradansa düşmənə qalib gəlmək üçün mistik güclərdən istifadə etmək ideyası gəlmişdi. Onun bu ideyası qısa müddətdə bütün almanlar arasında geniş yayıldı. Bunun da səbəbləri var idi. Belə ki, Almaniya
I Dünya müharibəsində məğlubiyyətinin revanşını almaq arzusu ilə alışıb-yanırdı. Bunun üçün isə almanlar mistik qüvvələrin yardımı ilə məğlubedilməz bir gücə malik olmaq arzusunda idilər. Bu işə Almaniyanın tanınmış elm xadimləri də cəlb edilmişdilər.
I Dünya savaşının başa çatmasından cəmi 1 il sonra – 1919-cu ildə Almaniyada gizli elmi-tədqiqat mərkəzləri yaradılmağa başlandı. Elə həmin ildə də gizli “Loja Sveta” (Kosmik Həyat Enerjisi) adlı qurum yaradıldı. 1933-cü ildə isə ölkənin ali dairələrinin daxil olduğu və XV-XVI əsr cəngavər ordenlərini xatırladan “Əcdadların irsi” adlı mistik orden təsis edildi. 1939-cu ildə Himmlerin təşəbbüsü ilə adıçəkilən qurum SS strukturları çərçivəsində baş elmi tədqiqat mərkəzinə çevrildi. Ölkədə bu sahədə fəaliyyət göstərən digər analoji qurumlar da mərkəzin tabeçiliyinə verildi. Mərkəzdə qədim mifologiyalar və onlarda adı çəklən sehrli aparatlarla bağlı məlumatlar diqqətlə öyrənilir və onun əsasında ildırım sürətilə uçan yeni təyyarələrin yaradılması üzərində iş aparılırdı. Eyni zamanda bu tədqiqatlarda mifologiyada daha çox vurğulanan baxışlarla fikrin ötürülməsi, uzaq məsafələrdən beyin vasitəsilə göndərilən siqnalların tutulması, fikrin portasiyası sınaqdan çıxarılırdı. Bu məqsədlə təcrübəli mediumlar, parapsixoloqlar, ekstrasenslər elmi işlərə cəlb edilmişdilər. Təcrübələr zamanı müxtəlif xalqların mifologiyasında əksini tapan sirli uçan obyektlərlə bağlı rəvayətlərin doğru olub-olmaması və onların uçuş mexanizmi diqqətlə nəzərdən keçirilirdi. Əldə edilən ən kiçik məlumat dərhal xüsusi elmi-tədqiqat mərkəzində yoxlanılır və onun əsasında qeyri-adi uçuş aparatları yaradılmağa cəhd edilirdi. Tədqiqatların digər hissəsi vaxt maşınının yaradılmasına və onunla tarixin dərinliklərinə gedərək qədim sivilizasiyalar haqqında məlumat almağa həsr olunurdu. Həmin dövrdə nasistləri daha çox Atlantidada atlantların kosmik məkanda səyahətə çıxdıqları nəlbəkini xatırladan hava gəmiləri, həmçinin dənizin dərinliklərinə quş kimi baş vuraraq sürətlə bir an içində minlərlə kilometr uzaqlarda peyda olan diskvari gəmilər daha çox maraqlandırırdı. Yeri gəlmişkən, onu da deyək ki, faşist arxivlərində bununla bağlı çoxlu sayda çertyojlar tapılıb. Bu çertyojlarda texnomagik avadanlıqlar əksini tapıb. Atlantida əfsanələri əsasında yeni uçan aparatların hazırlanması ilə tanınmış fizik və V. O. Şuma məşğul olurdu. Sonralar şahidlərin dediklərinə görə, Şuma mifologiyada deyilənlərə əsasən Atlantidada istifadə edilən elektrodinamik maşınların hazırlanmasına nail olmuşdu. Bu maşınlarda olduqca yüksək sürətlə dövr edən mexanizm qurulmuşdu. Yüksək sürət onlara zamanı qabaqlamağa və havada bır andaca buxar kimi yoxa çıxmağa imkan verirdi. Yalnız üstündən illər ötəndən sonra alimlər müəyyən etdilər ki, sürətlə fırlanan aparatlar qravitasiya sahəsini dəyişir. Arxiv materiallarına əsasən müəyyən edilib ki, almanlar uçan bu yeni aparatı sınaqdan çıxarmaq üçün Münxen ətrafına aparıblar. Auqsburqdakı mərkəzdə isə aparatın daha da təkmlləşdiriliməsi üzərində iş davam etdirilib. Nəticədə uçan diskləri xatırladan ilk hava gəmilərini əldə etmək mümkün olub. Uçan disklərin daha təkmilləşdirilmiş nümunələrinə “Haunebu” adı verildi. “Haunebu”nun ilk nümunələrində qədim hind yazılı abidələrdəki uçan gəmilərin texnologiyası tətbiq edilmişdi. Mühərrik isə tanınmış alim Viktor Şauberger tərəfindən hazırlanmışdı. Ona obrazlı şəkildə “Əbədi mühərrik” adı vermişdilər. Bütün bunlardan ruhlanan alman alimləri daha mükəmməl uçan obyektlər üzərində işləməyə başladılar. Aparatların idarə edilməsi, demək olar ki, mümkün deyildi. Bu isə əlavə problemlər ortaya çıxarırdı. Bunu sonralar ələ keçirilən xüsusi gizli arxiv sənədləri də sübut edir. “Qara Günəş” adlı cəmiyyət nəzdindəki “IV SS” Konstruktor Təcrübə Mərkəzində “Haunebu-2” adlı uçan disk hazırlanmışdı. “Alman uçan nəlbəkiləri” adlı kitabında O. Berqman adıçəkilən uçan diskin bəzi texniki göstəricilərini verib. Onun yazdığına görə, uçan diskin diametri 26,3 metr idi. Onda diametri 23,1 metr olan “Tule-taxionator-70” mühərrikindən istifadə edilmişdi. Aparatı impuls generatoru idarə edirdi, sürəti isə saatda 6000 kilometrə çatırdı. Aparat 55 saat havada hərəkət edə bilirdi. Onun ekipajı 9 nəfərdən ibarət idi və əlavə 11 sərnişin götürmək imkanı var idi. Bu aparatın kütləvi şəkildə istehsalına 1943-44-cü illərdə başlanması nəzərdə tutulmuşdu. Amma onun da sonrakı taleyi naməlum olaraq qalmaqdadır. Çünki həmin dövrdə almanlar cəbhədə bir-birinin ardınca məğlubiyyətlərə uğrayırdılar. Ona görə də uçan aparatın istehsalını reallaşdırmaq mümkün olmadı. Amerikalı tədqiqatçı Vladimir Terziyskinin verdiyi məlumata inansaq, bu aparat əsasında “Haunebu-3” uçan diski hazırlanmışdı. O havadan düşmənin dəniz eskadrilyasını məhv etmək üçün nəzərdə tutulmuşdu. Uçan diskin diametri 76 metr, hündürlüyü isə 30 metr idi. Onda silahdan istifadəni nəzərdə tutan 4 qüllə vardı. Terziyski iddia edir ki, “Haunebu-3” 1945-ci il mart ayında havaya qalxaraq Yer kürəsi ətrafında bir dövrə vurub. Bundan sonra o, Yaponiyadakı hava limanlarından birində yerə enib. Gəminin mühərrikinin hərəkətə gətirilməsində qravitasiya enerjisindən istifadə edilirdi.
Yeri gəlmişkən, onu da deyək ki, almanların uçan diskvari aparatlar üzərində tədqiqatlar aparmasını və bununla bağlı bir neçə hava gəmisi istehsal etdiklərini avstraliyalılar tərəfindən qənimət kimi ələ keçirilən sənədli alman filmləri də sübut edir. Bu sənədli filmdə uçan “Fau-7” diski aydın şəkildə təsvir olunub. Yenə də alman gizli arxivlərindən ələ keçirilən sənədlərə əsasən, Hitlerin 1943-cü ildə uçan aparatları və pilotlu raketləri idarə etmək üçün 250 nəfərdən ibarət dəstə yaradılması barədə sərəncam imzaladığı məlum olub. Uçan diskvari aparatların hərəkətə gətirilməsində istifadə edilən qravitasiya mühərriklərinə gəlincə, bunda da qeyri- adi heç nə yoxdur. Belə ki, günümüzdə alternativ enerji mənbələrinin alınması üzərində işləyən alimlərə qravitasiya enerjisini elektrik enerjisinə çevirən Hans Koler konvertoru məlumdur. Əldə olan məlumatlara görə, almanlar 1942-1945-ci illərdə “Simens” və “AEQ” zavodlarında istehsal edilən “Tule” və “Andromeda” taxionatorlarında (elektromaqnit qravitasiya mühərrikləri) konvertorlardan istifadə ediblər. Konvertorlar elektrik mənbəyi kimi yalnız uçan disklərdə deyil, həm də sualtı gəmilərdə və yeraltı hərbi bazalarda da istifadə edilib.
Həmin dövrdə Antarktida da faşist Almaniyasının əsas diqqət mərkəzində idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu sirli qitə maqnit kimi alman tədqiqatçılarının diqqətini özünə cəlb etmişdi. |
Ötən əsrin 30-cu illərindən başlayaraq, almanların qədim sivilizasiya mərkəzlərinə, o cümlədən Tibetə, Hindistana, Cənubi Amerika və Antarktidaya xüsusi tədqiqat qrupları göndərməsi və müxtəlif xalqların mifologiyasını diqqətlə təhqiq etməsi, başda ABŞ və SSRİ olmaqla, digər Qərb ölkələrində istehza ilə qarşılanır və bu, Hitlerin macəra axtarması kimi dəyərləndirilirdi. Çünki elmi metafizik əsaslar üzərində inkişaf etdirmək və hansısa qədim mifologiyada söylənilənlərə inanmaq, bunun əsasında nə isə icad etmək cəhdləri Avropada az qala dəlilik kimi qəbul edilirdi. Bütün bunlar alman alimlərə də məlum idi. Ancaq onlar bu məsələyə daha ayıq başla yanaşır və vaxtilə ulduzlara, planetlərarası səyahəti yerinə yetirən hava gəmilərinə malik olan qədim sivilizasiyalar barədə mifologiyada deyilənlərin əsassız olmadığını dərindən anlayırdılar. Bundan əlavə, alman tədqiqatçılar insanın baxışları ilə əşyaları hərəkət etdirə bilməsi, fikirlərini uzaq məsafələrə asanlıqla ötürməsi və az qala şarlatanlıq kimi qəbul edilən magik güclərin varlığına inanırdılar. Qeyd edək ki, almanların bu məsələlərdə nə qədər doğru yolda olduqlarını ötən əsrin 60-cı illərində Qərb tədqiqatçıları da anlamağa başladılar. Bu baxımdan almanların xüsusilə uzaq və soyuq Antarktidanı diqqət mərkəzində saxlamalarını təsadüfi hesab etmək olmazdı. Üstəlik, öz hesablarını olduqca yaxşı bilən, heç vaxt boş-boşuna pul xərcləməyən və vaxtlarını mənasız işlərə sərf etməyən almanların Antarktidada araşdırma aparması və bu iş üçün milyardlar xərcləməsi bütün hallarda onların burada hansısa sirrin izinə düşdüklərini ehtimal etməyə əsas verir. Ümumiyyətlə, Antarktida kəşf ediləndən sonra bu qitə barədə çoxlu sayda açılmamış sirlər ortaya çıxmağa başladı. Bunlardan biri də Antarktidanın kəşfindən əsrlər öncə onun qədim xəritələrdə olduqca dəqiq təsvir olunması idi. Belə xəritələrdən biri orta əsrlərin məşhur Osmanlı dəniz qüvvələri komandanı admiral Piri Rəis tərəfindən 1513-cü ildə tərtib edilmişdi. Bu xəritəni 1929-cu ildə təsadüfən arxivlərdən birində aşkar etdilər. Analoji xəritələrin biri 1532-ci ildə məşhur fransız coğrafiyaşünası Orontsius Fineus, digəri isə Filkip Buaşe tərəfindən 1737-ci ildə tərtib edilmişdi. Bütün bu xəritələrdə Antarktida olduqca dəqiq və buz olmayan ərazi kimi göstərilmişdi. Bundan əlavə, Buaşenin xəritəsində qitəni iki yerə ayıran boğaz da aydın şəkildə əksini tapıb. Bu xəritələri yoxlayarkən onların nəinki adıçəkilən dövrlərdə tərtib edildiyi, hətta XX əsrdə müasir elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilərək tərtib edilən xəritələrdən daha dəqiq hazırlandığı üzə çıxdı. Onların arasında Piri Rəisin xəritəsi daha dəqiq və ən mükəmməli idi. Yəni burada hansısa uydurmadan söhbət belə gedə bilməzdi. Tədqiqatçıların fikrincə, adları çəkilən xəritələr özündən min illər əvvəlki xəritələr əsasında hazırlanıb. Bu da onu göstərir ki, bu xəritələr hazırlanan zamanda, yəni daha qədim dövrlərdə Antarktida hələ başdan-ayağa buzla örtülməmişdi. Bundan sonra onun qədim Atlantida olması barədə müxtəlif ehtimallar gündəmə gəldi. Belə ki, Platon tərəfindən ərazisi dəqiq verilən Atlantidanın ölçiləri Antarktidanın ölçülərinə, demək olar ki, uyğun gəlir. Şübhəsiz ki, mifologiyalarda deyilənlərin müəyyən qədər həqiqət olmasını qəbul edən almanlar Antarktidada məhz Atlantidanın izini axtarıblar. Antarktidada tədqiqat aparmaq üçün seçdikləri ərazini Yeni Şvabiya adlandıran almanlar az sonra burada işlərini daha da genişləndirdilər. Antarktidaya ekspedisiyadan qayıdan tədqiqat qrupunun rəhbəri Ritşer 1939-cu il aprel ayının 12-də bununla əlaqədar Hitlerə şəxsən təqdim etdiyi hesabatında yazmışdı: “Görinqin hava “as”ları (təyyarələri) öz işlərini uğurla yerinə yetirdilər. İndi növbə dəniz canavarlarının, sualtı gəmilərin komandanı admiral Karl Denitsindir”. Denits dərhal fürerin əmri ilə Antarktida sahillərinə sualtı gəmilərdən ibarət xüsusi dəstə göndərdi. Bunu sonralar tanınmış tarixçi və yazıçı M. Demidenkonun yazdıqları da sübut edir. O yazır ki, “SS” gizli arxivlərini araşdırarkən Denitsin Antarktida sahillərinə gizli şəkildə sualtı gəmilər göndərməsi barədə sənədlər aşkar edib: “Həmin sənədlərdə alman sualti gəmilərinin yan aldığı Koroleva Mod ( Yeni Şvabiya) adlı ərazidə isti havalarla bir-biri ilə bağlanan çoxlu sayda mağaraların olması barədə məlumatlar vardı”. Bununla əlaqədar məlumatlar Dentisin də fürerə hesabatında əksini tapmışdı. Denits özü də bilmədən təsadüfən bir çoxlarının yanında bu sirri ağzından qaçırmışdı. Əziz Mustafa/Arazinfo |
araz.az xəbər portalı.