Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 Noyabr — Zəfər Günü ilə bağlı, Azərbaycan xalqını təbrik edib.
Partiyanın mətbuat xidmətindən araz.az-a daxil olan həmin təbrikdə deyilir:“Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı haqq savaşında inanılmaz uğurlar əldə etdi, cəmi 44 günə mümkünsüzü mümkün etdi! Haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu bütün dünyaya sübut etdik.
Düşmənin 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası, Şuşa uğrunda aparılan savaşlar dünya hərb tarixində xüsusi yer tutmağa layiqdir. Özəlliklə Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Azərbaycanın milli qüruru, istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa Vətəndir” həqiqətini dünyaya bir daha sübut etdi. Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bu günkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!
Bütün böyük hərbi qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə baxmayaraq, bütövləşdi. Və nəticədə, Ermənistanın hərbi kaputilyasiyasına nail olduq!
Haqq savaşında qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti:
-itirilmiş qədim torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi;.
– Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi;
– Ölkədə möhtəşəm birliyə nail olundu;
– Dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etdi;.
– Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratdı;.
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Azərbaycan xalqı Böyük Qayıdış ərəfəsindədir. Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektiv xalqımızın, xüsusilə kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həmvətənlərimizin tarixi torpaqlarımiza İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini gücləndirəcəkdir.
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün, Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoydu!
Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər bayramımız mübarək olsun!
Yaşasın Azərbaycan!”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.