Ermənistan uydurma “Böyük Ermənistan” xülyasından və Azərbaycana olan düşmənçilik niyyətlərindən əl çəkməyərək 27 Sentyabr tarixində növbəti dəfə təxribatlara əl atdı. Düşmən bütün cəbhə boyu iriçaplı silahlardan mövqelərimizi, mülki əhalini atəşə tutmağa başladı.
Bu təxribatlara cavab olaraq Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları ilə 44 gün davam edən, Vətən Müharibəsi adlanan bu savaşda Ali Baş Komandanın qətiyyətli iradəsi , ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfər qazandı. Bununla da bütün insani dəyərləri tapdalayan, dünyəvi dəyərlərdən və insan hüquqlarından qopmuş, Xocalı soyqırımının əliqanlı qatili və terrorist dövləti Ermənistan Azərbaycan xalqının öz lideri ətrafında “Dəmir yumruq” kimi birləşərək vurduğu zərbə ilə yerə yıxıldı. “Yenilməz Ermənistan” mifologiyası dağıldı və Ermənistan dövlətimizin gücü, xalqımızın birliyi qarşısında diz çökdü. Eyni zamanda Azərbaycanın inam və cəsarətlə apardığı döyüşlər 44 gündə Ermənistana məğlubiyyəti qəbul etdirərək bütün dünyaya “Dəmir yumruğun” gücünü göstərdi. 44 günlük Vətən müharibəsinin hər günü zəfər, hər günü bir qalibiyyət səlnaməsi idi. Bizi zəfərə aparan yol güclü, siyasi iradəli, dəmir yumruqlu sərkərdə və Azərbaycanda yaşayan xalqların bir olması idi. 44 günlük müharibə Azərbaycan xalqının qüdrətini, sarsılmaz iradəsini, birliyini nümayiş etdirdi. 44 günlük müharibənin nəticələri Azərbaycanın bütün dünyada nüfuzunu və hörmətini xeyli artırdı. Bu, ölkənin ərazi bütövlüyünü bərpa etdiyi müasir tarixdə görülməmiş bir hadisədir.
Dünyada bir çox dövlət işğal altındakı torpaqlarının azad edilməsi üçün Azərbaycanın haqq işini dəstəkləyib. ATƏT-in minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf ediblər. Təəsüflər olsun ki, həmsədr ölkələr öz fəaliyyətləri dövründə hüquq və ədalət ifadələrini sadəcə sözdə dilə gətirməklə kifayətləndilər. 30 il müddətində dəfələrlə müşahidə olundu ki, beynəlxalq hüququn və ədalətin bərqərar olunması həmsədr ölkələr üçün elə də önəmli deyil. Ümumiyyətlə, beynəlxalq hüquq Azərbaycanın tərəfində olub. Azərbaycan 30 il kağız üzərində qalan BMT-nin 4 qətnaməsini birbaşa özü yerinə yetirərək həm də beyynəlxalq hüququ bərpa etdi.
Müharibənin nəticələrindən danışarkən canları bahasına Azərbaycan torpaqlarını işğalçıdan azad edən, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazan igid oğullarımızın qəhrəmanlığını və şücaətini qeyd etmək borcumuzdur.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Müharibə dövründə hər gün Azərbaycan xalqına xoş xəbərləri çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də şəhidlər xiyabanından xalqımıza müraciətində qədim Azərbaycan şəhəri olan Şuşanın işğaldan azad edildiyi xəbərini çatdırdı. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş, region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsinə, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəssiz töhvədir.
30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edilməsi ümidilə yaşayır, bütün arzularımızı bu ümidlə qururduq. Artıq bir ildir ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük vətən müharibəsi zamanı şücaəti və qəhrəmanlıqla bütün Azərbaycan xalqının arzularını çin etdi. Azərbaycan xalqı bizə zəfər bəxş edən vətən müharibəsini, onun canından-qanından keçən qəhrəmanlarını illər keçsə də unutmayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz həsrətində olduğumuz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Biz bu qələbəyə görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar qarış-qarış işğaldan azad etdikləri torpaqlarımızda bayrağımızı dalğalandırdılar. Bu bütün azərbaycanlıların qələbəsidir, bundan böyük xoşbəxtlik ola bilməz. Sonda qeyd etmək istəyirəm ki, 44 günlük vətən müharibəsi bizim şanlı tariximizdir və bu tarix əbədi yaşayacaq!
Zahid CƏFƏROV,
Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, Hüquq üzrə elmlər doktoru, YAP Yasamal rayon təşkilatının “Z.Xəlilov 23 (BDU)” ərazi partiya təşkilatının sədri.
araz.az xəbər portalı.